21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü

Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü

Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

1991-ci il sentyabrın 3-də Ulu Öndər  Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açdı. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib.

1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. İnsan hüquq və azadlıqlarının qorunması ilə davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı. Bütün insan hüquqları, o cümlədən söz, mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda köklü irəliləyiş əldə olundu. Bütün bunlar Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında təsbit edildi.

Ulu Öndərin rəhbərliyi ilə başlanan islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün sahələri dünya standartlarına uyğunlaşdırıldı. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Zərdab Gənclər evi Sosial Xidmət Müəssisəsinin metodisti – Mecidli Cəlal

 

 

Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər.

1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi. Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar Respublikanın Ali Sovetinin deputatı seçildi. Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. Muxtar respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümummilli Liderin iradəsi ilə Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi.

Tarixin təlatümlü anlarında bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması, eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları qeyd edildi. Məhz 1991-ci ildə tarixin keşməkeşli dövründə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30-da müstəqilliyin elan edilməsi ilə bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi.

Bu gün Azərbaycanın müstəqilliyini bərpa etmiş ölkə olduğunu diqqətə çatdıran Adil Əliyev deyib: “İlk dəfə 1918-ci ildə müstəqillik əldə etmiş, daha sonra isə 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə bu müstəqilliyimiz bərpa edildi. Tarix bizə onu göstərdi ki, məhz 1991-ci ildə qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir, bununla da ölkəmiz müstəqilliyini bərpa etmiş oldu.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik haqqında Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.

Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Məhz siyasi ambisiyalarını dövlətdən, Konstitusiya Aktından, müstəqillikdən üstün tutan bəzi qüvvələr hakimiyyətdə qalmaq üçün bütün yollara əl atırdılar.

Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı”.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru – Vəfa Bayramova

 

 

Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu.

Azərbaycanın dövlət müstəqilliyi yolunda konstitusion müstəvidə ilk taleyüklü sınağı 1991-ci il martın 17-də keçirilən və SSRİ-nin saxlanmasına münasibəti öyrənən referendum ola bilərdi. Prezident Ayaz Mütəllibovun komandası isə “bəlkə də qaytardılar” arzusu ilə hələ də sovet rejimində yaşamaq yolunu tutmuşdu.

Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə etirazını bildirdi və 1991-ci il iyulun 19-da Kommunist Partiyası sıralarını tərk edərək Azərbaycanın rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırdı. Lakin respublikanın rəhbərliyi nəinki bu çağırışları eşitmədi, üstəlik, 1991-ci ilin 19-21 avqust hadisələrində irticaçı “QKÇP” qiyamını dəstəklədi. “QKÇP”nin Moskvada iflasından sonra əksər müttəfiq respublikalar dövlət müstəqilliyi barədə müvafiq konstitusion aktlar qəbul etdilər. Dünya birliyi SSRİ-nin yerində meydana gələn yeni müstəqil dövlətləri (ilk olaraq Baltikyanı respublikaları) sırasına qatmağa başlamışdı. Azərbaycanın o vaxtkı rəhbərliyi isə siyasi astagəlliyinə sadiq idi.

Əvəzində Azərbaycan xalqı imperiyanın bərpası cəhdlərinə qəti etirazını nümayiş etdirdi. Respublikanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mitinqlər başlandı. 1991-ci il avqustun 26-da Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Mütəllibov iqtidarı xalqın əzmi qarşısında geri çəkilməli oldu.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktı layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin bu proses iki aya yaxın sürdü. Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Ukrayna, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyini rəsmiləşdirmişdi. Ali Sovetin növbədənkənar sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəlsə də, respublika rəhbərliyi buna qarşı çıxdı və parlament “Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərarla kifayətləndi. Qərarın icrası isə kağız üzərində qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağdakı separatçılıq hərəkatı isə genişlənirdi.Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin tozanağında faktiki görünməz olmuşdu.

Sentyabrın 2-də separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş “Xalq Deputatları Soveti” adından qondarma “Dağlıq Qarabağ Erməni Respublikası”nın yaradılması barədə “qərar” qəbul edəndə Bakıda “Azadlıq” meydanında Xalq Cəbhəsinin mitinqi gedirdi. Cəbhə Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi…

Zərdab rayon Həsən bəy Zərdabi  muzeyinin əməkdaşı – Gülbəniz Əhmədova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın