Qardaşlıq jesti
Qardaşlıq jesti.
Bu gün iki qardaş ölkənin əlaqələr bütün sahələrdə uğura inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin sentyabrın 25-də Naxçıvanda görüşü, imzalanan sənədlər, müzakirə olunan məsələlər, mətbuata bəyanatlarında səsləndirdikləri çağırışlar iki dost ölkənin münasibətlərinin dünəninə, bu gününə və sabahına bir daha işıq saldı. Türkiyə Prezidenti Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda olmaqdan böyük məmnunluq duyduğunu bildirdi. Naxçıvanın bu gününü 2008-ci ildə səfəri zamanı gördükləri ilə müqayisə edərək bildirdi ki, əldə olunan inkişafı qürurla müşahidə etdi. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad etdi. «Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir» söyləyən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk.
Türkiyə Prezidentinin dövlət başçısı cənab İlham Əliyevə müraciətlərində «qardaşım» ifadəsinə xüsusi önəm verməsi səmimiyyətin göstəricisi olmaqla yanaşı, iki dost ölkənin əlaqələrinin yüksələn xətlə inkişafında liderlərin şəxsi münasibətlərinin əhəmiyyətli rol oynadığını təsdiqləyir. «İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir» çağırışı Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Zəfərimizdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu açıqlayır. Naxçıvan səfəri mühüm məqamlarla yadda qaldı. Prezidentlərin iştirakı ilə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirildi. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq. Türkiyə ilə Azərbaycan qardaşlığı əsrlərin sınağından çıxaraq daha da möhkəmlənir, türk dünyasının birlik və həmrəyliyində əhəmiyyətli rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın 44 günlük İkinci Qarabağ müharibəsinin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» söyləməsi xalqımıza siyasi, mənəvi dəstək oldu. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Müharibənin başlandığı andan xarici mətbuata çoxsaylı müsahibələrində dövlət başçısı İlham Əliyev Qələbəmizə böyük əminliyini ifadə edərək, Azərbaycanın gələcəyə hansı hədəflərlə getdiyini açıqladı. Təbii ki, bu inam, ölkəmizin malik olduğu imkanlara, ordumuzun gücünü, Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğuna əsaslanırdı. Azərbaycan 44 gündə tarixi Zəfərə imza atmaqla dünya hərb tarixinə yeni səhifə yazdı. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində bu mühüm məqam xüsusi yer tutur ki, qardaş Türkiyə 44 gündə Azərbaycanı tək qoymadı, eyni zamanda, tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş miqyas almasında bu birlik öz sözünü dedi. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov
Şuşa Bəyannaməsi
Tarixi Zəfərimizdən sonra 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» bütün sahələri əhatə edən həmrəylik sənədi kimi tarixə yazıldı. Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə iki qardaş xalq arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq müasir dövrün tələblərinə uyğun zənginləşdirildi. Bir əsrlik tarixi olan Qars müqaviləsi təzələndi. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını, Şərqdən Qərbə uzanan, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında hər iki qardaş ölkə israrlıdır. Dövlət başçısı cənab İlham Əliyev Naxçıvan səfəri çərçivəsində mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq: «Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti – vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik – bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.»
Azərbaycan və Türkiyənin birgə siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirir. Sözügedən səfər çərçivəsində bu dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Cənab İlham Əliyev diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Bütün bu tarixi layihələr bir daha onu göstərir ki, dövlətlərimiz nə qədər bir-birinə bağlıdır: «Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.»
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Qasımov
Qələbə tariximizin parlaq səhifəsi.
Azərbaycan və Türkiyə hər zaman dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalıblar. Bu fakt dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycana qarşı əsassız torpaq iddiası irəli sürən ermənilər qardaş Türkiyəyə qarşı qondarma «erməni soyqırımı» məsələsini qabardır, yalanları, ən əsası himayədarlarının dəstəyi ilə həqiqətləri ört-basdır etməyə səy göstərirlər. Təəssüf doğuran hal budur ki, bəzi dünya gücləri tarixi faktları bir kənara qoyub, ədaləti maraqlarının arxasında əritməklə «erməni soyqırımı»nı nəinki tanıyıb, hətta bunu digər dövlətlərdən də tələb edirlər. Fransa kimi dünyanın güc mərkəzi, ən əsası dünyada ədalətin, beynəlxalq hüququn bərpasında öz sözünü deyən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri «erməni soyqırımı»nı tanıdı, hətta Senatda bunu tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı layihəni müzakirəyə çıxardı. Bu qondarma «erməni soyqırımı» məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasında bir təzyiq vasitəsi kimi bəhrələnir, qardaş ölkənin quruma üzv qəbul olunması üçün bu əsassız iddianı qəbul edəcəyinə hələ də ümidlər edilir. Amma reallıq göz önündədir. Rəsmi Ankara belə bir addımın mümkünsüzlüyünü hər zaman bəyan edir və dəyişməz mövqeyi göz önündədir. Azərbaycan dövləti Avropa İttifaqının Türkiyə kimi güclü, qüdrətli dövlətə ehtiyacı olduğunu əsaslı şəkildə bəyan edir. İki qardaş ölkənin bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmələri dünyanın diqqətindən kənarda qalmır. Azərbaycan və Türkiyənin bir-birlərinə qardaş dəstəyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Dövlət başçısı cənab İlham Əliyev Naxçıvanda mətbuata bəyanatında 19 sentyabrda aparılan lokal antiterror tədbirlərindən geniş bəhs edərək diqqəti Türkiyənin Azərbaycana qardaş dəstəyinə yönəltdi və bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar vermişdi: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır.
Azərbaycan və Türkiyə hər zaman ədalətin və beynəlxalq hüququn yanında olaraq bütün məsələlərin məhz bu prinsiplər çərçivəsində həll edilməsinə səy göstərirlər. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin, sülhün qarantı kimi dəyərləndirilir. Bu ölkələrin çağırışlarında hər zaman bu mühüm məqam xüsusi yer alır ki, ədalət meyarı əsas götürülməli, dünya ikili yanaşmalarına son qoymalıdır. Belə yanaşmalar ölkələrarası münasibətlərdə əsas faktor olan etimad mühitinə öz mənfi təsirini göstərir.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova
Müştərək maraqların məzmunu.
Hər iki ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələrinin coğrafiyasının genişlənməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması dövlətlər, xalqlar arasında birliyi, həmrəyliyi, dostluq körpüsünü daha da möhkəmləndirir. Hər zaman adları birgə çəkilən Azərbaycan və Türkiyə sözlərinin imzaları qədər əhəmiyyətli olduğunu, hər bir məsələdə ədalətə və beynəlxalq hüquqa önəm verdiklərini atdıqları addımları ilə dünyaya nümayiş etdirirlər. Ədalətin, beynəlxalq hüququn qorunduğu məkanda etimad mühiti də yüksək səviyyədə olacaq. Bunun üçün «Gücümüz birliyimizdədir» bəyan edən dövlət başçısı cənab İlham Əliyevin bütün türk dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Türk Şurasına sədrliyi dövründə ölkəmizin bu birliyə verdiyi töhfələr təqdirəlayiqdir. Sədrlik qardaş ölkəyə verilərkən bu inam da ifadə edildi ki, Türkiyə öz potensial imkanlarından, mövqeyindən, qüdrətindən bəhrələnərək bu birliyi daha da möhkəmləndirəcək. Bircə faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 2022-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdülər.
Elm-inkişaf-bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi «TEKNOFEST» festivalının ötən il ilk dəfə Bakıda keçirilməsi qardaş ölkə gənclərinin elmi yaradıcılıqlarının təqdimatı idi. «Dünya türkün gücünü görsün, yerini bilsin» amalı ilə səmada xarüqələr yaradan «TEKNOFEST» iştirakçılarının elmi düşüncələrinin nümunələri olan kəşfləri, cəsur pilotlarımızın səmada göstərdikləri tryuklar türk dünyasının həmrəyliyinin, gənclərinin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması, «Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» mesajı idi. Bütün dünyanın heyrətlə izlədiyi «TEKNOFEST» festivalı türk dünyası birliyinin sarsılmazlığının səmada təzahürü idi.” Bu ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyini əsirgəməyən Azərbaycanın bu il qardaş ölkədə keçirilən «TEKNOFEST» festivalı çərçivəsində zəlzələ baş verən Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoyması da türk dünyası birliyinin sarsılmazlıq nümunəsi kimi dəyərləndirildi. Təbii ki, Azərbaycan-Türkiyə qardaşlığından irəli gələn mühüm addımları xeyli sayda sadalamaq olar. Qarşılıqlı səfərlər bu əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Hər bir səfər müəyyən istiqamətlərin inkişafına xidmət edən sənədlərin imzalanması ilə yadda qalır. Daim bir yerdə olmaq, bir-birinə dəstək göstərmək etimad mühitinin göstəricisidir. Ən çətin, eyni zamanda, sevincli anlarda bir yerdə olan iki qardaş ölkə dünyaya birliyin, həmrəyliyin modelini təqdim edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Dövlət başçısı cənab İlham Əliyev Naxçıvan səfərində bu məqamı da xüsusi qeyd etdi ki, yaxın günlərdə Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Keçirilən yolun təhlili fonunda belə bir əminlik ifadə edildi ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov
Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.
Türkiyə ilə Azərbaycanı bir-birinə təkcə sərhədlər bağlamır, bu dövlətlər eyni kökdən rişələnib, ortaq dilə, ortaq mədəniyyətə, ortaq mentalitetə malik olan iki qardaş dövlətdir. Mustafa Kamal Paşa da, Heydər Əliyev də bu qardaşlığın əbədi olacağını qürurla bildirmişdi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdi. Ermənistan Azərbaycana qarşı ərazi iddiasına başlayanda Naxçıvanı da ilhaq etmək istəyirdi. Birinci Qarabağ müharibəsində Ermənistan Naxçıvanda da müharibə aparırdı, Naxçıvanda da şiddətli döyüşlər gedirdi. Ulu Öndər Heydər Əliyevin qüdrəti ilə bu döyüşlər böyümədi. Ermənistan geri çəkildi…
2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdi. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. İkinci Qarabağ müahribəsində Azərbaycanla Türkiyənin qardaşlığı dünyanı heyrətləndirdi. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başlayanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” demişdi. Bu bəyanat Azərbaycan əsgərinin döyüş əzmini kükrətmişdi. Qələbə inamını yüksəltmişdi.
Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Türkiyədə də böyük coşqu ilə yaşanıldı.Zəfərdən sonra Şuşada Türkiyə ilə Azərbaycan arasında ikitərəfli Bəyannamə imzalandı. Bu Bəyannamə hərbi əməkdaşlığın Bəyannaməsi kimi tarixləşdi. İşğaldan azad edilmiş əarzilərdə aparılan quruculuq işlərində Türkiyə də yaxından iştirak edir. Vətən müharibəsində qazanılan tarixi Zəfərlə işğala son qoyulmuşdu. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüz tam bərpa edildi, sentyabrın 20-də Azərbaycanın suverenliyi tam bərpa olundu. Türkiyə həmişə Azərbycanla nəfəs-nəfəsə oldu… Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri həm siyasi , həm iqtisadi, həm də mənəvi birliyin təntənəsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında dediyi kəlamlar – “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir”. “Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir” İki dövləti bir-birinə eyni ruhun bağladığının təsdiqi kimi dinlənildi və Azərbaycanda da, Türkiyədə də, dünyada da bir gerçəkliyin ifadəsi oldu: “Azərbaycanlı qardaşlarımız Türk millətinin ədalət və mərhəmətini bir daha bütün dünyaya göstərmişlər”. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalandı. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” bağlandı. “Azərbaycan və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalandı…
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova