22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

30 il bundan əvvəl, yəni 1993-cü ilin oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu öndər Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ulu öndər Heydər Əliyevdən imdad istədi. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.

Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, “ Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görür və dərk edirdi. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu öndərin prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir

Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Ulu öndər öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. Bu baxımdan vətəndaş cəmiyyətinin sosial-siyasi sahəsində struktur elementlərinə ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar, məktəblər, dini məbədlər, sosial qruplar, məhkəmələr, təhslil sistemi, kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları və sair aiddir. Bu sahədə sosial konfliktlərin həlli, vətəndaşların maraqları konstitusiya və qanunlar vasitəsilə qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus mühiti yaranır. Bunun üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, Qeyri Hökumət Təşkilatları yaranmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Ulu Öndər Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı.

Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: “ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. Ulu öndər Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi də önəmli məsələlərdən biri idi. Sağlam ailə sağlam nəsil,sağlam milliət deməkdir. Bu baxımdan Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunu xüsusilə qeyd etmək lazımdır. Ulu Öndər ən çətin məqamlarda da qadın məsələlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazimi köməklik göstərirdi. Hələ Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası qadın problemlərini, gender məsələlərini istənilən səviyyədə müzakirə edərək müəyyən nəticəyə gələ bilmədiyi halda, Ulu Öndərin müdrik siyasi uzaqgörənliyi Azərbaycanda bu məsələlərin mütərəqqi həllinə təkan vermişdi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir.

Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Bu gün Ümummilli Liderin ideyalarını yaşadan Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də ölkəmizdən kənarda çox mühüm işlər görür, layihələr həyata keçirir.

Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var! Topaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi prezident cənab İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ulu öndər Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər. Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi

1991-1993-cü illərdə ölkədə birincilik davası hər şeyi yaddan çıxarmışdı. Buna görə də anarxiya, xaos, özbaşınalıq, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmaların qanunsuz hərəkətləri əhalini təngə gətirmişdi. 1991-1993- cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Xalq qanı və canı bahasına əldə etdiyi müstəqilliyin məhvə doğru getdiyini hiss etdikdən sonra çıxış yolunu ulu öndər Heydər Əliyevi ölkəyə rəhbərliyinə dəvət etməkdə gördü. Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat cütlüyünün qeyri-peşəkar idarəçiliyi bir daha təsdiqlədi ki, xalqı arxasınca apara biləcək, dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac var. Bu Lider yalnız Heydər Əliyev idi. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq öz seçimini etdi: “Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider müstəqilliyini yenicə bərpa etmiş ölkəmizi böyük bəlalardan, faciələrdən xilas etdi. Ulu Öndərin qətiyyəti sayəsində ölkədə tədricən sabitlik yaradıldı. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, nizami ordu yaradılması istiqamətində qətiyyətli addımlar atıldı. Ölkəmiz iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Azərbaycanın beynəlxalq əlaqələri getdikcə möhkəmləndirildi, qlobal enerji-kommunikasiya layihələrinin reallaşdırılması ilə Vətənə sədaqətlə xidmətin əyani nümunəsi yaradıldı. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində ordu quruculuğunun inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Bu gün xalqımız, eləcə də dünya azərbaycanlıları, o cümlədən beynəlxalq ictimaiyyət bu inkişafın nümunəsinin şahidi oldular. Rəşadətli Ordumuz Ermənistanın 30 illik işğalına son qoyaraq Azərbaycan tarixinə yeni salnamə yazdı və tarixi Qələbə qazanaraq hazırda dünyanın ən güclülərindən olduğunu sübut etdi.

Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru

 

 

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır

1990-cı ilin əvvəllərində Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra kifayət qədər gərgin bir vəziyyətlə qarşılaşdı. Bir tərəfdən SSRİ-nin süquta uğraması ilə iqtisadi, siyasi, mədəni və s. münasibətlərin qırılması, digər bir tərəfdən isə yeni müstəqillik çağırışlarına tam cavab verməyən kadr potensialının mövcudluğu, ölkəmizin təbii sərvətlərindən əldə olunan maliyyə resurslarının milliləşdirilməməsi kimi proseslər Azərbaycan xalqının vəziyyətini çətinləşdirdi. Eyni zamanda Azərbaycanın ərazilərinə qonşu dövlətlər tərəfindən göz dikilməsi, eləcə də bölgədə özbaşına fəaliyyət göstərən hərbi birləşmələrin apardığı əməliyyatlar ərazilərimizin itirilməsinə və çoxmilli insanların öz dədə-baba yurdlarından didərgin düşməsinə gətirib çıxardı. Bu – Azəbaycanın müstəqilliyinin gələcək inkişafını sual altına qoyurdu. Bu məqamda haqlı olaraq qədirbilən Azərbaycan xalqı həmin ağır vəziyyətdən çıxmağın yollarını müzakirə edərək müdrik siyasətçi, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edərək onun təcrübəsinə yiyələnməyin zəruri olduğunu qeyd etdi. 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi, 15 iyun 1993-cü ildə Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Daha sonra 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə Zəfərə gedən yolun ilk pilləsi oldu.

Nümayiş olunan düzgün və ardıcıl dövlət idarəçiliyi öz nəticəsini verməyə başladı, 2003-cü ildən sonra isə Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən yeni müstəvidə inkişaf etdirildi. Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Bu gün Azərbaycan xalqı “Heydər Əliyev İli”ni böyük fəxarət, qürur hissi ilə, eyni zamanda istər döyüş meydanında, istərsə də beynəlxalq arenada əldə olunan qələbələrlə qeyd edir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın