Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır
“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”
Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı. Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı – ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.
Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Yəni Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Bütövlükdə, bu gün ölkəmiz dayanıqlı inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malikdir və Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər güclü, qüdrətli olmayıb.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
“Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.”
Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. Bundan bir qədər sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. 1993-cü il aprelin 30-da Ermənistan – Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlanıb. 9 aprel 1996-cı ildə isə Ulu öndər Heydər Əliyev Pakistana rəsmi səfər edib. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi .təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan ediblər. Ulu öndər Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən-1997-ci ilin. 10 dekabrında Tehranda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. Ulu öndər Prezidenti Heydər Əliyev Pakistan Prezidenti Pərviz Müşərrəflə 2000-ci ilin iyununda Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində, daha sonra isə 2002-ci ildə İstanbulda iqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində görüşüb.
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. Prezident cənab İlham Əliyevlə hələ 2003-cü il sentyabrın 25-də Pakistan Prezidenti Pərviz Müşərrəf arasında ilk görüş olub. 2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana 3 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq .terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb. 2005-ci il aprelin 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. 2016-cı il 1 yanvar tarixində Davosda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub. Prezident cənab İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan xalqıını haqq davası olan 44 günlük müharibə dövründə də Pakistan dövləti ciddi siyasi dəstək nümayiş etdirdi.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.”
Azərbaycan və Türkiyə bir-birinə dərin tarixi -mənəvi dəyərlər, qardaşlıq kökləri ilə bağlıdır. Hazırda ikitərəfli əlaqələr ulu öndər Heydər Əliyevin söylədiyi kimi, məhz “bir millət, iki dövlət” prinsipinəəsaslanır. Təsadüfi deyil ki, bu gün iki ölkə arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi hər iki dövlətin tərəqqisinə öz təsirini göstərmiş, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr vermiş, türk dünyasının birləşməsində həlledici rol oynamışdır. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarının qarşısının alınması məqsədilə başlayan əks-hücum əməliyyatlarında əldə olunan Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Müharibə başlayan ilk günlərdən qardaş Türkiyə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında da mühüm rol oynamışdır. İki dövlət arasında imzalanan Şuşa Bəyannaməsi münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaratmışdır. Sözügedən Bəyannamə ilə Azərbaycan və Türkiyənin ən mürəkkəb dövrlərdə belə bir-birinə dəstəyi sübut olunmuşdur. Bəyannəmədə, həmçinin iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan siyasəti öz əksini tapmışdır. Əlavə olaraq, sənəddə tərəflərin regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluq münasibətləri də qeyd edilmişdir. Azərbaycan və Türkiyə regionda və qlobal aləmdə mövcud olan münaqişələrin həllinə, təhlükəsizliyin təminatına da öz töhfələrini vermişdir.
Azərbaycan ilə Türkiyə arasındakı yüksək əlaqələr özünü təkcə siyasi sahədə deyil, digər sahələrdə də büruzə verir. Belə ki, 2020-ci il dekabrın 10-da “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandum”u imzalanmışdır. Memoranduma əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da genişləndirilmiş, bu çərçivədə xarici işlər nazirlikləri arasında mühüm informasiya mübadilələri həyata keçirilmişdir. Siyasi həmrəylik möhkəmləndikcə, qardaş ölkələrin müxtəlif platformalarda, o cümlədən bir sıra beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedə çıxışları əməkdaşlığın yeni bağlarla daha da güclənməsini şərtləndirir. Bütün bunlar iki dövlətin bir-biri ilə münasibətini əsl qardaşlıq nümunəsi kimi qiymətləndirməyə əsas verir. Azərbaycan və Türkiyə Respublikaları arasındakı əlaqələr gün keçdikcə daha çox inkişaf edəcək, iki ölkə birlikdə yeni uğurlara imza atacaqdır.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri