Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb
Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb
Tarixə nəzər salsaq oradan bizə aydın olar ki, Dağlıq Qarabağ adlı bir qurum mövcud olmamışdır. Hələ XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli Kaxetiya çarlığını, Borçalı, Qazax və Şəmşədil sultanlığı, Car-Balakəni, Gəncə xanlığını işğal etdi. Belə vəziyyətdə İran hökuməti Rusiyanın irəliləməsinin fakt olduğunu dərk edərək Sisiyanova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. İran ordusunun Azərbaycan xanlıqlarına hücumu başlandı . Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək döyüşü dayandırdı. Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa da onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevretməyə əl atdı. Öz qaniçənliyi ilə tanınan Sisianov mehriban bir tərzdə müraciət edərək İbrahimxəlil xanın mövqeyini dəqiqləşdirmək fikrinə düşdü. İbrahim xan və onun baş vəziri Molla Pənah Vaqifin İrandan fərqli olaraq Rusiyaya meylli olması Sisianovun xarici siyasət planına uyğun gəlirdi. Sisianova məlum olan bu siyasətlə- xanlıqlar arasındakı narazılıqlardan istifadə edərək manevr etməyin nəticəsini Şəmşədil hökmdarı və digərlərinin timsalında görmüşdü. İbrahim xanın daha hansı səbəblərdən Sisianovun müraciətinə müsbət cavab verməsini müxtəlif arqumentlərlə izah edilməsini də nəzərə alsaq demək olar ki, Sisianovun hiylələri və həmin dövrdə Azərbaycan torpaqlarında daha dəqiq desək vətən, xalq mənafeyindən deyil, şəxsi mənafe və şəxsi münasibətlərə üstünlük verilməsinin nəticəsində Azərbaycan böyük bəlalara düçar oldu. Gəncə xanlığına divan tutuldu, Qarabağ xanlığı itaət etməyə məcbur edildi.
1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında bağlanan «Kürəkçay» müqaviləsi imzalandı. Müqaviləni Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Sisianov imzalamışdır. Müqavilə adlandırılmasına baxmayayraq, mahiyyətcə təslimçilik aktı olan Kürəkçay müqaviləsi Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. Belə ki, iki yüz illik müddətdə müstəqil Azərbaycan dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu müqavilə ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur. Tarixin dərinliklərinə nəzər saldığımızda bir daha aydın olur ki, Dağlıq Qarabağ adlı qurum olmamış , Qarabağ ərazisi əzəldən Azərbaycana məxsus olmuşdur. Köçürmə siyasəti nəticəsində ermənilər sonradan tarixi Azərbaycan torpaqlarında məskunlaşmış, mənfur planlar həyata keçirərək torpaqlarımızı işğal etmişlər.
Bu gün isə Azərbaycan torpaqları cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində düşmən işğalından azad olmuşdur. Qarabağ Azərbaycandır! Heç kəs bu reallığı dəyişə bilməz.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edilmişdir
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir.
Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən onların zorla çıxarılması planı həyata keçirildi. Şuşa rayonu 1992-ci il mayın 8-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Məhz bu dövrdə -1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi – Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi, 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.
Beləliklə, 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun (Laçın-1992-ci il 18 may tarixdə, Kəlbəcər-1993-cü il 2 aprel tarixdə, Ağdam-1993-cü 23 iyul tarixdə, Cəbrayıl-1993-cü il 23 avqust tarixdə, Füzuli-1993-cü il 23 avqust tarixdə, Qubadlı-1993-cü il 31 avqust tarixdə, Zəngilan-1993-cü il 29 oktyabr tarixdə) ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 – dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır.
Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayon -Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri – Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı) kəndləri Ermənistan silahlı qüvvələrinin işğalı altında idi.
Bu gün isə torpaqlarımız azaddır. Müzəffər Azərbaycan Ordusu çıxdığı şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri
Üçtərəfli Bəyanat
Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifin puç olduğunu bütün dünyaya göstərdi, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək, Vətən bildikləri torpaq uğrunda cəsarətlə düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi həyata keçirilir.
Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində olmaqla irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub
Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması prosesində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı da mühüm əhəmiyyət kəsb edir.
Belə ki, bəyanatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
Humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə edildi. Vurğulandı ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.
Onu da qeyd edək ki, “Alma-Ata bəyannaməsi”ndə deyilir ki, müstəqil dövlətlər Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası (RSFSR), Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma əsasında inkişaf edəcək.
Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Bundan başqa, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək.
“Alma-Ata bəyannaməsi”ndə həmçinin, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb.
Sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz və ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar.
Bəyanatın müddəalarına əsasən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyi zənn olundu. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
Mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlər
Ermənistan silahlı qüvvələri 2020-ci ilin sentyabr-oktyabr aylarında, gecə saatlarından başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini , bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raket zərbələri ilə atəşə tutmuş, raketlər Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 10 metrliyinə düşmüşdü. 300-dən çox kaset tipli bombaların qəlpələri ətrafa yayılmışdır. Bu isə mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə və təhdid idi. ANAMA-nın xüsusi mobil qrupu tərəfindən ərazidə aparılan araşdırma zamanı fakt təsdiqini tapmış, ətrafa səpələnmiş bombacıqlar ərazidən götürülərək zərərsizləşdirilmişdir. 18 oktyabr saat 13.00 radələrində Xızı rayonu ərazisinə partlayış səsinin eşidilməsi və S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olmuşdur. ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerində Sitalçay ərazisində “S-300” raketinin qalıqlarını aşkarlamış, raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulmuşdur.
İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949- cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam etmişdir. Ermənistan silahlı qüvvələri 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atmışdır. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdir. Humanitar atəşkəs dövründə cəbhə xəttindən kənarda yerləşən şəhərlərin hədəfə alınması Ermənistan rəsmiləri tərəfindən Azərbaycanın dərinliklərində yerləşən ərazilərdə əhali arasında panika yaratmaq məqsədi daşıdığı bildirilmişdir. Ermənistan hərbi birlikləri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atəşinə məruz qoymuşdur. Azərbaycan Ordusunun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşmüşdür. Hətta ermənilər tərəfindən təmas xəttindən kənarda yerləşən Göygöl və Daşkəsən rayonlarının meşə massivinin atəşə tutulması ilə yanğınlar baş vermiş, ekoloji terror törədilmişdir.
Torpaqlarımızı işğaldan azad etdiyimiz gündən bu günə kimi ermənilər xaincəsinə əraziləri minalamış, bir çox təxribatlar törədərək mülki əhalinin qanunsuz şəkildə ölməsinə şərait yaratmışlar. Hətta dinc durmayan ermənilərin törətdikləri terror əməliyyatları nəticəsində 2023-cü ilin sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olmuşdur. Dəfələrlə hərbi qulluqçularımızın həlak olması və yaralanması kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı kimi qiymətləndirilmişdir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Antiterror tədbirlərin nəticəsi
Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri