Unutmayaq
Unutmayaq
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən və XIII əsrə aid olan səkkizguşəli Şeyx Babi Yaqub türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini göstərmək olar. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Əhalisi təxminən 144 min nəfər olan bu rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir.
23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. 1993-cü ildə Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. 44 günlük Vətən müharibəsində Oktyabrın 17-də Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz erməni işğalına son qoyulub. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
Əlamətdar tarix
Ulu öndər Heydər Əliyevin 1993-cü ili iyunun 15-də xaqlın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yaranıb. Ulu öndərin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirilib, hərbi hissələr tam komplektləşdirilib. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirib. 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura Ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub. Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib.
Xalqımız Azərbaycan ordusunun 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin sevincini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlyi ilə böyük Zəfərlə dava etdirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfərindən sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın hərbi qüdrətini bir daha göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan illüziyaları alt-üst etdi. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Nəhayət 2023-cü ilin sentyabrın 19-dan 20-nə küçən gün Qarabağda lokal xarakterli antiterror əməliyyatları nəticəsində suverenliyimiz təmin edildi.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Rayonun işğaldan azad olunması
2020-ci ilin 17 oktyabr tarixində Şanlı Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində ən önəmli və parlaq qələbələrindən birini əldə etmişdir. Həmin gün Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdu. Bunun da obyektiv səbəbləri var idi. Məsələ bundadır ki, Füzulinin azad olunması ilə Azərbaycan strateji üstünlüklər əldə edəcəkdi. Buna görə də düşmən 30 il ərzində təmas xəttində möhkəm istehkamlar, bir neçə mərhələdən ibarət güclü müdafiə xətti qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin nəticə etibarı ilə belə məlum oldu ki, bu mütəxəssis rəylərində Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanımızın strategiyasının mükəmməlliyi nəzərə alınmamışdı.
Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun uğurlu əməliyyatları da məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə – sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırılıb və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, tarixi hadisədir. Həmin an – 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
“Füzulinin azad olunmasına görə” medal təsis olunmuşdur.
17 Oktyabr Füzuli rayonunun işğaldan azad edilməsinin üçüncü ildönümüdür. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla, rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur, çünki, 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Bu əməliyyat sayəsində, həmçinin, Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edilib. Bununla da, Vətən həsrətinə son qoyulub. 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən yüksək qiymətləndirilib.
Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. Düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə «Füzulinin azad olunmasına görə» medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 nəfər hərbi qulluqçusu «Füzulinin azad olunmasına görə» medalı ilə təltif olunub. Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən ötən vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğuna başlanılması və bu işlərin sürətlə, eyni zamanda, keyfiyyətlə davam etdirilməsi Azərbaycan dövlətinin gücünün, iqtisadi potensialının göstəricisidir.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur
30 illik bir dövrdə erməni işlında olan ərazilərmizin işğaldan azad edildikdən sonra torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb. Hazırda cənab Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə uyğun şəraitin yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb.
Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı. Prezident cənab İlham Əliyevin Füzuliyə səfərləri zamanı mühüm strateji obyektlərin təməlləri qoyulub. Artıq Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri yeni tikilən evlərdə məskunlaşırlar. Cari ilin oktyabrında da növbəti köç karvanları Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri