Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur
Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur.
Müharibənin başa çatmasından sonra reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin geniş vüsət aldığı ünvanlardan biri də Füzulidir. Azad edilmiş digər ərazilərdə olduğu kimi, Füzulidə də quruculuq-bərpa işləri müharibə başa çatandan dərhal sonra başladı. İndi də intensiv şəkildə aparılan bu işlər müxtəlif istiqamətləri əhatə edir. Qürurverici haldır ki, müharibədən cəmi 9 ay sonra Füzulidə inşa edilən beynəlxalq hava limanı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2021-ci il sentyabrın 5-də Bakıdan havaya qalxan “Airbus A340-500” tipli “Qarabağ” sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və möhtəşəm hava limanında eniş etdi.
Müharibənin başa çatmasından cəmi bir il sonra – 7 noyabr 2021-ci il tarixində Füzulidə daha bir əlamətdar hadisə yaşandı. Həmin tarixdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolu istifadəyə verildi. Zəfər yolunun keçdiyi ərazi əvvəllər cığır idi. Qəhrəman əsgərlərimiz məhz bu çığırdan keçərək Şuşanı işğaldan azad ediblər. Dövlətimizin başçısı tərəfindən yolun rəmzi olaraq Zəfər yolu adlandırılması da bununla bağlıdır.
Digər infrastruktur layihələrinin icrası da uğurla həyata keçirilib. Füzulidə inşası tamamlanan 35/0,4 kilovoltluq 2×2500 kilovatt gücündə olan Rəqəmsal Yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Füzuli rayonunda infrastruktur quruculuğu bundan sonra da səngiməyəcək. Belə ki, Füzuli rayonun ərazisində quruculuq işlərinin yeni mərhələsi başlayıb. Bu mərhələdə yaşayış məntəqələrinin bərpa olunması da diqqət mərkəzində saxlanılacaq. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18-də Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026-cı illərdə bərpaolunan yaşayış məntəqələri üzrə “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli və Dədəli kəndlərinin konsepsiyası hazırlanıb. Burada texnoloji yeniliklər əsasında “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması mövcud əkinçilik sistemlərinin struktur zəifliklərini aradan qaldırmağa, məhsuldarlığı artırmağa, xərcləri optimallaşdırmağa, rəqabətçi və davamlı nəticələr əldə etməyə imkan verəcək. Füzuli rayonunda 2026-cı ilədək 5678 evin – 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023-cü ildə 399, 2024-cü ildə 447, 2025-ci ildə 2317, 2026-cı ildə 2515 evin inşası həyata keçiriləcək. Bütövlükdə, tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır. Bundan əlavə, Füzuli rayonunda Peşə Liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilir. Müharibədən cəmi il yarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, həmçinin Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur.
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Füzuli rayonu 23 avqust 1993-cü ildə işğal altına düşüb. İşğala qədər Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfər olub. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. Eyni zamanda, işğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər var idi.
Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi, UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. İşğalçı Ermənistan tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri – Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, rayon sakinlərindən 733 nəfəri şəhid olub, 192 nəfər girov götürülüb, 1240 nəfər sağlamlığını itirərək əlilə çevrilib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 1994-cü ilin yanvarında rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Eyni zamanda, işğaldan azad olunmuş ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiriliblər. Vətən müharibəsi başlayanadək rayonun ərazisinin 682 kvadratkilometri işğal altında olub. Vətən müharibəsinin əvvəlindən rayonun bir sıra kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova
Rayonun işğaldan azad olunması.
“1993-cü ilin avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Rayon sakinləri təpədən-dırnağa kimi silahlanmış işğalçı erməni ordusu ilə doğma torpaqlarının müdafiəsi uğrunda apardıqları qeyri-bərabər savaşda acı məğlubiyyətə uğradılar. Füzulinin müdafiəçiləri həmin döyüşlərdə 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü.
Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib: “Füzulinin işğalından cəmi beş ay sonra, 1994-cü ilin 5 yanvar tarixində Ulu Öndər Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad edilmiş ərazilərdə rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük qələbəsi idi.
Füzuli rayonunun azad olunması Vətən müharibəsinin gedişində əldə olunmuş strateji əhəmiyyətli mühüm qələbələrdən biri idi: “Füzulinin dörd kəndi II Qarabağ savaşının ilk günündə işğalçılardan təmizlənmişdi. 2020-ci ilin sentyabrın 27-də rayonun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri azad olundu. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və daha bir neçə kəndi işğalçılardan azad etdi. Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Ölkə Prezidenti İlham Əliyev bu tarixi hadisəni xüsusi qiymətləndirərək 17 oktyabr gününün Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacağını bildirmişdir. Füzulinin azad olunması ilə Cəbrayıldan və Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki bu şəhərin strateji yerləşməsi xüsusilə əlverişlidir.”
Mərkəzi Aran Region Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov