22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Böyük Qayıdış” və Zəngilan rayonun yeni inkişaf dövrü

“Böyük Qayıdış” və Zəngilan rayonun yeni inkişaf dövrü

“Böyük Qayıdış” və Zəngilan rayonun yeni inkişaf dövrü

Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planı əsasında bütün ərazilərin, şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya üzrə həyata keçirilməsinə başlanmışdır.Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı qarşıya qoyulan vəzifələri yerinə yetirməkdədir. Dövlətimizin başçısı Qarabağın dirçəldiləcəyini və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyini əminliklə bəyan etmişdir. İşğaldan azad edilmiş ərazilər hazırda böyük bir tikinti meydanıdır, burada inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır. İlk növbədə, həyat təminedici işlər, o cümlədən elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan tarixində qazanılmış ən böyük Zəfər, xalqımızın ən böyük arzu və istəyini gerçəkləşdirmiş möhtəşəm Qələbə regionda yeni reallıqlar yaratmışdır.Cənab Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədə müvafiqliyindən irəli gələn, regionun sürətli inkişafına, iqtisadi vəziyyətinin tarazlaşdırılmasına xidmət edən yeni bölgü bugünkü reallıqları əks etdirməklə böyük tarixi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər Zəngilan rayonunun Ağalı kəndində yaradılmış “Ağıllı kənd” laiyhəsi bölgənin hər tərəfli inkişaf perspektivi cəhətdən çox əhəmiyyətlidir. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Cənab Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu Zəngilan rayonunda aparılan təmir-bərpa işlərinin inkişaf etdirilməsi deyil, həm də “Böyük qayıdış” prosesinə start verilməsidi. “Böyük qayıdış” prosesinin sesifik xüsusiyyəti ondan ibarətdir ki, bu proses Azərbaycanın müstəqil iqtisadi potensialının gücü hesabına formalaşır. Açılış mərasimində bölgənin əhəmiyyətinə diqqət çəkən Cənab Prezident İlham Əliyev bildirdi ki: “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm Cənab Prezidentin söylədiyi nitq Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda gələcəkdə görüləcək işlərin mahiyyətinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.Möhtərəm Cənab Prezident İlham Əliyev öz mükəmməl nitqində belə bir fikir söylədi: “Əsl müstəqillik odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət edəndən sonra əsl müstəqillik həyatımız başlamışdır”. Bəli, əsl gerçək budur. Məhz Ümummilli Lider Heydər Əliyev dönəmindən sonra biz möhkəmlənməyə başladıq, ölkədə sabitlik yarandı, iqtisadi təməllər formalaşdı, dövlətçilik qorundu. İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir. Cənab Prezident İlham Əliyevin həm daxili və həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Zəngilan rayonun coğrafiyası.

Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvləri tərəfindən işğal edildi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Zəngilan rayonunun da ərazisində onlarla milli və dini-tarixi abidə olub. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılıb. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.  Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlayıb.   Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.  İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Bahar Qurbanova

 

 

 Zəngəzur dəhlizi

44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Şübhəsiz ki, postkonflikt mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni işbirliyi platformasının əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Azərbaycan bu istiqamətdə strateji fəaliyyətini davam etdirir, müvafiq işlər görülür. Ölkəmiz bu günə qədər Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin icrasında çox fəal rol oynayıb, ölkəmizin təşəbbüsü ilə əhəmiyyətli addımlar atılıb. İndiki mərhələdə Azərbaycan Avrasiyada geniş bir coğrafiyanı əhatə edən, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışır. Bu layihənin gerçəkləşdirilməsi ilə regionda əməkdaşlığa xidmət edən inteqrasiya prosesi güclənəcək. Bu dəhliz, eyni zamanda, ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirəcək, tranzit imkanlarını genişləndirəcək, Azərbaycan mühüm siyasi-iqtisadi dividendlər qazanacaq. Bütövlükdə, respublikamızın fəal iştirakı və liderliyi fonunda cərəyan edən proseslər Avrasiyada yeni geosiyasi konfiqurasiyanın formalaşmasına ciddi təsir göstərəcək. İndi ölkəmizin təşəbbüsü ilə yeni yaranan təhlükəsizlik mühiti regional və qlobal güc mərkəzlərinin ortaq maraqlar əsasında səmərəli əməkdaşlığı üçün geniş imkanlar açır. Başqa sözlə, perspektivə dair aydın strateji baxışları olan Azərbaycanın yaratdığı bu reallıqlar təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin aparıcı subyektləri üçün də mühüm dividendlər vəd edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək .Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhliz Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, Türk dünyası uzun illərdən sonra Zəngəzur dəhlizi vasitəsilə birləşəcək”.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın