Azərbaycanın mütərəqqi və demokratik Konstitusiyası var
Azərbaycanın mütərəqqi və demokratik Konstitusiyası var
Konstitusiya hər bir sivil ölkənin Əsas Qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir. Bu ali sənəd dövlətin quruluşunun və təməlinin prinsiplərini, cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə, həm də vətəndaş hüquqlarını özündə əks etdirir, ölkənin inkişaf prioritetlərini müəyyən edir.
Dövlətçiliyin və dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın həyatında xüsusi rola malikdir.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qarşıda duran ilk vəzifələrdən biri dövrün, siyasi-iqtisadi quruluşun tələblərinə uyğun yeni Konstitusiyanın hazırlanması və qəbulu idi.
1991-ci il oktyabr ayının 18-də qəbul edilən “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdı. Lakin 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətdə olan iqtidarlar bu barədə düşünmək belə istəməmişdilər.
Azərbaycanda yeni Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin Konstitusiyasını qəbul etdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu cəmiyyət həyatında demokratik dəyişikliklərə böyük yol açdı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratdı. Eyni zamanda bütün sahələrin inkişafına təkan verdi, xalqın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan, ölkədə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım oldu. Konstitusiyanın qəbulundan bir il sonra – Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Bütövlükdə 1995-ci ildə Azərbaycanda demokratik Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf yollarını, xalqımızın iradəsini özündə əks etdirir.
Nailə Əliyeva Zərdab- Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Obyektiv reallıqdan irəli gələn tarixi dəyişikliklər
Konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik qanunu olmaqla yanaşı, digər qanunlar kimi dəyişməz deyildir, o da daim inkişafda olmalıdır. Bu baxımdan bu sənədə müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki normativ-hüquqi aktlardan, qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır.
Ölkəmizdə indiyə kimi üç dəfə konstitusiya islahatı həyata keçirilib. Əsas Qanunumuza dəyişikliyin edilməsi ilə bağlı ilk dəfə referendumun keçirilməsindən bu gün 20 il ötür. İlk dəfə 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac bütün sahələrdə qabarıq nəzərəçarpan inkişafdan irəli gəlirdi. Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunvericilik bazasının formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdi. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilən referendumun da başlıca məqsədi Əsas Qanunda insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, ölkənin siyasi və hüquqi sistemini təkmilləşdirmək məqsədi daşıyırdı.
Referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edildi. Bu dəyişikliklər Konstitusiyanın qəbul edildiyi 1995-ci ildən ötən dövrdə baş verən proseslərdən, hüquq və qanunvericilik sahəsində ortaya çıxmış yeniliklərdən, demokratik inkişafdan irəli gəlməklə, məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc
İnam və etimadın göstəricisi
Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avroatlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi.
Sürətlə bir-birini əvəzləyən uğurlar, dinamik inkişaf Konstitusiyaya nəzər salmağı və daha da təkmilləşdirməyi zəruri etdi.
Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi. Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, bir sıra məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi.
Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı həm də xalqın hakimiyyətə olan inam və etimadının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi inanılmaz nəticələrlə qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının müəllifi Ulu Öndər Heydər Əliyev olub
Bu tarixi fakt 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas Qanununu qəbul edə bilməməsinə əsaslanır. Bu səbəbdən Azərbaycanda Konstitusiya quruluşunun formalaşması yalnız sovetlər dönəmində, respublikamızın hüquqi cəhətdən SSRİ-nin, faktiki olaraq isə Rusiyanın tərkibində olduğu dövrdə baş vermişdir. Ölkənin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci ilin mart ayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martında respublikanın yeni Konstitusiyası qüvvəyə minib. Sonuncu dəfə 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
Ulu Öndər Konstitusiya layihəsinin hazırlanması işinin məsuliyyətini vurğulayaraq belə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” Ümummilli Liderimizin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan ən önəmli xidmətlərindən biri də məhz müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması olub. İlk Konstitusiyamızın layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. 2020-ci ildən etibarən Azərbaycan xalqı bu bayramı artıq daha yüksək ruhla, qalib ölkə və qalib xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz bizə bu qüruru bəxş etdi. Həmin ilin sentyabr-noyabr aylarında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Ermənistanı özünün faktiki kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu tarixi hadisə Konstitusiya Günündən iki gün öncə, noyabr ayının 10-da baş verdi.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı
Ölkə Prezidenti cənab İlham Əliyev dövlətimizin Əsas Qanunu barəsində belə deyib: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Həqiqətən də Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlərintəsbit olunduğu Konstitusiyamız mükəmməl bir sənəddir.
Bununla belə dəyişilən sosial-siyasi reallıqlar Əsas Qanuna müəyyən əlavə və dəyişikliklərin olunması tələbini irəli sürürlər. Bu səbəbdən 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Sonuncu dəfə isə, Konstitusiyada əlavələr və dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət etmişdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Cənab İlham Əliyevə ümumxalq dəstəyin növbəti təcəssümü
Respublikamızda növbəti konstitusiya islahatı 2016-cı ildə keçirilib. Həmin vaxt Əsas Qanuna təklif olunan dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq idi.
Hələ o vaxt təhlillər göstərirdi ki, dəyişiklikləri zəruri edən səbəblər yaranıb. Belə ki, zamanın nəbzini tutmaq lazım idi. Son konstitusiya islahatlarından sonra respublikamızda vitse-prezident vəzifəsi təsis olundu. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bu institutun nə qədər səmərəli və effektiv olduğunu təsdiqlədi.
2016-cı il sentyabrın 26-da Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendum bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə növbəti demokratik siyasi hadisə kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru addımını ataraq bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa səs verdi. Referendumun nəticələri, yəni seçicilərin əksəriyyətinin səsvermədə iştirakı və onların təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibət bildirməsi isə Prezident İlham Əliyevə cəmiyyətimizdə olan böyük inamın növbəti təsdiqi oldu. Başqa cür ifadə etsək, Konstitusiyaya edilən dəyişiklikləri ölkə vətəndaşlarının müsbət dəyərləndirməsi növbəti dəfə İlham Əliyevə ümumxalq dəstəyin nümayişinə çevrildi. Bu, xalqımızın öz Prezidentinə və iqtidarına etimadını bir daha müəyyənləşdirən tarixi səsvermə idi.
Konstitusiyaya edilmiş hər bir əlavə və dəyişiklik respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yoluna, demokratik dəyərlərə sadiqliyini əyani şəkildə təcəssüm etdirib. Mütərrəqi müddəalarla daha da təkmilləşən Əsas Qanunumuz öz hüquqi funksiyası ilə dövlətimizin inkişafına layiqli töhfələr verir.
Gülnaz Məmmədova – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Müstəqil dövlətin manifesti
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi barədə qərar 1921-ci il mayın 6-da Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. 15 günlük müzakirələrdən sonra məhz qurultay nümayəndələri tərəfindən qəbul edilmiş ilk Konstitusiyamız 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi. O dövrün siyasi quruluşu və hakimiyyətin təşkili qaydası, seçkilərin keçirilməsi, dövlət rəmzləri (gerb və bayraq) və bir çox məsələlərin öz əksini tapdığı ilk Konstitusiyamız insanların bərabərlik hüququnu təsbit etsə də, bəzi kateqoriyadan olan şəxsləri seçki hüququndan məhrum edirdi. Bu isə tam təbii idi. Çünki Azərbaycan da digər ölkələr kimi, çar üsul-idarəsindən yenicə azad olmuşdu və üstəlik, bu ölkədə demokratik dövlət qurulub dağıdılmışdı. Ona görə də birbaşa hamıya səsvermə hüququnun verilməsi o dövr üçün yolverilməz hesab olunurdu.
1927-ci il martın 26-da Beşinci Ümum-Azərbaycan Sovetlər Qurultayında ikinci Konstitusiya qəbul edildi. Bunun üçün mühüm zərurət yaranmışdı. Çünki ötən 6 il ərzində həm SSRİ, həm də ZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) yaranmış, Azərbaycan bu qurumlara daxil olmuş, ölkə ərazisində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edilmişdi ki, bu amillər Əsas Qanunda öz əksini tapmalı idi. Üstəlik, dövlət strukturunun inzibati-ərazi bölgüsündə bir sıra dəyişikliklər edilmişdi. Doğrudur 1925-ci ilin martında Azərbaycan Konstitusiyasına bir sıra dəyişiklik və əlavələr edilmişdi. Ancaq zaman yeni Konstitusiyanın qəbulunu tələb edirdi.
1937-ci ildə qəbul edilmiş üçüncü Konstitusiya əvvəlki analoji sənədlərdən bir neçə cəhət ilə fərqlənirdi. Burada “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları”, “DQMB-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlı fəsillər yer almışdı. Ən başlıcası, bu sənədlərin hamısı məhz qurultaylar vasitəsilə qəbul edilirdi.
Bu qəbildən olan sənədlərin layihəsinin ümumxalq müzakirəsinə verilməsinin təməlini isə ümummilli liderimiz Heydər Əliyev qoydu. Ötən əsrin 70-ci illərin ortalarında “inkişaf etmiş sosializm” cəmiyyəti üçün Əsas Qanunun işlənib hazırlanması zərurəti ortaya çıxmışdı. Uzun sürən müzakirələrdən sonra SSRİ-nin üçüncü Konstitusiyası 1977-ci il oktyabrın 7-də qəbul edildi. 1978-ci il aprelin 21-də Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında isə respublikamızın sayca dördüncü Konstitusiyası qəbul edildi. İlk dəfə idi ki, Konstitusiyada insanların sağlamlığının mühafizəsi, mənzil hüququ, mədəniyyət nailiyyətlərindən istifadə etmək hüququ, yaradıcılıq azadlığı təsbit edilirdi. Ən başlıcası, həmin Konstitusiyada Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu göstərilirdi.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan Konstitusiyası bizi uğurlardan uğurlara aparır
İlk bəndi “Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəası ilə başlanan 1995-ci il Konstitusiyamız barədə danışarkən xüsusilə qeyd edilməli məqamlar ondan ibarətdir ki, bu əsas qanunumuz parlamentin qərarı ilə deyil, xalqın referendumda verdiyi səslə qəbul edilmişdi. Daha bir önəmli məqam Əsas Qanunda Azərbaycanın dövlət quruculuğunun əsasları müəyyən edilmiş, respublikamız demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritet olduğu və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçməsi idi. 1978-ci il Konstitusiyasından fərqli olaraq yeni Konstitusiyada qanunvericilik hüququ ancaq Milli Məclisə verilir. Bir palatalı parlament olan Milli Məclisin əsas funksiyası qanun yaradıcılığı ilə məşğul olmaqdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün — noyabrın 12-si hər il Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.
1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş həmin Konstitusiyaya 2002-ci il avqustun 24-də 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) bəzi dəyişikliklər edildi. Bu dəyişikliklər barədə. Ulu öndər hələ 1995-ci ilin yayında demişdi ki, gənc müstəqil Azərbaycan dövlətinin həyatında baş verən proseslərin yaradacağı yeni çağırışlara cavab olaraq, Konstitusiyamızda ümumxalq səsverməsi ilə dəyişikliklər edilə bilər.
Bu sənədin preambulasında deyilir ki, yeni Əsas Qanun bizim qarşımızda Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək və nəhayət, ümumbəşəri dəyərlərə sadiq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək vəzifələrini qoyur.
Bütün soydaşlarımız kimi, biz də Əsas Qanunumuzun Birinci fəslinin birinci bəndi ilə fəxr edirik: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Beynəlxalq aləmdəki dostlarımız Azərbaycan haqqında danışarkən fəxrlə yada salırlar ki, bu dövlətin Konstitusiyasının 47 maddəsi əsas insan hüquq və azadlıqlarının qorunmasını tələb edir. Bu isə ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun təzahürüdür.
Məhz bu keyfiyyətlərinə görə, Azərbaycan Konstitusiyası bizi uğurlardan uğurlara aparır. Fikrimcə, bizim otuz il davam edən işğala son qoya bilməyimiz də məhz ədalətli cəmiyyətin, obyektiv idarəetmənin və demokratik quruluşun mövcudluğunun nəticəsi idi. Həmin dəyərlər mövcud olmasaydı, xalq–iqtidar birliyi də yaranmazdı, xalq–ordu vəhdəti də. Həmin birliyin sayəsində biz ölkəmizin ərazi bütövlüyünü də bərpa etdik, bütün torpaqlar üzərində suverenliyimizi də.
Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır
Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilməlidir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
Ümummilli Liderin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.
Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc
Konstitusiyada keçən 48 maddə bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir
Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdu.
Konstitusiyada keçən 48 maddə bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir.
Ümummilli lider Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini