22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Qalib xalqın Qalib Prezidenti

Qalib xalqın Qalib Prezidenti

Qalib xalqın Qalib Prezidenti

Azərbaycan sürətli, dinamik inkişaf dövrünü yaşayır. Heç şübhəsiz ki, bu inkişafın təməli də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanı bir dövlət, bir xalq kimi Yer üzündən silinmək təhlükəsindən xilas etməsindən sonra qoyuldu.

20 il  əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Bu 20  ildə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.

Bütün dünya, düşməni açıq və gizli şəkildə dəstəkləyənlər, onu növbəti işğala təhrik edənlər belə bizim gücümüz, əzmimiz, Qələbəmiz qarşısında geri çəkildi, Zəfərimizi qəbul və etiraf etməyə məcbur oldu. Bizik artıq Qarabağın əsl sahibi, əsl yiyəsi. Qarabağ bizim idi, bizim də oldu! Artıq kimsə onu bizdən ala, ayıra, qopara bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq. İmkan vermədik, imkan vermərik, imkan verməyəcəyik!

Tarixi və müqəddəs Zəfərdən sonra Qarabağın yenidən bərpası, dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə, Böyük qayıdışa start verildi. Qələbəmizdən cəmi günlər sonra Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərimizə tarixi səfərləri başladı. Hər bir səfər də düşmən üzərində daha bir Qələbə və Zəfər oldu. Düşmənə hər mənada gözdağı verildi, tarixi açılışlar baş tutdu.

Qoy Azərbaycan xalqının həmrəyliyi və müstəqilliyi əbədi olsun, vətənimizdə həmişə sülh və əmin-amanlıq, firavanlıq hökm sürsün. Uca Allah cənab Ali Baş Komandanımızı, Müzəffər Ordumuzu və doğma Azərbaycanımızı qorusun!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Özünə inam və xalqın dəstəyinə əminlik

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xalqın Ona olan bu inamını və etimadını doğrultdu, yeni Azərbaycan qurdu, onu inkişaf, tərəqqi yoluna çıxardı. Müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyev, eyni zamanda bu strateji kursu davam etdirməyə qadir, istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçını da yetişdirmişdir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, bunların birinin digərini tamamlamasına çalışmışdır.

Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son illərdə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir.

Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdiriləcəyi vədini verən cənab İlham Əliyevin atdığı addımlara diqqət yetirsək xalqa arxalandığı, xalqı, dövləti üçün çalışdığı hər birimizdə böyük qürur hissi yaradır. Vətəndaş məmnunluğunun artırılması dövlətin siyasətinin əsasını təşkil edir. Bu baxımdan son 20 ilə yaxın dövrdə neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək idi. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün  regionların malik olduğu potensialdan  maksimum istifadə etmək qarşıya mühüm vəzifə kimi qoyuldu. Bunun üçün Regional inkişaf  Proqramları təsdiqləndi və uğurla icra edilir.

Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri davamlıdır. Bu baxımdan ki, dahi şəxsiyyət 2003-cü ildə xalqa tarixi müraciəti ilə Azərbaycanın bugünkü və gələcək uğurlarının əsasını qoydu. Ulu Öndər həmin tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını bildirərək axıra çatdıra bilmədiyi işləri Onun axıra çatdıracağına əminliyini ifadə etdi.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Zəfər seçkisi

Ümummilli Liderin sağlığında axıra çatdıra bilmədiyi əsas taleyüklü məsələ Azərbaycanın ərazi bütövlüyünün həlli idi. Ulu Öndər Heydər Əliyev dərin fəhmi, gələcəyə əminlik duyğusu ilə hər zaman inanırdı ki, bu məsələ əvvəl-axır öz həllini tapacaq, tarixi ədalət bərpa olunacaq, xalqımız torpaqlarımızı hansı yolla olur-olsun işğaldan azad edəcək, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaq və soydaşlarımız əzəli yurdlarında əbədi yaşayacaqlar. Ona görə də Qarabağı, Şərqi Zəngəzuru heç zaman diqqətdən kənarda qoymamaq, buna əsas milli hədəf kimi yanaşmaq və hər gün torpaqlarımızın azadlığına doğru davamlı iş aparmaq Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyevə həm dövlətin ali rəhbərliyindəki ardıcılı, həm siyasət, diplomatiya məktəbindəki bacarıqlı yetirməsi, həm də övladı olaraq ən böyük vəsiyyəti idi.

Prezident cənab İlham Əliyev Azərbaycanın haqq  savaşındakı qalibiyyəti xəbərini o sayğı duruşundakı sükutu, qürur və fərəh dolu baxışları ilə Ulu Öndərin bu tarixi günlərimizdən şad olan ruhuna yetirdi. Ən böyük Ata vəsiyyətinin, Ümummilli Liderin ən ülvi arzusunun artıq həyata keçməsi müjdəsini çatdırdı. Hiss olunurdu ki, bu vəsiyyəti, zamanında az qala əlçatmaz görünən bu diləyi yerinə yetirmək Prezident cənab İlham Əliyevin də ən böyük arzusu olub. Prezident cənab İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi, Ulu Öndərin Şuşanın azadlığı arzusunun reallığa çevrildiyi, hər anı fəxarət dolu o gözəl gün tariximizə Azərbaycanın Zəfər Günü kimi yazıldı.

3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq. 2 ay sonra təkcə Birinci Şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz Qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb

7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. 7 fevral Böyük Qayıdışın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək

2018-ci ildə cənab İlham Əliyev Prezident seçildikdən cəmi iki il sonra ölkəmizin müasir tarixinin ən şanlı səhifəsi yazılmağa başladı. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, Konstitusion quruluşumuzun və suverenliyimizin tam bərpası prosesini tamamladı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq.

Prezident cənab İlham Əliyev 2018-ci ildə çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qondarma rejimin olması ilə, torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq. Doğrudan da biz buna nail olduq. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, Xankəndidə hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı.

Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. 7 fevral növbədənkənar seçkisi Azərbaycan tarixinin ən önəmli seçkisi olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkidə iştirak edəcək.

7 fevral xalq-dövlət birliyinin qüdrətinə bütün dünya bir daha şahid olacaq. Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək. Gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək. Xalqımız da seçkidə öz müdrik qərarını verəcək, həmişə olduğu kimi yenə də bütöv Azərbaycan olma sevincini bizlərə bəxş edən, Ulu Öndər tərəfindən təməli qoyulan inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb və bundan sonra da elə olacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın