Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu
Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir.
Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan , dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran , əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir.
Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günümüzün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. Müasir dövrümüzdə də Azərbaycan dövləti , şəxsən Prezident İlham Əliyev cənabları gənclər üçün böyük işlər görür, gənclərə bütün sahələrdə yüksək etimad göstərilir. Bu gün cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada gənclər layiqincə təmsil olunmasınlar.
44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini , müasir dövrdə vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev
2 Fevral – Azərbaycan Gəncləri Günü
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb. 2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss ediblər.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb.
Dahi rəhbər Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Cənab Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətini qəbul etdiyi bütün qərarları ilə yüksək səviyyədə davam etdirir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib.
44 günlük Vətən müharibəsində bizə parlaq qələbə sevincini yaşadan, canı və qanı bahasına ən yeni tarix yazaraq əzəli torpaqlarımızı işğaldan azad edən qəhrəman övladlarımızı ehtiramla yad edirik. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı onların bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Zərdab rayon salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov
Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Sözsüz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin aparıcı prioritet istiqamətlərindəndir.
Vətənə sevginin təməlində həm də onu qorumaq dayanır. Bu həm də dilimizi yad təsirlərdən, dinimizi ayrı-seçkilikdən, milli-mənəvi dəyərlərimizi dəyişiklikdən, torpaqlarımızı yadellilərdən qorumaq deməkdir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsində bu gənc nəslin Vətənə sevgisinin, məhəbbətinin bir daha canlı şahidlərinə çevrildik. Vətənə sevgisini dildə deyil, əməldə göstərən igid, cəsur Vətən oğulları 30 il düşmən tapdağı altında qalmış torpaqlarımızın müdafiəsinə qalxdı. Minlərlə vətəndaşımız müharibəyə getmək üçün könüllü olaraq müraciət etdi. Xalqımız Ali Baş Komandanımızın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Vətənpərvərliyin nişanəsi olan bu “Dəmir yumruq” müharibə zamanı düşmənlərimizin başını əzdi, şanlı Zəfərimizin simvoluna çevrildi. Biz bu 44 günlük müharibədə vətənpərvərliyi xalqımızın birlik və həmrəyliyində, torpaqlarımızın azad olunması uğrunda son damla qanınadək döyüşərək şəhid və ya qazi olmuş qəhrəman oğullarımızın misilsiz rəşadətində, vətəndaşlarımızın bayraq, yurd sevgisində, könüllü cəbhəyə yollananların cəsarətində, Prezidentimizin müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində, dövlət başçısına yazılan minlərlə məktublarda, övladı şəhid olmuş, yaralanmış, malı-mülkü dağıdılmış vətəndaşlarımızın yalnız “İrəli!” nidasında, “Qarabağ Azərbaycandır!” kəlməsinin bütün ruhumuza hakim kəsilməsində, Ali Baş Komandanımızın döyüş meydanlarındakı qələbələrlə bağlı xalqa hər müraciətində, Qələbədən sonra torpaqlarımıza Prezidentimizin səfərlərində, qədim torpaqlarımızda aparılan genişmiqyaslı tikinti-quruculuq tədbirlərində, tarixi-dini, mədəni abidələrimizin bərpasında, canımızla, qanımızla bu torpağa bağlılıqda gördük. 44 gün davam edən müharibədə cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə Azərbaycan gəncliyi öz sözünü dedi. Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə gənclərimizin şücaəti dillərdə dastan oldu. Bu gün də gəncliyimiz bütün dünyanın gəncləri üçün nümunə hesab edilir. Düşmən Azərbaycan gəncliyinin, əsgər və zabitlərimizin cəsurluğuna, rəşadətinə bir daha əmin oldu.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva
Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritetidir
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Bu gün Azərbaycanda gənclərə hər sahədə xüsusi diqqət yetirilir. Gənclərin şəxsi inkişafı, dünyagörüşünün artırılması, təhsili, karyera sahəsində inkişafı, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüdülməsi dövlətimizin prioritet məsələrindən biridir.
Ölkəmizdə gənclərə diqqətin ayrılması, onların vətənpərvər, sağlam ruhda inkişafı, yetişməsi və bu sahədə bir çox tədbirlərin görülməsi, dövlətin xüsusi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də gənclərlə bağlı xüsusi Fərman imzaladı. Həmin Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bununla da, hər il Gənclər Günü qeyd edilir. Qeyd edim ki, həmin tarixdən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Məhz bu günün ilk dəfə ölkəmizdə qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Ulu Öndər Heydər Əliyev gənclərimizin ölkəmizdə və dünyada önəminin artmasında xüsusi rol oynadı. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər birlikləərinin, təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinin göstəricisidir.
Gənclərin aktiv fəaliyyətini, vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbir təşkil edilir, və sənədlər proqramlar imzalanır. Bu gün müxtəlif sahələrdə gənclər öz sözünü deyir, istər ölkəmizdə, istərsə də xaricdə ölkəmizi elm, idman, mədəniyyət sahəsində təmsil edən və ölkəmizin adını yüksəldən, bayrağımızı ucaldan gənclərimizin sayı günbəgün artmaqdadır.
Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov