21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək

Ermənilər azərbaycanlılara qarşı hər zaman əsassız ərazi iddiaları irəli sürmüşdülər. Bu haqsız iddialar müxtəlif dövrlərdə daha da azğınlaşmış və xalqımızın başına olmazın müsibətlər gətirmişdir. Azğın erməni cəlladlarının xalqımıza qarşı keçirdiyi qanlı Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət salnaməsi yazdı.

Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu.

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 32 il ötdü. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Şəhəri tərk edən əhali pusquya salındı və Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Bütün bu vəhşilikləri Azərbaycan xalqı heç zaman unutmamış və unutmayacaqdır.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ədalətsiz yanaşma

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdular.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Dövlətimizin “Xocalıya ədalət!” çağırışı dünya gücləri tərəfindən cavabsız qaldı. Baxmayaraq ki, 18 ölkə Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanıyıb, lakin onların arasında böyük dövlətlərin adının olmaması, beynəlxalq təşkilatların məsələyə biganə yanaşmaları diqqətdən kənarda qala bilməzdi. Hansı ki, həmin dövlətlər digər ölkələrə “ədalət və beynəlxalq hüquq”çağırışı edirlər.

Bu gün Azərbaycan xalqı çox sevinclidir. Şəhidlərimizin qanı yerdə qalmadı. 44 günlük Zəfər qələbəmizdə tökülən qanların qisası alındı.  Xüsusilə onu qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bizim üçün əsl qürur mənbəyi idi.

Dünyaya səs salan möhtəşəm Zəfərimizin nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi böyük qürur hissi ilə qeyd edirlər. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng  quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

44 günlük müharibə zamanı Azərbaycan Ordusu şəhidlərin qisasını döyüş meydanında almaqla bərabər, ərazi bütövlüyümüzü bərpa etdi, tarixi ədalətsizliyə son qoyaraq düşmən üzərində tam qələbə qazandı.

Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun şücaəti və qəhrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu.

Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.

Zəfər qələbəmizin Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar Şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Məğlubiyyətlə heç vaxt barışmayan ermənilərlə aparılan birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.  Azərbaycan dövləti öz gücünü bir daha bütün dünyaya sübut etdi.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün xocalıları xüsusilə qürurlandırıb.

Torpaqlarımıza  Böyük Qayıdış,   Azərbaycan xalqının  sabahına açılan əbədi  günəş, bükülməz qolumuz, cənab  Prezident İlham Əliyevin qüdrətinin , düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərmişdir

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Ordu quruculuğu mürəkkəb, daimi prosesdir və hər gün yenilənir. Hər yeni gün müasir texnologiyalar tətbiq edilir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır. Ordumuzun Türkiyə modelinə keçməsi yönündə də xeyli addımlar atılıb və qarşıya böyük hədəflər qoyulub. Ali Baş Komandanın nəzarəti altında qısa müddətdə mühüm işlərin görülməsi planlaşdırılır

44 günlük müharibədə ordumuz gücünü dünyaya bir daha sübut etdi. Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.

Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Noyabrın 6-da yüngül  silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları  günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri susdurulmuşdur. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş  İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.  Ərazi bütövlüyümüzün bərpa olunması Cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.

Bu gün Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Azərbaycanın bu gün qalib ölkə kimi başı dikdir. Elə bir tarix yazdıq ki, əsrlər keçsədə bu yaddaşımızdan silinməyəcək. Biz bu Qələbəni cənab Prezidentimizin və güclü Ordumuzun gücü ilə qazandıq. Bu həqiqəti heç kim və heç nə dəyişə bilməz.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın