“10 şəhid vermiş bu kənd aidiyyatı qurumların yadından çıxıb” – Lerik sakinləri gileylidir // VİDEO + FOTO
Əliyev Zahir Sədi oğlu.
4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün “Müddətdən artıq həqiqi hərbi xidmət” kurslarına daxil olmuşdur. Kursları bitirən Zahir Əliyev Azərbaycan Daxili Qoşunlarının “N” saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, “çavuş” rütbəsi almışdır.
20.09.2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə keçirilən antiterror əməliyyatı zamanı Kəlbəcər rayonunda şəhid olub və doğulduğu Lerik rayonunun Soru kəndində uğrunda öldüyü torpağa tapşırılıb.
Ailəli idi, iki azyaşlı qız övladı yadigar qaldı.
Bu gün isə onun doğulduğu Soru kəndinin sakinləri “DogruXeber.az” informasiya agentliyinə müraciət edərək, rayonunun, xüsusilə də 10 şəhid vermiş, 50-dən çox qəhrəman oğlu müharibədə döyüşmüş Soru kəndinin problemlər içində aciz qaldığından gileylənirlər.
Onlar bildirirlər ki, “qaz xətti kəndimizin içindən keçir, amma bizə bu dövrdə hələ də mavi yanacaq verilmir. Yollarımız da ki, bərbad vəziyyətdə. Biraz da yağış yağan kimi keçilməz olur”.
Maraqlıdır ki, “əcnəbinin seyrə balonlarla çıxdığı” (M.Ə.Sabir) bir dövrdə Lerikin 36 yaşlı gənc icra başçısı Əkbər Abbasov da tabeliyində olan rayonun bu cür bərbad vəziyyətinə biganə qalır. Sakinlər bildirirlər ki, mövcud durumları ilə bağlı müraciət etmədikləri qurum qalmayıb, hətta şəhid Zahir Əliyevin 9 yaşlı qızı Nilay da ölkə başçısı ilə görüşərkən, problemlər içində sürətlə böyüyən körpə ürəyi ilə birinci növbədə kəndin problemlərinin aradan qaldırılmasını xahiş edib.
Bütün bunlara rəğmən aidiyyatı qurumlar da, Rayon rəhbərliyi də hələ ki, seyirçi mövqeyində dayanıblar.
Güman edirik ki, qısa zamanda Lerik rayonunun Soru kəndinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində ən azından ilkin addımlar atılacaq.
Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az