22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ordu quruculuğu

Ordu quruculuğu

Ordu quruculuğu.

Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və torpaq itkilərinə məruz qalıb. Məhz bu amil də respublikamızda ordu quruculuğuna müstəsna diqqət göstərilməsini şərtləndirib. Respublikamızda vahid komandanlığa tabe olan ordunun yaradılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu, necə deyərlər, taleyin ümidinə buraxılmışdı. O dövrdə respublikamızda mövcud olan silahlı birləşmələr ayrı-ayrı siyasi partiyaların və yaxud “lider”lərin təsiri altında idi və tapşırıqları da məhz onlardan alırdılar. Ordudakı pərakəndəlik və texniki təchizatın aşağı səviyyədə olması öz növbəsində, düşmənin yeni-yeni ərazilərimizi ələ keçirməsinə şərait yaradırdı. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ordumuzun döyüş qabiliyyətinin artırılmasına hesablanan bir sıra mühüm qərarlar qəbul etdi. Onun qətiyyəti və müdrikliyi sayəsində vahid komandanlığa tabe olan ordu yaradıldı. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev ordu quruculuğuna müstəsna diqqət göstərib. Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.

Ölkəmiz özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb. Prezident cənab İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalarda çıxışları zamanı birmənalı şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan özünün ərazi bütövlüyünü güclü ordusu vasitəsilə təmin edəcək. Dövlət başçımız ölkənin ərazi bütövlüyü məsələsində Silahlı Qüvvələrimizə güvəndiyini diqqətə çatdırarkən reallıqdan çıxış edirdi. Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Silahlı Qüvvələrimiz müstəqilliyini yeni qazanmış Azərbaycanın  hərbi qüdrətini getdikcə artırmış və 2020–ci ildə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymuşdur.   Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Bu siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz daha da inkişaf etdi və hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur və döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımıdır. Bu soyqırım təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.  2023-cü il oktyabrın 15-də Xocalıda Müzəffər Ali Baş Komandan tərəfindən şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni oldu. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Əlləri Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı. Şübhəsiz ki, qalib və güclü – qüdrətli Azərbaycan dövləti Xocalı soyqırımının sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb olunmasına, bu qatillər və canilərin qanun qarşısında cavab vermələrinə – layiqincə cəzalandırılmalarına nail olacaq! Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər Xocalı və bu kimi bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

 

Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə də xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir. Bu dəyərlər üzərində müəyyənləşən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Sevindirici haldır ki, Novruz bayramı işğaldan azad olunan rayonlarda da qeyd olunur. Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanıb. Bu, Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi.

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Artıq Cənab Prezident həm Ümummilli Lider Heydər Əliyevin arzularını, həm də öz vədini reallığa çevirib. Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər sayəsində hazırda Novruz bayramının xalqımıza Qarabağda qeyd olunması nəsib olub.  Cənab Prezidentin Novruz bayramını doğma Qarabağ diyarında qeyd etməsi artıq ənənəyə çevrilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu torpaqlara həyat qayıdıb.

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın