22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir

1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir

1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir

Tarixi təcrübə hər bir xalqın siyasi taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisələrin, mühüm – kritik və taleyüklü məqamların, anların olduğunu təsdiqləyir. Azərbaycan xalqı da bu baxımdan istisna deyil.

Müstəqillik dövrünün siyasi təqvimi bu reallığı əks etdirir. 32 ilə yaxın müddət özündə bütöv siyasi orqanizm olan dövləti müdrikləşdirən çox mühüm tarixi təcrübələri, taleyüklü hadisə və prosesləri ehtiva edir. Bu dövrdə Cənubi Qafqazın lider dövlətinə çevrilməkdən tutmuş nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etməyə, Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaratmaqdan başlamış inkişafın milli modelini formalaşdırmağa qədər çox sayda mühüm uğurlara imza atılıb. Nəinki müstəqillik, hətta çoxəsrlik tariximizin zirvə nöqtəsi isə işğal altında olan torpaqların azad, ərazi bütövlüyünün və tarixi ədalətin isə bərpa olunmasıdır.

1992-1993-cü illərin mənzərəsi aydın, reallıqlar bəllidir. Həmin vaxt ölkədə AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarəolunmaz vəziyyətdə idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər. Ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Özbaşınalıq, özfəaliyyət gündəlik ictimai-siyasi həyat tərzinə çevrilmişdi. Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda – 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşma baş verdi. Bu, hakimiyyət daxilində iki fərqli qrupun toqquşması idi. Və Azərbaycan vətəndaş müharibəsinə sürüklənirdi.

Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, yaxud olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən, qazanılıb. Elə içində olduğumuz iyun ayı nəinki müstəqillik, hətta dövlətçilik tariximizin dönüş nöqtəsi sayılan önəmli hadisələrə şahidlik edib. Söhbət xalqımızın milli qürur və ləyaqətini, dövlət qurmaq və yaşatmaq qabiliyyətini, milli ruhunu özünə qaytaran Böyük Qayıdışdan, Qurtuluşdan gedir. Bu, tənəzzül və böhran şəraitində, müstəqilliyi itirmək təhlükəsinin, iflasın astanasında olan Azərbaycan xalqının xilası – 1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı sayəsində dövlətimizin Qurtuluşudur.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan xalqı çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü

İyunun  5-də Heydər Əliyevin  sədri olduğu Naxçıvan Ali Məclisi bəyanat verdi: “Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın  hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını  atan  Azərbaycan dövlətinə  arxadan vurulan zərbə hesab edirik. Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana  diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk… Belə bir ağır şəraitdə biz, Naxçıvan Muxtar Respublikası xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə  çağırırıq!”.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin Milli Qurtuluş Günü idi. Həmin gün parlamentin iclasında  çıxış edən Heydər Əliyev “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək” ,- deyə inamla və qətiyyətlə bildirmişdi. 24 iyun 1993-cü il tarixində isə parlamentin qərarı ilə Ali Sovetin Sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başladı. Bu, növbəti mühüm qərar – həlledici məqam idi.

Azərbaycan xalqı çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya QAYITDI, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını öz üzərinə götürdü. İyunun 13-də Heydər  Əliyev  vəziyyətlə yerində tanış olmaq  üçün  Gəncə şəhərinə gəldi. Bundan sonra parlamentin növbəti iclasında Gəncə  hadisələri barədə  öz qəti sözünü dedi. Sonuncu dəfə 1991-ci ilin 29-30 avqust tarixlərində respublika Ali Sovetinin sessiyasında çıxış edən Heydər Əliyev təxminən 22 ay sonra yenidən Azərbaycan parlamentinin tribunasından xalqımıza səslənirdi. Tarixin daha bir mühüm anında – taleyüklü məqamında!

 Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 Qurtuluş məfkurəsi xilaskarlıq salnaməsidir

Heç şübhəsiz, Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri və rolu var. Bu, ilk növbədə, xalq-lider birliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünyanın geosiyasi xəritəsindən silinmək təhlükəsindən, tənəzzüldən və böhrandan xilas olaraq tərəqqi və yüksəliş, rifah və intibah dövrünə qədəm qoymasıdır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurəsi, eyni zamanda, Azərbaycan xalqının xilaskarlıq salnaməsidir.

1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı əsasında Azərbaycan Prezidenti seçilən Heydər Əliyev qısa zamanda ölkədə sabitliyin, milli həmrəyliyin və inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutması üçün ardıcıl, məqsədyönlü işlər həyata keçirməyə başladı. Xüsusilə də, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması həm sosial-iqtisadi inkişafın, həm də dünya iqtisadiyyatına inteqrasiyanın təmini baxımından mühüm əhəmiyyətə malik idi. Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləyirdi. Amma ölkə daxilində xaos yaratmaq, beynəlxalq aləmdə Azərbaycanı etimadsızlaşdırmaq üçün növbəti həmlələr edildi. Daha dəqiq desək, 1994-cü il oktyabrın 4-də xalqın iradəsinə, milli maraqlara zidd olaraq dövlət çevrilişinə cəhd göstərildi. Vətənpərvər şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyev çox müdrik bir addım atdı, oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq güclü və qətiyyətli dəstək ifadə etdi. Bu, xalq-iqtidar birliyinin, milli həmrəyliyin əyani ifadəsi – bariz sübutu idi. Azərbaycan xalqı bir daha Heydər Əliyevə inam və dəstəyini, dövlətə, dövlətçiliyə sədaqətini nümayiş etdirdi. Beləliklə, xalq-Lider birliyi Azərbaycanın tərəqqiyə və Zəfərə aparan yolunun qarşısını almaq istəyənlərin növbəti mənfur niyyətlərini puç etdi. Ulu Öndər sonrakı vaxtlarda da sabitlik və təhlükəsizliyin qorunmasına, inkişafın təmin olunmasına nail olmaqla güclü və firavan Azərbaycan məqsədini gerçəkləşdirdi.

Dövlət müstəqilliyi: 1991-ci ildən adı formal müstəqil dövlətlər sırasında yer alan Azərbaycan milli suverenliyini – əsl müstəqilliyini məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra əldə etdi. Azərbaycan dövləti öz resurslarının sahibinə çevrildi, respublikamız beynəlxalq münasibətlər sistemində öz milli-strateji maraqları əsasında təmsil olunmağa başladı. Azərbaycan adı müstəqil siyasət yürüdən dövlətlər sırasında layiqli yerini tutdu. Beləliklə, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin müstəqillik zirvəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik bir dövlətin mənəvi-siyasi ömrünü əks etdirən anlayışdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır

Azərbaycanın dövlət müstəqilliyinin bərpası 31 ilə yaxın zaman müddətini əhatə etsə də, qət edilən zəngin və şərəfli yola, qazanılan tarixi nailiyyətlərə nəzər saldıqda belə bir qənaətə gəlmək olur: Azərbaycan zaman etibarilə gənc, mahiyyət və keyfiyyətcə kamilliyə, müdrikliyə çatmış müstəqil dövlətdir. Bu, Heydər Əliyev ideyalarının reallaşdırılması sayəsində mümkün olub;

Zəngin mənəvi-siyasi irs, yaxud Heydər Əliyev ideyaları: Heydər Əliyevin zəngin dövlətçilik irsi, heç şübhəsiz, milli sərvət və mütərəqqi dəyərdir. Heydər Əliyev ideyaları həm XX, həm də XXI əsrdə Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi əsaslarını təşkil edən dəyərlər sistemidir;

Siyasi varislik: Ümummilli Lider dövlətçilik tariximizdə siyasi varislik erası və ənənələrini yaratmaqla davamlı inkişafı, dayanıqlı sabitliyi təmin etmiş oldu. 31 dekabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Azərbaycan xalqına rifah, inkişaf, intibah və tərəqqi ilə bağlı söz verən cənab İlham Əliyev xalqımıza vədlərini, ata vəsiyyətini yerinə yetirdi. O, inkişafın milli modelini yaratdı, daha güclü Azərbaycan quruculuğuna müvəffəq oldu.

Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq. Başqa sözlə, tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir – Böyük Qayıdışa start verilib.

Bu gün Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır. Çünki Azərbaycan tərəqqi yolunda, Zəfər marşındadır. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə – möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə – siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. Milli Qurtuluş Günündə – 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə gedən yol da Qarabağın işğaldan azad edilməsindən, Zəfər təqvimindən keçir.

Müstəqillik və bütövlükdə dövlətçilik tariximiz iki tarixi Qayıdışla əlamətdardır:

1993-cü ilin iyun ayında Heydər Əliyevin Qayıdışı – Azərbaycanın xilası və tərəqqi yoluna çıxması;

Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbə – tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə – hərbi-siyasi əsarətdən xilas edilmiş yurd-yerlərimizə Böyük Qayıdış.

Heydər Əliyev 1993-cü ildə Naxçıvandan Bakıya QAYIDARAQ Azərbaycanın Qurtuluşunu təmin etdi. İlham Əliyev isə QAYIDIŞDAN başlanan – Qurtuluş sayəsində təməli qoyulan Zəfər yolu ilə Azərbaycanı Şuşa zirvəsinə, Qarabağ məqamına yüksəltdi – xalqımızın Böyük QAYIDIŞ arzusunu reallaşdırdı!

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi

İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, proseslərin düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Ümumilikdə 1991-1993-cü ilin ortalarına qədər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xarakterizə olunur. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ölkəni “Olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın Ermənistanın getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına şərait yaradırdı. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı. Xalq əmin idi ki, Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin təhlil edilməsinə, gələcək nəsillərə çatdırılmasına çağırışlar edir. Azərbaycan gəncləri ölkəmizin müstəqillik yolunun heç də hamar olmadığını bilməli, bugünkü uğurlarımızın təməlində dayanan amillər barədə aydın təsəvvürə malik olmalıdırlar. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin isə “Heydər Əliyev İli” elan edilməsi dövlətimizin müstəqillik tarixinin vərəqlənməsində, gənc nəslə daha dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu, hər kəsin qəbul etdiyi reallıqdır ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyev bildirir ki, əslində, bizim müstəqillik tariximiz o ildən başlamışdır.

Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər Heydər Əliyev sadə vətəndaşlarla, hərbçilərlə görüşərək qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Ümummilli Lider görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında fikirlərini açıqladı. Məhz həmin gün Azərbaycanın çoxəsrlik tarixinə əlamətdar hadisə kimi yazıldı. Belə ki, sessiyada deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi hadisə ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. 1993-cü il iyunun 15-i Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir

1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Nizami ordu yaradıldı. Azərbaycanın davamlı uğurlarının fonunda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizlə bağlı arzuları reallığa çevrildi. Azərbaycan dünyaya günəş kimi doğdu. Ən çətin günləri arxada qoyan Azərbaycanın imzası imzalar arasında xüsusi seçildi.

Uğurlarımızın miqyası genişdir. 1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır.

Ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir. Ulu Öndər Heydər Əliyev İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etdi. Eyni zamanda, bildirdi ki, axıra çatdıra bilmədiyi işləri İlham Əliyev axıra çatdıracaq. Təbii ki, Ümummilli Liderin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmiz tarixi Zəfərimizin reallıqlarını yaşayır və qalib dövlət kimi öz şərtlərini diktə edir, regionda və dünya siyasətində yeniliklərə yol açır. Azərbaycan şanlı Qələbəsi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 30 ilin işğalına 44 gündə son qoyulması Heydər Əliyev siyasətinin təntənəsidir. Qələbəmizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkə bütün bunları aradan qaldıracaq liderə ehtiyac duyurdu. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi. Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas etdi.

İyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edərək bildirdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə xalq Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Dahi Lider oktyabrın 10-da andiçmə mərasimində çıxışında dedi: “Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.

Ulu Öndər qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadiminin gedişləri çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi.

Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazılıb. Tarixi şəxsiyyətin yorulmaz, məqsədyönlü, ardıcıl və qətiyyətli mübarizəsi nəticəsində ölkəmiz hərtərəfli inkişafa nail oldu. Ölkənin inkişafı üçün əsas şərt olan ictimai-siyasi sabitlik, sülh və əmin-amanlıq yaradıldı, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesini gerçəkləşdirdi. Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müdrik xarici siyasəti, şəxsi nüfuzu sayəsində müstəqil Azərbaycan çox keçmədən beynəlxalq arenaya çıxa bildi. Onu dünyanın hər yerində hörmətlə qarşılayır, sözünü eşidirdilər.

Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq proseslərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. Müstəqilliyimizin ilk illərində orduda hərc-mərclik, intizamsızlıq hökm sürürdü. Ulu Öndər 1994-cü ilin may ayında cəbhədə atəşkəsə nail oldu və Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə edilməsi istiqamətində mühüm addımlar atdı. Ümummilli Lider işğal altında qalan torpaqlarımızın gec-tez düşməndən azad olunacağına əmin idi.

Rəmzi Şirinov-Zərdab rayonu Dəli Quşçu kənd sakini fəal gənc

 

 

Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi

Azərbaycanın dövlət quruculuğunda və idarəçiliyində bütün sahələr üzrə daim inkişaf və tərəqqiyə aparan nəhəng işlərin memarı və qurucusu olan Heydər Əliyev ölkənin iqtisadi potensialının yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edirdi. Bu baxımdan Ümummilli Liderin hər zaman aktual olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” ideyası onun həyata keçirdiyi dövlət quruculuğu siyasətinin mərkəzində dururdu. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə çox ciddi iqtisadi islahatlara başlanıldı. İlk növbədə iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıldı. Ən əsası iqtisadiyyatımızın inkişafında neft amilinə böyük önəm verilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan 1994-cü ildə investisiya qoyuluşu baxımından riskli ölkə sayılırdı. Xarici şirkətlər Azərbaycan neftinə sərmayə qoymağa tərəddüd edirdilər. Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandıra bildi ki, Azərbaycana qoyulan sərmayə hədər getməyəcək. Beləliklə, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair “Əsrin müqaviləsi” adı almış neft kontraktları imzalandı. Bu, tarixi hadisə Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu. Azərbaycan neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Dahi rəhbər “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxışında bu sənədin əhəmiyyətinə toxunaraq deyib: “Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.

Çoxlarına gerçəkləşməsi inanılmaz görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan sonrakı illərdə əməkdaşlığın coğrafiyasını genişləndirməklə dünyanın enerji təhlükəsizliyinə davamlı töhfələr verən ölkə kimi nüfuz qazandı. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan bu gün də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, Ümummilli Liderin dahiyanə uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadəsinin təmin olunması bu gün ölkəmizin hərtərəfli inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanın təşəbbüsçüsü və müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin, onun əsas tərkib hissələri olan TANAP və TAP-ın uğurla reallaşması ölkəmizi dünyanın, o cümlədən Avropanın enerji təminatında əsas söz sahiblərindən birinə çevirib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Milli Qurtuluş Günü ilə əsası qoyulan xilaskarlıq tariximizin çox böyük elmi əsasları vardır

“Xalqın tarixi taleyinin xilası haqqında düşünərkən aydın olur ki,  Milli Qurtuluş  tarxinin  miqyası, bu tarixlə nəyə nail olmağımızın nəticələrindədir.    O bütün tarixi zamanlarda müzakirə ediləcək, öyrəniləcək.”

Siyasi elm sübut edir ki, siyasi səriştəsizlik mərkəzi hakimiyyəti laxladır,  xaos, parcalanma  mərkəzdənqaçma aktivləşir: “Dövlət  aparatı öz funksiyasını yerinə yetirə bilmir. Onun  xarici yaxud daxili səbəbləri vardır. Çoxlu xalqların həyatında xilaskarlığın mahiyyətinin izahı var. Bu məqamda müdrik şəxsiyyətləri olmayan xalqların taleyi yalnız məhv olmaqla üzləşir. Bu günkü mütərəqqi ideologiya sübut edir ki, “Milli Qurtuluş günü”  bizi ilk növbədə lidersizlik buxovundan xilas etdi. Mütəşəkkil, sarsılmaz birlik, milli özünüdərk üçün ilk nöbədə müdrik siyasi lider olmalıdır. Lidersizliyin 1993-cü ilədək yaratdığı fəsadlar isə tariximizin acı səhifələrinə çevrildi.  Bu mərhələdə Heydər Əliyevin siyasi xarizması xilaskarlığın ən mühüm və ən vacib amili kimi xilaskarlığımızın başlanğıcını qoydu.

Növbəti mərhələ hamımıza aydın etdi ki, təkcə problem daxildəki qrupları zərərsizləşdirib mərkəzi dövlət aparatı yaratmaq deyil.  Azərbaycan həm də ərazi bütövlüyünü itirib.  Siyasi səriştəsizlərin günahı ucbatından xalqı həm də düşüdüyü bu ümummilli bəladan xilas etmək lazımdır. Büdcə dağılıb, bütün qonşu dövlətlər və dünya ilə münasibətlər pozulub. Türkiyədən başqa. Xilaskarlığın növbəti daha çətin və məsuliyyətli mərhələsi önə çıxdı. Bu mühüm tarixi mərhələdə Ulu Öndər Heydər Əliyev “Əsrin Müqaviləsi”ni reallaşdırmaqla böyük qələbəyə nail oldu.

Möhkəm dövlətcilik təməlinin davamlılığı üçün siyasi varis Azərbaycanı bütün təsirlərdən qorumalı və daha sürətli inkişafı təmin etməli idi. Dahi siyasi xadim bu mərhələdə layiqli siyasi varisliyi təmin etməklə xilaskarlığın növbəti mərhələsini tamlaşdırdı. Bütün dövlət cevrilişlərinin qarşsı alındı, dünyadakı informasiya buxovları sındırılmağa başladı. Azərbaycan dünyaya açıldı və beynəlxalq tədbirlərin məkanına çevrildi. Qələbəyə addım addım yaxınlaşdıq. Əslində bu  prosesdə Prezident İlham Əliyev xalqı təkcə hərbi cəhətdən deyil, bütün cəbhədə Azərbaycanın haqq işi uğrunda mübarizəyə hazırlamağa nail oldu. Ulu Öndər Heydər Əliyevin xilaskarlığının davamını tamamlayan  siyasi varisliyin  mahiyyəti budur. Digər ölkələrdə tez tez baş verən hakimiyyət dəyişikliyinin mənfi nəticələri bizə daha aydın edir ki, Heydər Əliyev siyasi epoxası sabitliyin, inkişafın, qələbənin əsasını qoyub. Mütərəqqi ideologiyanın güclü dövlətcilik naminə  tətbiqini reallaşdırıb. Vətən müharibəsinin uğurlu nəticəsi, xalq-lider birliyinin sarsılmazlığı xilaskarlığın daha mühüm mərhələsi kimi “Şuşa Bəyənnaməsində” öz təsdiqni  tapdı. Tarixi ideoloji mahiyyət baxımdan Azərbaycana uzanan qara əllərin qarşısına sədd çəkildi. Odur ki, “Milli Qurtuluş Günü” ilə əsası qoyulan xilaskarlıq tariximizin çox böyük elmi əsasları vardır. O elə bir tarixidir ki, millətin kimliyini təsdiq edib və tamlaşdırıb, xalqın qəlbəsini təmin edib.”

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı

Azərbaycan xalqı və dövlətinin müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olması danılmaz həqəqətdir. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində məhz onun inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə qısa nəzər salmaq kifayətdir.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamannda müflisləşərək vətəndaşların inamını puç edirdilər. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan  Heydər Əliyev çıxardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai- siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ulu Öndər illər sonra həmin günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan  yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın