21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil

2024-cü ilin İyulun 18-də Böyük Britaniyada Qərb ölkələri arasında siyasi əlaqələndirmə platforması hesab edilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı keçirildi. 45 dövlət və hökumət başçısının iştirak etdiyi budəfəki toplantıya ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri də dəvət olunmuşdu. Əsas mövzular arasında  qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq məsələləri var idi. Birgünlük iclasda açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda – miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini ilə bağlı üç “dəyirmi masa” keçirilib.

Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident cənab İlham Əliyev də iştirak edib. Əlbəttə ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezident cənab İlham Əliyevin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Cənab Prezident həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

Davamlı və sabit əməkdaşlıq üçün bütün lazımi amillər mövcuddur

2022-ci ildə yaradılan “Avropa Siyasi Birliyi”nin hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Avropa İttifaqı üzvü olmayan digər dövlətlər daxildir. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib. 44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi sammit Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirib. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə ediblər.

2023-cü il iyunun 1-də isə Moldovanın paytaxtı Kişineuda “Avropa Siyasi Birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmin il oktyarbr ayının 5-də isə İspaniyanın Qranada şəhərində “Avropa Siyasi Birliyi” 3-cü Zirvə toplantısı keçirilib. 51 ölkənin iştirakı ilə real-laşan sammitdə Avropanın gələcəyi müzakirə edilib. Avropa İttifaqı bildirir ki, “Avropa Siyasi Birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda orada yer alan ölkələrin nə vaxtsa mütləq Avropa İttifaqı üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Avropa İttifaqı ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də birliyin iştirakçısı ola bilərlər.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

 

 

Azərbaycanın təbii qazını alan ölkələr

Prezident cənab İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri isə ilk növbədə ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə oldu. Zirvə toplantısı çərçivəsində Prezident cənab İlham Əliyevin dövlət və hökumət başçıları ilə görüşləri də baş tutdu. Diqqətçəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu da onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır.

Sammit çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın enerji potensialı və qarşıdakı hədəfləri açıqladı. Cənab Prezident bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: “Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir”. Bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi ittifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Cənab Prezident diqqətə çatdırıb ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Azərbaycan bir neçə aya Sloveniya bazarına da daxil ola biləcək. Bununla yanaşı, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. Cənab Prezident çıxışında bir daha xatırladıb ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, Azərbaycan yalnız Avropanı 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öhdəliyini yerinə yetirmək üçün çalışır. Bu, Azərbaycanın hədəfidir. Prezident cənab İlham Əliyev, həmçinin digər enerji layihələri barədə məlumat verərək Azərbaycanın etibarlı enerji təchizatçısı olduğunu bir daha bəyan edib.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Tarixi nailiyyət

Son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir. Prezident cənab İlham Əliyevin mötəbər sammitlərdə, konfranslarda çıxışı irəli sürdüyü təkliflər, təşəbbüslər bir daha göstərir ki, Cənab Prezident təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Beynəlxalq ictimaiyyət tərəfindən də dərk olunur ki, Cənab Prezidentinin fikirləri, irəli sürdüyü təşəbbüslər, verdiyi tövsiyələr qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli nümunədir. Ölkəmiz iqtisadi inkişafı, siyasi qüdrəti, beynəlxalq mövqeyi, qlobal layihələrdə iştirakı ilə daha da güclənir. Prezident Cənab İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir.

Təkcə bir ay ərzində Prezident cənab İlham Əliyev bir neçə nüfuzlu konfranslara dəvət alıb və həmin mərasimlərdə çıxış edərək dost və tərəfdaş ölkələrə çağırışlar edib. Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışı, Çinlə imzalanan strateji tərəfdaşlıq sazişi, Astanada Rusiya Prezidenti ilə görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlıq, münasibətlərin güclənməsi və yeni imkanların yaranması, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin daha da dərinləşməsi, Cənab Prezidentin Pakistan səfəri, dost və qardaş ölkələr arasında yeni müqavilələrin imzalanması İlham Əliyevin xarici siyasətinin təntənəsidir. Bir sözlə, Prezident Cənab İlham Əliyevin yalnız bu ay üçün gündəliyinə nəzər yetirmək kifayət edir ki, onun xarici siyasətdə ardıcıllıq və bütövlük nümayiş etdirdiyinin əyani şahidi olasan. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan artıq sözü eşidilən, təklifləri təqdir edilən və beynəlxalq birliyin fəal üzvü olan dövlətlərdən birinə çevrilib. Prezident Cənab İlham Əliyev isə tam müstəqil siyasəti, dərin və uğurlu diplomatiyası və şəxsi keyfiyyətləri ilə həm öz mövqeyini, həm də Azərbaycanın imicini daha da gücləndirir.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Uşaq şöbəsinin müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın