19.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan güclü idman dövlətidir

Azərbaycan güclü idman dövlətidir

Azərbaycan güclü idman dövlətidir.

Azərbaycanda bütün sahələr olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci il cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.
Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır
Prezident İlham Əliyevin cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında idman sahəsində böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır: “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir”.
Sağlam cəmiyyət hər bir dövlətin əsas məqsədidir. Dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir.
Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir. Odur ki, hər bir vətəndaş da idmanın kütləviləşməsi işinə öz töhvəsini verməyə çalışmalıdır.

Kəmalə Məmişova – Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.

Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sahələrində öz fəallığı ilə seçilir, yeniliklərin həyata keçirilməsində yaxından iştirak edir. Azərbaycan gənclərinin bir çox sahələrdə olduğu kimi, idman sahəsində də uğur qazanması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Bildiyimiz kimi, gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət dövlət başçımız İlham Əliyev tərəfindən bugün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın vacibliyini qeyd etməsək olmaz. Azərbaycan gəncləri üçün həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunmasında idmançı əsgər və zabitlərimizin xüsusi rolu olmuşdur. Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edərək bayrağımızı yüksəklərdə dalğalandıran idmançılarımız, 44 gün ərzində davam edən döyüşlərdə böyük şücaət və mərdlik göstərərək, üçrəngli, müqəddəs bayrağımızı doğma Qarabağımızda dalğalandırdılar. Bununla da Azərbaycan gəncliyinin gücünü bir daha bütün dünyaya nümayiş etdirdilər.
Bugün ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək göstərməsi, onları daha da ruhlandırır. Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı günü-gündən artmaqdadır.
Cənab Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul edərkən çıxış etmişdir. Çıxış zamanı cənab Prezident qeyd etmişdir ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.
Qalib ölkənin qalib gəncləri olaraq inanırıq ki, qarşıda idmançılarımızı daha böyük yarışlar və qələbələr gözləyir. Biz Birlikdə güclüyük!

Rəşad İsmayılov – Salahlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idmanı da əhatə etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.
Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda hərtərəfli idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər müasir idman obyektləri ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prilərinin, 2021-ci ildə futbol üzrə Avropa çempionatının müəyyən mərhələlərinin yüksək səviyyədə təşkil olunması ilə nəticələndi.
Cənab Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçiləri ilə görüşərkən qeyd etmişdir ki, “Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünə inamıdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir,- deyən Prezident İlham Əliyevin bu dəyərli fikirlərinə istinadək demək olar ki, bəli, idman sağlamlıqla yanaşı, həm də özünəinamı, eyni zamanda qorxmazlığı, əyilməzliyi, igidliyi özündə ehtiva edir. Bugünkü gəncliyin yüksək vətənpərvərlik keyfiyyətinə malik olmasında bu sahəyə göstərilən diqqət və qayğı öz sözünü deyib.

Rasif Qaçayzadə – Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın