Regional təhlükəsizlik sahəsində də Azərbaycan və Rusiya arasında sıx əməkdaşlıq davam edir
Regional təhlükəsizlik sahəsində də Azərbaycan və Rusiya arasında sıx əməkdaşlıq davam edir
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust 2024-cü il tarixində Azərbaycana rəsmi dövlət səfəri ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı baxımından tarixi bir hadisə kimi dəyərləndirilir. Səfərin formatı və xarakteri dövlətlərarası əlaqələrin yüksək səviyyəsini əks etdirir və regional sabitlik, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəkdir.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında keçirilən yüksək səviyyəli görüşlər müntəzəm xarakter daşıyır və iki ölkə arasındakı münasibətlərin dərin köklərə malik olduğunu göstərir. Bu səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də dostluq və müttəfiqlik xarakterli müqavilələr əlaqələrin davamlı inkişafını təmin etmək məqsədi güdür.
Əməkdaşlıq sahələri genişdir və iqtisadiyyat, humanitar sahələrdəki artan əlaqələrdən bəhs edən faktlar ortadadır. Keçən ilin və cari ilin altı ayında əmtəə dövriyyəsinin artması iki ölkə arasında əməkdaşlığın potensialını nümayiş etdirir. Bu sahədə qarşılıqlı əlaqələrin genişlənməsi iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərəcəkdir.
Səfər zamanı humanitar əməkdaşlığa xüsusi diqqət yetirilmiş, xüsusən təhsil sahəsində əlaqələrin inkişafı vurğulanmışdır. Azərbaycanda rus dilində tədris aparılan məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyəti, iki ölkə arasında mədəniyyət və təhsil sahəsindəki münasibətlərin daha da gücləndirilməsinə xidmət edir.
Regional təhlükəsizlik sahəsində də Azərbaycan və Rusiya arasında sıx əməkdaşlıq davam edir. Azərbaycanın suverenliyinin bərpa olunması ilə regionda yaranmış yeni şərait, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması üçün unikal imkanlar yaradır.
Nəqliyyat dəhlizləri, xüsusən də “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi, iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətlərindən biridir. Bu dəhlizin modernləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, yüklərin daşınması sahəsindəki potensialın artırılmasına və iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasındakı münasibətlərin daha da gücləndirilməsi üçün mühüm addım olacaqdır. Xüsusilə iqlim dəyişikliyi, səhiyyə, qida təhlükəsizliyi və bitki karantini sahələrində qəbul edilən razılaşmalar, ikitərəfli əlaqələrin inkişafına yeni bir dinamika gətirəcəkdir. Rusiya Federasiyasının Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi etməsinə dəstək verməsi də iki ölkə arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini bir daha vurğulayır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır
Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır.
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb. Hazırda ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə qaldırıb.
Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib. Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Rusiya ilə humanitar əməkdaşlıq sahəsinə
həmişə xüsusi diqqət yetirilir
Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, “Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Qeyd edilib ki, bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Vurğulanıb ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb.
Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.
Rusiya Prezidenti Bakının son illərdə daha da inkişaf etdiyini söyləyərək bildirdi ki, Bakı yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir.
Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.
Bir sözlə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Putinin bu səfəri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə diqqəti cəlb edib, ciddi ajiotaj yaradaraq, birmənalı qarşılanmayıb, müxtəlif, bəzən də ziddiyyətli yanaşmalara səbəb olub. Əlbəttə, bu cür yanaşmaların obyektiv və subyektiv səbəbləri var. Etiraf edək ki, Rusiya üçün, yumşaq desək, heç də asan olmayan dövrdə ölkə rəhbərinin bu səfəri marağı artırmaqla yanaşı, müxtəlif suallar da doğurub.
İlk növbədə, bu səfər hazırda Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi bütün regional məsələlərdə, regiondakı strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olmasına, həmçinin çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirməsinə dəlalət edir. Son illər qlobal güclər arasında artan ziddiyyətlər, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, regional ixtilaflar, dünyada və bölgədə vəziyyəti daha da kəskinləşdirib. Bütün bu kimi müxtəlif mənfi proseslərin fonunda Azərbaycanın hərtərəfli və dinamik şəkildə həyata keçirdiyi, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun siyasi güc mərkəzləri ilə sıx əməkdaşlığın, əksər dövlətlərlə, xüsusilə də qonşularla isti münasibətlərin qalmasını təmin edib.
“İkincisi, təbii ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.
Üçüncüsü, bu, Rusiyanın üzləşdiyi və həll etmək istədiyi bir sıra məsələlərlə bağlıdır. Belə ki, 2022-ci ildə Ukrayna ilə müharibənin başlanmasından sonra Vladimir Putin ilk dəfədir ki, Azərbaycana gəlir. Hazırda Rusiyanın Qərb tərəfindən təcrid olunduqdan sonra müttəfiqləri ilə əlaqələrini qorumağa, imkan daxilində möhkəmləndirməyə ehtiyacı var. Digər tərəfdən, son iki ildə Qərbin qoyduğu sanksiyalara görə Avropa ölkələrinə Rusiyanın qaz ixracatı demək olar ki, dayandırılıb. Əksinə Azərbaycan Avropa İttifaqı ilə müqavilə imzalayıb və Rusiya qazından imtina edən ölkələrə daha çox qaz ixracı barədə razılaşma əldə edilib”, – deyə siyasi şərhçi bildirib.
Son dövrlər Azərbaycan ilə Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair birbaşa danışıqlar aparır, sülh müqaviləsini bağlamağa hazır olduqlarını bəyan edirlər. Qərbin iki ölkə arasındakı sülh prosesində fəallaşması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılaraq sonrakı mərhələyə saxlanılması və sair kimi məsələlər də Rusiyanın diqqətindədir. Kremlin bir müddət əvvəl “Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hər cür kömək göstərməyə hazırdır” bəyanatı da sübut edir ki, Rusiya Cənubi Qafqazda sülh prosesində fəallığını artıracaq.
“Azərbaycan nəinki regionda, həmçinin daha geniş arealda – Şərqi Avropa və Yaxın Şərqdə kifayət qədər əhəmiyyətli aktora çevrilməkdədir və artıq dünyada dialoq məkanı kimi tanınmaqdadır. Azərbaycanın müstəqil siyasəti, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində ciddi rol oynaya bilər. Azərbaycan hökuməti, Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Rusiya ilə də heç zaman əlaqələri kəsməyib, hər iki tərəflə əməkdaşlığı davam etdirib.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir
Xarici siyasətində iki və çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən dövlətimizin təkcə cari ilin ötən dövründə bu istiqamətlərdə əldə etdiyi uğurlara diqqət yetirmək kifayətdir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının prioritetliyini daha gaydın görmək mümkündür. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.
Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq.
Hər iki dövlət başçısının fikirlərindən yola çıxaraq deyə bilərik ki, ümumiyyətlə, ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş, müstəqil siyasət yürüdən Azərbaycanla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayan Rusiya arasında əlaqələr çoxşaxəlidir, genişdir və bu baxımdan təbii olaraq iqtisadi əməkdaşlığın çəkisi ilbəil daha da böyüyür. Ticarət-nəqliyyat əlaqələrindən söhbət açan zaman təməl daşına Ümummilli Liderimiz Heydər Əliyevin imzası möhürlənən və bu il ölkə başçısı cənab İlham Əliyevin də iştirakı ilə 50 illik yubileyi təntənə ilə qeyd olunan Baykal-Amur Magistralının əhəmiyyətini xüsusi qeyd etməsək olmaz. Məhz 1982-1987-ci illərdə, özünün sonralar “Kreml beşilliyi” adlandırdığı mərhələdə reallaşdırdığı bu “Əsrin layihəsi”, eləcə də digər misilsiz işlər sayəsində Ulu Öndər MDB ölkələrinin, xüsusilə Rusiya kimi böyük dövlətin bugünkü inkişafına mühüm töhfə verməklə həm də hər bir rus vətəndaşının sevgisini qazanaraq xalqlarımız arasında sarsılmaz mənəvi körpü yaratdı. Və həmin körpü sayəsində daha da yaxınlaşan Azərbaycan, Rusiya liderləri –cənab İlham Əliyev və Vladimir Putin bu gün vahid qərarlar qəbul edərək hər iki ölkəni yeni inkişaf mərhələsinə çıxarmaqda, regiona kənar müdaxilələrin qarşısını almaqda israrlıdırlar və buna nail olurlar.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Rusiya regionun böyük ölkələrindən biridir
Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Rusiya Prezidentinin ölkəmizə səfərində bu kimi reallıqlara bir daha aydınlıq gətirildi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəldikdə, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlmiş, 2024-cü ildə daha yüksək nəticənin əldə ediləcəyi gözlənilir. Burada sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artmasını xüsusi qeyd etməliyik. İqtisadi-ticarət əlaqələrinin yüksəlməsi iki ölkənin mövcud potensialına əsaslanır.
İki ölkə arasında fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər münasibətlərin çoxvektorluluğunu təyin edir və bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Azərbaycan ilə Rusiyanın qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir. Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. İstər keçirilən görüşlərdə, istərsə də mətbuata birgə bəyanatlarında Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi töhfələr də müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, humanitar Forumlara, dini sammitlərə ev sahibliyi etməklə dünyaya birlik, həmrəylik, ən əsası sülh, əmin-amanlıq mesajları ünvanlayır. Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirdi və Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Azərbaycan rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin onu da əlavə etdi ki, Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Biz onu kifayət qədər tez həyata keçirəcəyik.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır
Sülhün bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olan Azərbaycan 30 il dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma gözlədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiyanın mövqeyi daim diqqətdə olub. 44 günlük İkinci Qarabağ münaqişəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasında üçüncü tərəf məhz Rusiyadır. Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər. Azərbaycan dünyada dialoq məkanı kimi tanınır, həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində onun imkanlarından istifadə oluna bilər.
Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək: “Biz, həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.”
Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərlə yanaşı, imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Rusiya Prezidentinin ölkəmizə səfəri çərçivəsində də müxtəlif istiqamətləri əhatə edən sənədlər imzalandı. Bu sənədlər münasibətlərimizin gələcək inkişafında hüquqi bazadır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə qəbul etdikləri dövlət başçılarının Birgə Bəyanatı da münasibətlərimizin dünəninə və gələcəyinə işıq saldı. Ümumilikdə hər bir səfər əlaqələrin yeni prioritetlər üzrə inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Səfər çərçivəsində günümüzün reallıqları fonunda belə bir əminlik də ifadə edildi ki, Cənubi Qafqazda sabitlik bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verir. “Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” söyləyən cənab İlham Əliyev bildirdi ki, məhdud tərkibdə görüşdə regional təhlükəsizliklə bağlı məsələləri geniş müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiyanın dövlət başçısı Azərbaycana səfərinin yekunlarından məmnunluğunu ifadə etdi. Vladimir Putin aparılan danışıqların və əldə olunan razılaşmaların Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi. Rusiya Prezidenti paytaxt Bakı ilə bağlı təəssüratlarını belə bölüşdü: “Bakıda olmağıma, şəhərə bir daha tamaşa etməyimə şadam. Şəhər inkişaf edir, uğurla inkişaf edir, deyərdim ki, bir növ regionun oazisinə çevrilir.”
Münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin inkişafına təkan verən bir sıra mühüm addımların atıldığı, icrası güclü perspektivlər vəd edən, effektiv nəticələr verən dövlət sənədlərinin imzalandığı son 5 il xüsusi vurğu gərəkdirir. Bu baxımdan 2020-ci ildə ölkəmizin tarixi ədaləti bərpa etdiyi 44 günlük Vətən müharibəsi zamanı Rusiyanın ötən əsrin 90-cı illərindən fərqli siyasi mövqe sərgiləməsi, sülhə çağırışları mühüm fakt kimi diqqəti çəkir. Məhz həmin il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasında da şimal qonşumuzun əvəzsiz rolu danılmazdır ki, bununla hərbi əməliyyatların dayandırılaraq prosesin siyasi müstəvidə həllinə yol açıldı. Bütün bunların davamı olaraq Qarabağda Rusiya sülhməramlılarının missiyasını vaxtından əvvəl başa çatdırması və ölkəmizin ərazisindən çıxarılması, sərhədlərin delimitasiyası işinə başlanılması Prezident cənab İlham Əliyev diplomatiyasının növbəti uğuru kimi tarixə düşməklə həm də Vladimir Putinlə şəxsi əlaqələrinin möhkəmliyindən, sarsılmazlığından xəbər verir. Təqdirəlayiq gerçəklikdir ki, Azərbaycan dəyişən dünya düzənində, hazırkı həssas məqamda paralel şəkildə həm Avropa, həm də region ölkələri, o cümlədən də Rusiya ilə yaxşı, isti münasibətlər qurmağı bacarır. Bu diplomatik gedişlər bir sıra siyasi dairələrin, politoloqların, media nümayəndələrinin heyrətinə səbəb olur. Təsadüfi deyil ki, ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident cənab İlham Əliyevin xüsusi diplomatik məharəti nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə zonasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc