16.09.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb

1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb.

Laçının tarixi lap qədim dövrlərdən başlanır. 1828-ci ildə II Rusiya-Qacarlar müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən bölgə Şimali Azərbaycanın tərkibində Rusiya imperiyasına birləşdirilib. Azərbaycanda xanlıqlar ləğv olunduqdan sonra Laçın bölgəsi Qarabağ əyalətinə qatılıb.1868-ci ildən isə bölgə yeni yaradılan Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilir. Bölgə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin, 1920-1991-ci ildə Azərbaycan SSR-in tərkibində olmuşdur.
1905-1907 və1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində  erməni quldur dəstələrinin törətdiyi qırğınlar nəticəsində yarım milyona yaxın türk- müsəlman həlak olmuşdur. AXC yaradıldıqdan sonra Qarabağı və Zəngəzuru ələ keçirmək məqsədilə ermənilərin cəhdləri davam edir. Bu istiqamətdə səy göstərən erməni generalı Andronik Ozanyanın bir neçə minlik dəstəsi Laçının nüfuzlu şəxslərindən olan Sultan bəy Sultanov tərəfindən Laçın-Zabux yolundakı dərədə pusquya salınıb məhv edilir. Yalnız bir neçə nəfər erməni, Andronik daxil olmaqla, qaçıb canını qurtara bilir.
1920-ci ildə bölgə Sovet Rusiyasının XI Qırmızı Ordusu tərəfindən işğal olunur.
1920-ci il noyabrın 30-da Zəngəzur qəzası iki yerə bölündü və onun 6742 kv.verstlik ərazisindən 3105 kv.versti, Laçın da daxil olmaqla Azərbaycan SSR-in tərkibində qaldı. 3637 kv.verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Azərbaycanın əzəli rayonu olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının ecazkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağları silsiləsində yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Yadelli düşmənlə sərhəddə yerləşmək zamanla Laçının müsibətlər yaşamasına səbəb olmuşdur. Kiçik Qafqaz dağlarının qartalı Laçın rayonu, zəngin faydalı qazıntılarla, o cümlədən 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.
İşğalın nəticəsində rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Mənfur düşmən Ermənistan işğalçı tərəf olaraq, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevirməsi, erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən uzun illər idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad olundu. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Azərbaycana təhvil verməli oldu. Bu hadisə Azərbaycanın ən böyük qələbəsi idi. Bu gün Laçın azad nəfəs alır.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Laçının azad olunmasına görə” medal.

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.
Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri illər ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.  Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır .Erməni işğalından azad olunan digər Vətən parçalarımız kimi Laçın rayonu da müasir formada yenidən qurulur və 30 illik həsrətdən bu yerlərin doğma sakinlərinə təhvil verilir. Regionun strateji əhəmiyyətini artıran, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu yüksəldir. Artıq Laçın əhalisi Laçına qayıdır və dövlətimiz Laçını yenidən qurub yaradır.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq, bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi beynəlxalq aləmi heyran qoymaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  müasir texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla işğalda olan doğma  torpaqlarımızı  işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan xalqı ölkə başçısının rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi üçün möhtəşəm layihələr həyata keçirməkdədir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri zamanı bir daha bütün dünyaya nümayiş olunur ki, torpaq üzərində sahiblik haqqının meyarı onun xaincəsinə işğalı deyil, bu torpaq üzərində qurub-yaratmaq əzmidir.
Prezident cənab İlham Əliyevin bölgələrə etdiyi səfərlər bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amildir.
Ölkə rəhbərinin hər bir layihənin icrasını xüsusi diqqətində saxlaması işlərin yüksək effektivliyini təmin edir. Bu faktı Laçın rayonunda aparılan bərpa- quruculuq işlərinə xüsusi şamil etmək olar.  Bərpa- quruculuq işlərini icra edən podratçı təşkilatlarda çalışan işçilərin əksəriyyəti laçınlılardan ibarət olan qurucular böyük sevinclə tarixin izlərini qoruyub saxlamaqla yeni Laçın yaratmağa çalışırlar. Bu gün Laçında görülən möhtəşəm işlərin tükənməz siyahısı var və bu işlər kəmiyyət, keyfiyyət göstəriciliyi ilə yanaşı, yüksək iqtisadı strateji üstünlükləri ilə də diqqəti cəlb edir.
Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Merik”  və “Ağbulaq” Su Elektrik stansiyalarında son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın