Müasir dövlətçilik mərhələsinin tarixi həm də Heydər Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinin tarixidir
Müasir dövlətçilik mərhələsinin tarixi həm də Heydər Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinin tarixidir
Dərin zəka sahibi, müdrik insan, böyük öndər Heydər Əliyevin görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirən və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Başqa sözlə desək, müasir dövlətçilik mərhələsinin tarixi həm də Heydər Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinin tarixidir.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün xammal mənbəyinə çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını hazırlayıb qısa müddətdə həyata keçirdi. Bunun nəticəsində əvvəllər bütün əsas göstəricilər üzrə ölkə miqyasında geri qalan Azərbaycan tezliklə ittifaqın ən inkişaf etmiş respublikalarından biri oldu.
Hər bir dövlətin qüdrəti onun iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir, 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin, əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş verdi, tərəqqinin və yüksəlişin təməli qoyuldu.
Ulu öndərimizin bilavasitə göstərişi və rəhbərliyi ilə 1969-1982-ci illər arasındakı müddət ərzində respublikada ana dilində fəaliyyət göstərən yüzlərlə uşaq bağçası, məktəb tikilərək istifadəyə verildi. Ali təhsil müəssisələrinin sayı 17-yə çatdırıldı. Gənc nəslin təhsil və tərbiyəsi ümdə vəzifə olaraq irəli sürüldü, cəmiyyətin bütün sahələri kimi bu əhəmiyyətli sahədə də haqq-ədalət öz yerini tutdu. Sosial statusundan, yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlı gəncin öz arzusuna, intellektual imkanlarına uyğun təhsil almaq imkanı təmin edildi.
Ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı sayəsində 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında o dövrə qədər hərbi elitaya, demək olar ki, yaxın buraxılmayan azərbaycanlıların sayı intensiv şəkildə artdı, bu sahədə də milliləşdirmə prosesi geniş vüsət aldı. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir tarixi addım ataraq Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoydu ki, bu da azərbaycanlılar arasında hərbi işə marağın ictimailəşməsinə təkan verdi. Azərbaycan dövlətçiliyinin intellektual və əsgəri potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu bu günün prizmasından daha aydın, qabarıq görünməkdədir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar məhz yenə Heydər Əliyev sözünün intizarında idilər
1993-cü il iyunun 15-də ulu öndərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənədə çevrilərək Azərbaycanda demokratik inkişaf prosesinin başlanılmasına böyük təkan verdi.
Tarixi təcrübə sübuta yetirir ki, cahanşümul fəaliyyəti nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir. İnkişafın zəruri şərtlərindən olan sağlam və rasional varislik əsrlərdir ki, bütün dünyada alternativsiz yol kimi qəbul edilir.
Heydər Əliyev siyasətinin varisliyinin Azərbaycanın müasir inkişafının kökündə dayanan fundamental dayaq olduğunu söyləmək üçün isə kifayət qədər əsaslar var. Vaxtilə Heydər Əliyev şəxsiyyəti Azərbaycanın perspektiv inkişafının həlledici amili sayıldığı kimi, Heydər Əliyev ideyalarının varisliyi məsələsi hələ XX əsrin son illərindən mövcud inkişafın davamlılığının təmin edilməsi baxımından bir o qədər əhəmiyyətli hesab olunurdu.
Rifahı üçün bütün həyatını sərf etdiyi doğma Azərbaycan xalqı ilə vida ərəfəsində insanlar məhz yenə Heydər Əliyev sözünün intizarında idilər. Belə bir məqamda ulu öndərin ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə qadir siyasi lideri – cənab İlham Əliyevi böyük əminliklə xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək taleyi ilə bağlı tərəddüdlərini ortadan götürdü. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezident İlham Əliyev haqqında irəli sürdüyü “Mən ona özüm qədər inanıram” əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrildi.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir
Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı ümummilli liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi misalında qəbul edildiyi kimi, həm də onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərləndirilir. Bu mənada, İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq müasir sıçrayışlı inkişafın təminatçısı kimi qəbul olunmaqdadır.
Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş “güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” tezisi Azərbaycanın sıçrayışlı inkişaf strategiyasının əsası kimi qəbul olunan ideya və baxışlar sistemində həm ölkəmizin müdafiə potensialının artırılması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasında da əsas amillərdən oldu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 30 illik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, beynəlxalq hüquq bərpa olundu.
Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir. Bölgədə söz sahibidir. Dünyada qalib ölkə kimi tanınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq, İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasına inanmayan opponentlərin şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. 2009-cu il fevralın 23-də regionların sosial-iqtisadi inkişaf proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən bütün vədlər həyatda öz əksini tapdı. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın. Və ya yarımçıq qalsın…”.
Bəli, 19 il ölkəyə rəhbərliyi ilə hər bir vətəndaşın prezidenti olan İlham Əliyev qalib sərkərdə kimi də böyük uğurlara imza atdı. Azərbaycan tamlaşdı, bütövləşdi. Bütün bunlar isə Heydər Əliyev ideyalarının təntənəsidir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc
Müstəqil Azərbaycanın mövcudluğuna görə məhz Heydər Əliyevə borcluyuq
Danılmaz həqiqətdir ki, Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Ümummilli lider Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi bu kontekstdə 1990-cı illərin gərgin şəraitinə, o cümlədən Ulu öndər Heydər Əliyevin həmin dövrdəki yorulmaz fəaliyyətinə nəzər salmağınızı istərdik…
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqillik Azərbaycan xalqının çoxdankı arzusu idi və Sovet İttifaqının dağılması yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Azərbaycan da keçmiş SSRİ-nin tərkibindən çıxaraq özünün dövlət müstəqilliyini elan etdi. Lakin qarşıda daha mühüm bir vəzifə dururdu – bu müstəqilliyi qoruyub saxlamaq, müstəqilliyin xalqa xeyir verməsinə nail olmaq, insanların layiqli həyatını təmin edə bilən güclü və müasir dövlət qurmaq lazım idi.
Lakin müstəqilliyin ilk illərində tarixi proseslər milyonlarla insanın istədiyi məcrada cərəyan etmədi. 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa edəndən sonra onun başı üzərində qara buludlar dolaşırdı. Bir tərəfdən erməni təcavüzü, Azərbaycan torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi, ölkə daxilində separatçı meyillər, digər tərəfdən isə hökm sürən hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül total böhrana gətirib çıxarmışdı. Azərbaycan real təhlükə qarşısında idi – o, nəinki müstəqilliyini, hətta ərazi bütövlüyünü itirə bilərdi. Əgər 1993-cü ilin ortalarında xalqın istəyi, arzusu, hətta tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, indi Azərbaycanın tarixi tamam başqa cür olar, Azərbaycan xalqı başqa taleyi yaşamağa məhkum olardı.
Buna görə də düşünürük ki, müstəqil Azərbaycanın mövcudluğuna görə biz məhz Heydər Əliyevə borcluyuq. Bunu bütün Azərbaycan xalqı başa düşür. Güclü Azərbaycan dövlətinin yaradılması, qüdrətli Azərbaycan iqtisadiyyatının qurulması 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, Onun iradəsi və müdrikliyi sayəsində təhlükəli proseslərin və təhdidlərin cilovlanması ilə bağlıdır.
Daxili və xarici təhlükələrin qarşısının alınmasında Heydər Əliyevin xidmətlərindən danışarkən ilk növbədə, Azərbaycanda sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasını qeyd etmək istərdim. Hərc-mərclik və anarxiyanın qarşısı alındı, erməni təcavüzü dayandırıldı, xaricdən yaranan təhlükələr və daxili separatizm məğlub edildi. Sabitlik və qanunçuluq iqtisadiyyatda islahatlara yönəlmiş layihələrin həyata keçirilməsi üçün bir təməl oldu. Bu sıraya neft strategiyasını, torpaq islahatını, iqtisadiyyatın bazar münasibətlərinə keçirilməsini və hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulması kimi əsaslı məqamları aid etmək olar. Əlbəttə, siyasi islahatlar da kənarda qalmadı – ölkənin yeni Konstitusiyasının qəbul edilməsi, demokratik təsisatlar yaradılması nəticəsində müstəqil Azərbaycan dövlətinin mütləq şəkildə öz müstəqilliyinə qovuşması prosesi başa çatdı. Azərbaycan xalqı haqlı olaraq belə hesab edir ki, Ulu öndər Heydər Əliyevin şah əsəri Onun yaratdığı müstəqil Azərbaycan dövlətidir. Heydər Əliyevin qətiyyəti, iradəsi, müdrikliyi və uzaqgörənliyi sayəsində qurulmuş bu dövlətin əsasları o qədər möhkəmdir ki, bugünkü güclü və müasir Azərbaycan həmin əsaslara söykənir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri