“Region gənclərindən eko könüllülü hərəkatına ilk addım” layihəsinin təqdimatı keçirildi
“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən eko könüllülük hərəkatına ilk addım” adlı layihənin təqdimatını Zərdab şəhər Mərkəzi Kitabxanasında həyata keçirib.
Qanunla.Az xəbər verir ki, təqdimatda 70 nəfər – gənclər, məktəbli və müəllimlər iştirak edib.
Təşkilatın sədri Vəfa Xəlilli AR Gənclər Fondu, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Təqdimatda Zərdab RİH nümayəndəsi Tural Nağıyev, Bakı Dövlət Universitetinin müəllimi Elnur Nağıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti “Şərq tərəfdaşlığı ölkələrində Yaşıl sövdələşməyə hazırlığın təşviqi” layihəsinin Azərbaycan üzrə layihə meneceri Samir Abbasov qonaq qismində çıxış edərək ekoloji könüllülükdən və layihənin önəmindən danışıblar.
Layihənin məqsədi region gənclərinin ekoloji sahədə könüllülük fəaliyyətinə təşviq olunması, onların bu istiqamətdə fəaliyyətlərinin artırılmasından ibarətdir.
Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.
Qeyd edək ki, Layihənin növbəti mərhələsində Göyçay şəhərində Region gənclərinin eko könüllülük düşərgəsi keçiriləcək.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli