Qubadlı rayonu tamamilə işğaldan azad oldu
Qubadlı rayonu tamamilə işğaldan azad oldu.
27 ildən çox bir müddət ərzində erməni tapdağı altında inləyən, əzilən torpaqlarımızdan biri də Qubadlı olmuşdur. Uzun illər mənfur düşmənin istismarında olan gözəl guşələrimizdən biri olan Qubadlı şəhəri dəfələrlə işğalçı qüvvələrin hücumlarına məruz qalmışdır. İşğal dönəmində Qubadlının kəndləri, qəsəbələri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Qadın, uşaq daxil olmaqla, çoxlu sakin öldürülmüş, əsir götürülmüş, bir çoxlarının taleyindən bu günədək heç bir məlumat yoxdur.
Şükürlər olsun ki, 44 gün davam edən Vətən savaşında ordumuz şanlı tarix yazdı. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.Uzun sürən işğal xalqımızın, ordumuzun qələbəyə olan ümidlərini zərrə qədər də olsa azaltmamışdır. Səbr kasası daşan, düşmənə öz layiq cəzasını vermək üçün səbrsizləşən xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə 27 sentyabrda düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi ilə başlayan Vətən müharibəsində qazandığı qələbələr düşməni sülhə vadar etdi. Müzəffər sərkərdənin qətiyyəti, şanlı ordumuzun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni torpaqlarımızdan çıxmağa məcbur etdi.
Bu qələbə sərkərdənin qətiyyəti və dönməzliyi, igid Azərbaycan əsgərinin şücaəti və mətanəti sayəsində əldə edildi. Bizə yaşatdıqları bu sevincə görə qanından, canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq.
Qarabağ Azərbaycandır!
Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində,Qarabağ yaylasının cənub-şərqində yerləşir.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır.Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır.
İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.
Bunu qürurla deyirik ki, bu gün Qubadlıya yeni həyat gəlib. Bu gün rayon tam şəkildə yenidən qurulur.
Əfqan Nağıyev – Zərdab şəhər 4 nömrəli ümumi orta məktəbin direktor müavini