Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir
Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir.
Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar olan bu sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”. Qeyd edilib ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. “Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Ölkə başçısı həmçinin bildirib ki, Somali ilə tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Dövlətimizin başçısı qeyd edib: “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”. “Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir” deyən Somali Prezidenti Hasan Şeyx Mahmud çox məhsuldar keçən görüşü Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı kimi dəyərləndirib. Somalinin çətin dövrdən çox parlaq gələcəyə keçid edən, zəngin resurslara və böyük potensiala malik ölkə olduğunu vurğulayan Hasan Şeyx Mahmud bildirib ki, lakin şərait inkişaf etməyə imkan verməyib: “Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir”. İmzalanmış sənədlərdən söz açan Somali Prezidenti bildirib ki, imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır: “Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq.” Qeyd edilməlidir ki, bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələr arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcıdır. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışlarının üst-üstə düşdüyünü vurğulayan Hasan Şeyx Mahmud, həmçinin bildirib: “Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim”. Beləliklə, Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həm də Afrikanın inkişafına töhfə verəcək. Azərbaycanın Afrika ölkələri ilə iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini daha da genişləndirməsi qarşılıqlı fayda gətirəcək və uzunmüddətli strateji tərəfdaşlığa zəmin yaradacaq.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır.
Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştiraki ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı. Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərdən bəhs etdilər. Azərbaycan və Somali liderləri geosiyasi vəziyyəti, regionların qarşılaşdığı çağırışları və ölkələrin ərazi bütövlüyü və suverenliyi məsələlərini geniş şəkildə müzakirə etdilər. Prezident İlham Əliyev ölkəmizin 1990-cı illərdən başlayaraq beynəlxalq səviyyədə tanınmış ərazilərinin erməni işğalından azad edilməsi uğrunda keçdiyi çətin tarixi mərhələ barədə Somalinin dövlət başçısına məlumat verdi. Tərəflər, həmçinin terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyə malik olduqlarını bir daha vurğuladılar. Azərbaycan və Somali arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Hazırda Somali tələbələri Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil alırlar. Yeni imzalanmış sənədlər isə bu imkanları daha da genişləndirməyə xidmət edir. İlkin mərhələdə 10 somalili tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur, gələcəkdə isə bu sayın daha da artırılması planlaşdırılır. Azərbaycan Somali iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoymaq imkanlarını da araşdırır. İki ölkənin nümayəndə heyətləri Somalidə sərmayə imkanlarını müzakirə edərək infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialını qiymətləndirdilər. Somali Prezidenti bu ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu qeyd etdi. Azərbaycan isə kənd təsərrüfatında özünü təmin etmə siyasəti çərçivəsində bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Müdafiə sahəsində əməkdaşlığımızı genişləndirilmək məqsədilə ölkələrimiz arasında xüsusi razılaşmalar imzalandı. Somalinin dövlət başçısı Bakıda Azərbaycanın müdafiə sənayesi potensialı ilə yaxından tanış olacaq. Belə ki, ölkəmiz hazırda güclü müdafiə sənayesi infrastrukturuna malikdir və öz istehsalı olan müdafiə avadanlıqlarını bir sıra ölkələrə ixrac edir. Müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Somalinin Azərbaycan istehsalı olan müasir müdafiə avadanlıqları ilə təmin edilməsi və hərbi təlimlərin təşkili də nəzərdə tutulur. Dövlət başçımız mətbuata verdiyi bəyanatda ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə dəstək verməyə davam etdiklərini xatırlatdı. İki dövlətin xarici işlər nazirləri artıq müxtəlif tədbirlərdə bu məsələləri müzakirə ediblər və hökümətlərimiz gələcəkdə də BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birinə dəstək vermək niyyətindədirlər. Bakıda iki dövlət arasında “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalandı.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.