20.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Güclü, qüdrətli Azərbaycan həmişə əsas hədəfdir

Güclü, qüdrətli Azərbaycan həmişə əsas hədəfdir

Güclü, qüdrətli Azərbaycan həmişə əsas hədəfdir

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində rolu təqdir edilir. Reallıq budur ki, ölkəmiz yaratdığı yeni reallıqlarla regionda, dünya siyasətində yeniliklərə nail oldu. Cənab İlham Əliyev müsahibəsində ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti olan   ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını qeyd etdi. Bildirdi ki,   bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, milli ideyamız idi və hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Dövlət başçısı İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi bu gün ölkə və dünya mətbuatında geniş şərh olunur. Cənab İlham Əliyev həmin müsahibədə hər bir ölkənin inkişafını şərtləndirən amillərdən, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində  ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasından, dünyanın iqtisadi və siyasi xəritəsində  Azərbaycanın mövqeyinin möhkəmləndirilməsindən,  yeni dövrün Azərbaycanın hədəflərindən geniş bəhs etdi.

Azərbaycanın müstəqilliyinin bərpasından, daha dəqiq desək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yoluna diqqət yetirsək görərik ki, daim qarşıya hədəflər qoyulub, onlara nail olduqca yeni hədəflərin müəyyənləşdirilməsinə zərurət yaranıb. Güclü, qüdrətli Azərbaycan həmişə əsas hədəfdir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaranan möhkəm təməl üzərində Azərbaycan daim  möhtəşəm uğurlara imza atır. Son 21 ildə  Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev xalqımızın torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa olundu. Uğurlarımızın zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması dayanır.

Cənab İlham Əliyev müsahibədə bu reallığa da diqqəti yönəltdi ki, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq.

Jurnalistin “Ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir” sualına gəldikdə isə Prezident İlham Əliyev bildirdi ki, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi bu gün ölkə mətbuatında geniş şərh olunur. Dövlətimizin başçısının hər bir müsahibəsi mühüm çağırışlarla zəngindir. Sözügedən müsahibədə də Azərbaycanın uğurlarından geniş bəhs olunaraq onların fonunda dövrün çağırışlarına uyğun olaraq fikirlər səsləndirildi.

Azərbaycanın hər bir sahədə əməli nəticələrə, əməkdaşlıq proqramlarına malik olduğunu qeyd edən cənab İlham Əliyev bildirdi ki, digər ölkələr kimi Azərbaycanın da xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir: “Mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır”.

Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən  müstəqil siyasətinin uğurları göz qabağındadır. Azərbaycanın özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olması da qətiyyətli mövqeyinin göstəricisidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar – bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın