20.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Vəzifələrini fürsət bilib talanı yalanla qanuna bağladılar…

Vəzifələrini fürsət bilib talanı yalanla qanuna bağladılar…

Suraxanı rayonunda qanunsuz tikintilər davam etdirilir.

DogruXeber.az” bildirir ki, dəfələrlə bu barədə məlumatlar yayımlamağımıza baxmayaraq, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində və Hövsan qəsəbəsi, “Quşçuluq massivi” adlanan ərazidə çoxsaylı yaşayış evlərinin tikintisi aparılır. Halbuki, qeyd etdiyimiz ərazilər kənd təsərrüfatı təyinatlı torpaq sahələridir və orada əsaslı tikintinin aparılması qanunla qadağandır. Lakin, tikinti aparan şəxslərin sözlərinə görə, rahat tikinti aparmaları üçün onlardan pul alan səlahiyyətli şəxs onlara bütün qanunsuz tikintilərin ölkə başçısının sərəncamı əsasında ən qısa zamanda sənədləşdiriləcəyini deyib.

Suraxanı sakinini təhdid edənlər kimlərdir? – VİDEO

Qeyd: Dövlət başçısının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərmanda müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlak hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Yəni, tikinti üçün nəzərdə tutulmayan ərazilərdə – kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda, eləcə də kommunikasiya xətlərinin altında və boru xətlərinin üzərində inşa edilən evlər tam qanunsuz tikinti hesab edilir və onlar heç bir halda rəsmiləşdirilmir. Bir sözlə, həmin tikintilərin taleyi hələ sual altındadır.

Amma, gördüyünüz kimi, paytaxtın Suraxanı, Sabunçu, Xəzər və digər rayonlarında tikinti başlamaq üçün əsas söz sahibi olan, rəsmi sənədlər əsasında rəsmi icazə verməli olan qurum – yerli icra hakimiyyəti qeyri-qanuni yolla (maklerlər vasitəsilə) vətəndaşların pulunu alıb, qanunsuz iş görmələrinə şərait yaradaraq, onları taleyin ümidinə buraxırlar.

Vətəndaşları inandırmaq üçün isə əllərində tutduqları əsas ölkə başçısının 2016-cı ildə imzaladığı fərmandır ki, onu da yuxarıda qeyd etmişik.

Vətəndaşların yerli icra hakimiyyətinin və digər aidiyyatı qurumların “dabro”sunu almaq üçün ödədikləri məbləğlərin rəqəmlərinə və Suraxanı rayonu ərazisində aparılan tikintilərə nəzər saldıqda Adil Əliyevin və bu işdə icra hakimiyyətlərinin “ən yaxın şərik”i FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun, eləcə də Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin qanunsuz işləri niyə görməzdən gəldiklərini anlaya bilərik.

O, ARXKOM ki, mediada yayımlanan məlumatlara görə qurumun sədri Anar Quliyev ilə birinci müavini Namiq Hümmətov onu şərikli biznesə çevirib, əməlli-başlı “pul qırırlar”. Əvvəllər ARXKOM-da sədr müavini olaraq “vəzifəni gəlir mənbəyinə çevirməyin yolları”nı mükəmməl mənimsəyən Anar Quliyev yerli mediada adını tər-təmiz saxlamaq üçün birinci müavini Namiq Hümmətovu, Namiq Hümmətov isə Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevi qabağa verib şəhərin hər qarışından “əppək çıxarır”lar.

Maraqlıdır, hər inşa olunan yaşayış binasından 10 mənzil tələb etdiyi, ərazidə yaşayan sakinlərin etirazlarına rəğmən ona bahalı avtomobil hədiyyə edən iş adamına dəniz kənarını peşkəş verdiyi deyilən Ramin Abdullayev və onu işində möhkəm saxlayan himayədarları kiçik həyət evlərinin, yaxud iaşə obyektlərinin tikintisinə göz yummaq üçün icra hakimiyyətləri ilə hansı şərtlərlə razılaşıblar?

Həmçinin, tikinti sahəsində bütün təhlükəsizliyə cavabdeh olan qurumun – FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarov neft ərazisində, yüksək gərginlikli elektrik xətlərinin altında və sair dəmir parçası ilə tələm-tələsik qurulub, dam örtüyü vurulan o, qanunsuz tikintilərə nələrin müqabilində göz yumur?

Yeri gəlmişkən, ölkədə və ölkə xaricindəki (Türkiyə, İngiltərə və sair) bizneslərininin siyahısına görə adı ön sıralarda gələn dövlət məmurlarımız FHN şefi Kəmaləddin Heydərov ilə Cəbrayıl Xanlarovdur.

Onların ardından isə həmin siyahıda Adil Vəliyev və digər icra başçılarının, deputatların adları gəlir.

Deputat olduğu zamanlardan adı qoçu saxlamaqda və Rusiyadakı biznesi ilə hallanan Adil Əliyev də deyəsən biznesmen məmurların siyahısında adını ön sıralara çıxara bilmək üçün “rəqabətə girib”. Elə bu səbəbdən də rayonun ərazisində aparılan qanunsuz tikintilərin böyük əksəriyyətinə göz yumur. Hövsan sakini – şəhid qardaşı İlqar Şahmurov kimi tələb olunan məbləği verə bilməyənlərin aqibəti isə elə İlqar Şahmurovun özü kimi olur. Tikinti sökülür, uzun müddətlik zəhmətin hədər gedir. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda şıdırğı işlər aparılır. Ev tikən kim, evinin üstündən ikinci mərtəbə qaldıran kim…

Yeri gəlmişkən, 14 iyul küçəsində aparılan tikintilərlə bağlı aidiyyatı üzrə rəsmi sorğu göndərdiyimiz qurumlardan yalnız biri – Əmlak Məsələləri Dövlət Xidməti məsələyə həssas yanaşaraq, qanuna müvafiq qaydada addımlar atıb. Qurumun redaksiyamıza göndərdiyi cavab məktubunda bildirilir ki, məsələ baxılması üçün onların tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Baş Prokurorluğun hər hansı bir qanuni addım atıb-atmayacağı isə hələlik sual altındadır.

Nəticələrlə bağlı məlumatları ardıcıl olaraq dərc edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın