19.02.2025 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var

Azərbaycanın Şanxay  Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı  və dost münasibətləri var

Azərbaycanın Şanxay  Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı  və dost münasibətləri var.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesi başlanıb. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Beləliklə, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.

Zərdab rayon Nizami gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Bünyatova Alidə Eldar qızı.

 

 

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çin mediası olan CGTN telekanalına verdiyi müsahibədə ölkəmizin Cənubi Qafqaz və Xəzər regionundakı mövqeyi, iqtisadi dayanıqlılığı və beynəlxalq arenada qazandığı nüfuz geniş şəkildə vurğulanıb. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən etibarən tutduğu sabit mövqedən, həyata keçirilən genişmiqyaslı layihələrdən və ölkənin xarici siyasət strategiyasından bəhs edib.

Ölkənin siyasi sabitliyi və müstəqil siyasəti Azərbaycanı dünyanın etibarlı tərəfdaşlarından birinə çevirib. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını və müstəqil siyasətini qətiyyətlə müdafiə etdiyini vurğulayaraq, ölkənin əldə etdiyi uğurların məhz bu prinsipial mövqeyə əsaslandığını bildirib. Azərbaycan cəmiyyətində sabitlik və birlik olduğu müddətcə, ölkə öz milli maraqlarını qorumaq və beynəlxalq münasibətlər sistemində fəal iştirak etmək imkanına malikdir.

Azərbaycanın beynəlxalq siyasətdə qazandığı uğurlar arasında BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrliyi xüsusi qeyd olunmalıdır. 120 ölkəni birləşdirən bu hərəkatın lideri kimi Azərbaycan, qlobal miqyasda əməkdaşlıq və sülh prinsiplərinə əsaslanan siyasət apararaq, beynəlxalq nüfuzunu daha da gücləndirib. Həmçinin, təxminən 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək Azərbaycanın diplomatik uğurlarından biri kimi qiymətləndirilir. Bu hadisə ölkənin qlobal ekoloji və iqtisadi məsələlərdə fəal iştirak etdiyini və dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini sübut edir.

Azərbaycanın müstəqil xarici siyasəti, heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsipi və dostluğa əsaslanan yanaşması beynəlxalq səviyyədə geniş dəstək qazanıb. Prezident İlham Əliyevin Davosda verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan dünya xəritəsində öz mövqeyini möhkəmləndirərək, həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlığın və inkişafın öncüllərindən biri kimi çıxış edir.

Gəncliyə Dəstək İctimai birliyinin sədri Vəfa Xəlilli

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın