Xocalı soyqırımı beynəlxalq cinayətdir.
Xocalı soyqırımı beynəlxalq cinayətdir.
Beynəlxalq hüquq Xocalı qətliamının soyqırımı olduğunu tam təsdiqləyir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir.
Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin, şovinizminin qurbanı olmuşdur. Həmin gecə erməni cəlladları Xankəndidə yerləşən 366-cı alayın yaxından köməyilə Xocalıya soxulub onu tamamilə yandırdılar. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdı.
Xocalıda baş verənlər soyqırımı aktı olsa da, o zaman Azərbaycanda hakimiyyətdə olan qüvvələrin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən erməni vandalizminin gerçək mahiyyəti barədə dünya ictimaiyyəti yetərincə məlumatlandırılmamışdı. Rəsmi təbliğat Xocalıda cəmi iki nəfərin öldüyünü iddia etməklə soyqırımı faktının miqyasını kiçiltmişdi. O zamankı ölkə rəhbərliyinin bu faciəyə olduqca laqeyd və qətiyyətsiz münasibəti nəticəsində ermənilərin işğalçılıq, etnik təmizləmə, terrorçuluq, habelə Xocalı soyqırımı kimi dəhşətli cinayət törətməsinə dünya ictimaiyyəti biganə yanaşmış, təcavüzkarın cilovlanması üçün beynəlxalq səviyyədə hansısa təsirli tədbirlər görülməmişdir.
BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin dövrdə bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla Xocalıda baş verən faciənin soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlər həyata keçirməməsi də olduqca üzücü və təəssüfləndirici faktdır. Halbuki beynəlxalq hüquqa görə genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməl olaraq ən ağır beynəlxalq cinayətlərdən biri sayılır aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz.
Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar. Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”,”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır.
1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq “Sumqayıt olaylarını” dünyaya bəyan etdilər. Biz isə yaşadığımız gerçək qətliamı dünyanın önünə çıxarmağa tələsmirdik. Hətta 1993-cü il fevralın 23-də imzalanmış “Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında” fərman da kağız üzərində qalmışdı. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs isə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir.
Ümummilli liderimiz ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi,mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Beləliklə,bütün dünyada Xocalı faciəsinin beynəlxalq cinayət olduğu təsdiq edildi.
Telman Cəfərov
Saatlı rayonu Heydərabad kənd ibtidai məktəbinin direktoru