Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər
Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.
Müasir dünyamızda istənilən cəmiyyətin inkişafında duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən asılıdır. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etmsində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfü deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.
Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam isə dövlətimiz tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummulli lider Heydər Əliyev olub. Ümumiyyətlə ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipal göstərib.
Hazırda ölkəmizdə qadın siyasəti prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun daha da zənginləşdirməkdədir. Hər il Beynəlxalq Qadınlar Günü münasibtilə cənab Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur.
Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində ümummilli liderin adını daşıyan, xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyəti ilə seçilən, real əməlləri ilə ölkəmizin birinci xanımı olduğunu sübuta yetirən respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir. Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasına və təbliğinə əvəzsiz töhfələr verir.
Bütün bunlar müasir Azərbaycan qadının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik oldğunu bariz şəkildə nümayiş etdirir.
Biz əminik ki, hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsində Azərbaycan qadınları var gücləri ilə çalışacaqlar. Başda Şəhid, qazi, müharibə iştirakçılarının ana, bacıları olmaqla bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Bayramınız mübarək olsun.
Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru
Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan qadını
Tarixi təcrübə göstərir ki, bir çox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə sülh, barış missiyalarını üzərlərinə götürmüş, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda, hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Bu gün də dünyanın hər yerində qadınların bərabərlik, sülh və sabitlik uğrunda hərəkatı genişlənmişdir. Daim inkişafda olan tərəqqipərvər Azərbaycan qadınları bu hərəkatlara fəal surətdə qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirirlər.
Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün qadınlarımız təkcə xeyirxah layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görürlər.
Tarixən Azərbaycan qadınının bütün dövrlərdə şərəfli səhifələr açmış çox gözəl örnəkləri olub. Bu gün Azərbaycan qadını cənab Preizdent İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak edirlər.Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcəkdir.
KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir
Azərbaycanın dünyagörüşündə qadının yeri çox ucadır. Azad düşüncə, övlad, ailə, Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının tərcümeyi-halını təşkil edir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti Azərbaycan qadınının yüksək potensialının ən möhtəşəm təzahürüdür.
Azərbaycan qadınının potensialı hər zaman yüksək olub və Şərqdə daim müsbət yönümdə fərqlənib. Şərqdə qadınlara seçkilərdə iştirak etmək hüququ da ilk dəfə Azərbaycan qadınına verilmişdir. Təbii ki, bu, çox qürurverici faktdır. Hələ əsrin əvvəllərində Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Tiflisdə “Qızlar məktəbi”ni yaratması Azərbaycan qadınının maariflənməsi və irəli çəkilməsində ən önəmli addımlardan biri olmuşdur. Millətimizin gələcəyini düşünən ağıllı insanlar Azərbaycan qadınının cahil və savadsız olmasına razı olmamış, bunun üçün əllərindən gələni etmişlər.
Hazırda Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir. 1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan, BMT-nin “Qadın məsələləri üzrə komissiyası”nın tamhüquqlu üzvüdür. Müasir Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuz vahid şəkildə birləşdi və zəfər qazandı. II Qarabağ müharibəsində əldə edilən qələbə ilə Azərbaycan xalqı bütün dünyaya mübariz ruhlu bir xalq kimi təqdim olundu.Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu olmuşdur.Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarını qoruması üçün əllərindən gələni etmişlər.
Hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.
Vəfa Xəlilli – “Gəncliyə Dəstək” İB-nin sədri
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA HƏRTƏRƏFLİ FƏALİYYƏTİ İLƏ HƏM ÖLKƏDƏ, HƏM DƏ BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCAN QADINININ NÜFUZUNU DAHA DA YÜKSƏKLƏRƏ QALDIRIR
«Qadınlar zəifdir, amma analar qüvvətlidir.» Bu sözlər Tanrının insanlığa bəxş etdiyi əvəzedilməz sərvəti olan analar, qadınlar haqqında deyilən minlərlə müqəddəs kəlamlardan yalnız biridir.Ana- torpaq sözlərinin qoşa çəkilməsi də təsadüfi deyil. Torpaq da ana qədər övladına həyat bəxş edir, mənəvi sərvətini əsirgəmir. Bir ana ailəsi, övladı üçün əvəzedilməzdir. Amma bütünlükdə xalqı, dövləti üçün tarixi xidmətləri ilə seçilən, bəşəri ideyaları şəxsiyyətində formalaşdıran, təkmilləşdirən, milli-mənəvi dəyərləri söykökünə bağlılıq baxımından qiymətləndirən qadın dövlət xadimləri, diplomatlar çoxdur. Xalqı tərəfindən inam, güvənc yeri olan, milyonların sevincini bölüşən, kədərinə şərik olan, əməlləri ilə neçə-neçə qəlbə mərhəmət bəxş edən belə qadınları təsadüfən «el anası» adlandırmırlar. Çünki onlar eldən qaynaqlanan istəklərin, çağırışların, təşəbbüslərin icraçıları kimi də məsuliyət daşıyırlar, çətinliklərdən qorxmurlar. Övladalarını xalqa, Vətənə məhəbbət ruhunda tərbiyə edib boyüdəndə də ilk sözü bu olur: Sən Vətənə borclu, Vətən sənə əmanətdir. «Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfə verməsi bizim özümüzdən asılıdır» söyləyən Mehriban xanım Əliyeva Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti kimi xalqımızın hörmət və ehtiramını insanlara qayğısı, diqqəti, nəvazişi, adına layiq mehribanlığı ilə qazanıb.
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində humanitar layihələri, xeyirxah təşəbbüsləri, insanları birliyə, sülhə dəvət edən çağırışları ilə şöhrətlənən Mehriban xanım Əliyeva UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər birlik və həmrəylik nümunəsidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz xidmətləri ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşmasına, gender bərabərliyinin qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.Onun Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində ən mötəbər qurumlarından olan UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Xalqımıza ulularımızdan ərməğan qalan muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təkcə Azərbaycanda deyil, bütünlükdə Şərqdə tanınan, bəşəri dəyərləri dünyada təbliğ edən Mehriban xanım haqqında deyilən sözlər Azərbaycan qadınlarını dünyada tanıdır, şan-şöhrət gətirir.
Əməlləri dünyada tanınmış xadimlərin sözləri ilə qiymətləndirilən, humanist təşəbbüslərin, layihələrin müəllifi adlandırılan, xeyirxah insan olan Mehriban xanım Vətənini, xalqını sevdiyi kimi, başqa millətlərin mənəvi dəyərlərinə də hörmətlə yanaşır. İnanır ki, sərhəd tanımayan, tərcüməyə ehtiyacı olmayan musiqi kimi, «dialoqların açarı» da sağlam düşüncəli insanların əlində olarsa, dünyada tolerantlıq, multikulturalizm qalib gələcək, dini radikalizmə, ayrı-seçkiliyə son qoyulacaq, bütün bəşəriyyət üçün faydalı çağırışlar səslənəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq konfranslarda, mədəniyyətlərarası dialoq forumlarında dünya ictimaiyyətinə ünvanlanan, bəşəriyyətin xilasına yönələn çağırışlar terrora, dini radikalizmə qarşı mübarizədir.
Mehriban xanımın tarixi xidmətlərindən olan Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun xətti ilə müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Avropa və Qərb dövlətlərində böyük siyasi nüfuza , hörmətə , ehtirama layiq Mehriban xanımın səyləri əvəzsizdir.Təbii fəlakətlərdən əziyyət çəkənlərə, məcburi köçkün və qaçqınlara diqqət və qayğı Mehriban xanımın gündəlik iş prinsipinin ən aktual məsələlərindəndir.
«Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» söyləyən Mehriban xanım artıq öz yolunu müəyyənləşdirib: Xalqa xidmət, Vətənə sədaqət. Bu həqiqəti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin sözləri də təsdiqləyir: «Mehriban xanımın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz bu fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir… Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır.»
Xalq naminə göstərilən xidmətə verilən dəyər insanların ürəklərindən gələn “Sizinlə fəxr edirik, Mehriban xanım!” sözləridir.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Gender bərabərliyi
Dünyada dəyərlər də çoxdur, bu dəyərləri ifadə edən anlayışlar da. Amma heç bir anlayış qadın sözünün ifadə etdiyi dəyərləri öz məzmununda mərkəzləşdirmək imkanında deyil. Hansı dildə yazılmasından asılı olmayaraq, qadın adı Tanrının insanlara bəxş etdiyi ən ali keyfiyyətlərin ifadəçisidir. Bu ad zərifliklə qüdrətin birləşdiyi, dünyanı qoruyan ali duyğuların başlandığı, pisliklərin öz ömrünü başa vurduğu ünvandır. Bəzən ailələrin, bəzənsə bütövlükdə ölkələrin və xalqların taleyüklü anlarında sülh, humanizm, insanpərvərlik məhz qadınların timsalında qələbə çalıb. Qadın itirilmə təhlükəsi qarşısında qalan müqəddəsliklərin mühafizinə çevrilib. Yaxın-uzaq tarix qadın zəkasının, müdrikliyinin, təmkininin bəzi hallarda hətta insan tələfatı ilə nəticələnə biləcək böyük münaqişələrin, toqquşmaların qarşısını aldığı nə qədər faktlarla sübuta yetib.
Bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizələrlə də zəngindir. Sivil insan cəmiyyəti formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda ən müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gərib, ictimai həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. İnsan hüquq və azadlıqlarının ali dəyər sayıldığı, fərdin hüquqlarının dövlət mənafeyindən uca tutulduğu bizim günlərdə belə, gender bərabərliyinin təmini uğrunda mübarizə səngimək bilmir. Qəribə burasıdır ki, bu gün dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması xüsusi aktuallığa malik məsələlər kimi nəzərdən keçirilir. Bu aktuallıq həm də onunla şərtlənir ki, tarixən əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıblar, onların siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb. Nəinki ailə dəyərlərinin, hətta cəmiyyətin inkişafına əsaslı təkan verən ali keyfiyyətlərin daşıyıcısı olan qadınlar anlaşılmaz bir ədalətsizliklə uzun əsrlər boyu elementar hüquqlardan da məhrum ediliblər. Lakin xalq-millət olaraq bizim dəyərlərmizdə daima qadına yüksək qiymət verilərək adı uca tutulub.
Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru
Qadın hüquqlarının tənzimlənməsinə xidmət edən digər normativ sənədlər.
Ulu öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olmaqla respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. Azərbaycan qadınının mərdliyini, dözümlülüyünü, səmimiyyətini, sədaqətini, vəfa və ismətini hər zaman ən ali dəyər kimi qiymətləndirən ümummilli liderin yüksək iradəsi, məqsədyönlü fəaliyyəti nəticəsində respublikanın sosial-iqtisadi, siyasi, mədəni həyatında əldə olunmuş yüksək tərəqqi cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, gender bərabərliyi sahəsində də mütərəqqi nailiyyətlərə rəvac verib. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.
Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 15 ildə beynəlxalq təcrübə də dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Bu müddətdə respublikamız BMT-nin müvafiq konvensiyalarına imza atıb, eyni zamanda, 2001-ci ildə təşkilatın Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə isə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub. 2001-ci ildən isə Avropa Şurasının tamhüquqlu üzvünə çevrilmiş respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini genişləndirir.
Şəhla Eminova –əməkdar müəllim
Qadın siyasəti
1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olub. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb.
Kəmalə Əliyeva-Əlibəyli kənd tam orta məktəbin direktoru
Cəmiyyətin hər zaman nümunələr yaradan şəxsiyyətlərə ehtiyacı var
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmiz və ümumilikdə dünya qadınları üçün belə bir örnəyi yaradır. Öz çoxşaxəli fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının özünütəsdiqi rolunda çıxış edir, onun nüfuzunu yüksəklərə qaldırır. Dünya Mehriban xanımın Əliyevanın simasında Azərbaycan qadınını dərin biliyə, yüksək intellektə, peşəkar təşkilatçılıq qabiliyyətinə, bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı yüksək məsuliyyət hissinə, ali ideallara malik obrazda tanıyır, şəxsiyyətinə dərin rəğbət bəsləyir. Birinci vitse-prezidentin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr, Heydər Əliyev Fondunun Azərbaycanda və müxtəlif ölkələrdə uğurla gördüyü işlər, inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir. Cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Bu baxımdan Mehriban xanımın Əliyevanın fəaliyyətində məsuliyyət yükü ağır, eyni zamanda şərəflidir. Çünki onun həyata keçirdiyi ali məqsədlərdir. Bunlar o dəyərlərdir ki, tarixin heç bir dönəmində başqalaşmır. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belələrinin haqq yolunda apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq dəstəyi ilə əhatə olunur.
Mehriban xanım Əliyevanın dünyaya, həyata, zamana baxışının əsasında xalqa, ümumilikdə insanlara intəhasız sevgisi, böyük vətənpərvərliyi, bəşəri ideyalara sadiqliyi, zərif və eyni zamanda mükəmməl humanizmi durur. Azərbaycan qadınının ictimai fəallığında o, öz çoxşaxəli işləri, strateji baxışları ilə yeni ənənələr formalaşdırır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hərəkatının müasir forma və metodlarını irəli sürərək onların uğurunu təmin edir.
Sevinc İmanova – “Zərdfab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in ASM müdiri-həkim
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.
Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna nəzər salınıb, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilib. Fərmanda xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb.
Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan qadını müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verir
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Prezident İlham Əliyevin hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin və ehtiramının təcəssümüdür. Dövlətimizin başçısı 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına bu dəfəki təbrikində respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirib: “Azərbaycanın qədim və zəngin tarixinin hər səhifəsində qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri vardır. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınlar sosial fəallıqlarını xeyli artıraraq elm və təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm nailiyyətlər qazanmışlar. Onlar suveren ölkəmizin dinamik inkişafını təmin edən bütün bu təqdirəlayiq fəaliyyətləri ilə milli dövlət quruculuğu işində öz istedad və bacarıqlarını müvəffəqiyyətlə gerçəkləşdirir, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər”.
Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir. Beynəlxalq Qadınlar Günü ölkəmizdə də təntənə ilə qeyd olunduğu üçün qadınların bu bayramı bütün xalqımızın, müstəqillik ideyası ətrafında getdikcə daha sıx birləşən cəmiyyətimizin bayramıdır. Cəmiyyətdə öz rolunu dərindən dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
Azərbaycan qadınının Mehriban Əliyeva siması
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq yeni bir mərhələ açdı. Onun milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Mehriban xanımın şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb.
Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban Əliyevanın ictimai lider kimi fəaliyyəti Azərbaycan qadınının parlaq obrazını formalaşdırmışdır. O, sözün əsl mənasında, Azərbaycan qadınının ləyaqət simvoludur və istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.
Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban xanım Əliyeva öz mənəvi və intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri