22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“MTN işi”ndə bu gün deputat Ziyad Səmədzadənin adı hallanan epizod araşdırılacaq

“MTN işi”ndə bu gün deputat Ziyad Səmədzadənin adı hallanan epizod araşdırılacaq

Zərərçəkmiş: “Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm…”
Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2016-cı ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun mühakiməsi davam edir. Bu gün, martın 15-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə iş üzrə proses davam etdiriləcək.
Hər 4 şəxs təqsirləndirilən statusunda olsa da, yalnız Mövlam Şıxəliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib. Digər 3 təqsirləndirilən şəxs isə həbsdə deyil, məhkəməyə evlərindən gəlib-gedirlər.
İş üzrə porses 2021-ci ilin oktyabrında başlayıb. Bu günə qədər iş üzrə 36 zərərçəkəndən 7 nəfərinin ifadəsi dinlənilib. Sonuncu məhkəmə prosesində zərərçəkən İbrahim Zeynalovun nümayəndəsi olan oğlu İlqar Zeynalov ifadə verib. Deyib ki, 74 yaşlı atasının ayaqlarında problem olduğuna görə o, məhkəmə prosesində iştirak edə bilməyib. Bildirib ki, atasının həbsində deputat Ziyad Səmədzadənin rolu olub. Bugünkü prosesdə həmin epizod araşdırılacaq.
MTN-ə aparılan İbrahim Zeynalov 7 ay 17 gün orada saxlanılıb və ailəsindən onun azadlığı üçün 8 milyon dollar tələb olunub. Həmin məbləğin 8 milyon dolları veriləndən sonra İbrahim Zeynalov xəstəlik adı ilə azad edilib. Azadlığa çıxandan sonra İbrahim Zeynalov 4 hektar torpaq sahəsini Mövlam Şıxəliyevlə Yasin Məmmədova verib.
İbrahim Zeynalov MTN-dən çıxandan sonra tam müflis olub və hazırda Neftçalanın Kürkənd kəndində, qohumlarına məxsus vaqonda yaşayır.
İbrahim Zeynalov
İbrahim Zeynalov “Yeni Müsavat”ın əməkdaşına deyib ki, ayaqlarında problemlər olmasına baxmayaraq məhkəmə prosesinə gəlib iştirak etmək arzusundadır: “Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır, amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm…”
General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxuyla başqalarının 5 milyon 77 min manatlıq pul və əmlakını ələ keçirməkdən bəhs edilir.
Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərovsa hədə-qorxu ilə tələbetmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apelyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxıldı. Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxuyla tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (külli miqdarda rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, eləcə də bəzi sahibkarlar da var. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında 5 general da var. Bu iş bir neçə qrupa bölünərək ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilədək həbs, 3 nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb, Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. 2015-ci ildə həbs olunanlardan indi həbsdə cəmi 5 nəfər qalıb. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlakını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.
BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın