Millət vəkili Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızını 50 illik yubileyi münasibəti ilə təbrik edib
Qanunla.Az xəbər verir ki,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı ilə görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Günel xanım,
Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz, yazıçı-publisist, jurnalist, türkoloq və Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü olaraq, 2018-ci ilin payızındansa Bakı Kitab Mərkəzinin direktoru olaraq, ölkəmizin mədəni, ictimai həyatında yaxından iştirak edir, öz töhfələrinizlə seçilirsiz. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış, sizin direktoru olduğunuz Bakı Kitab Mərkəzi oxucularda kitaba maraq oyatmaqdadır. Xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitabların yeniyetmə və gənc nəsillərin mənəvi dünyasının zənginləşməsində xüsusi rolu vardır.
Siz görkəmli aydınlarımız – Xalq yazıçısı ANARla Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın qızı, Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin nəvəsi olaraq, hələ körpəlikdən qaynar ədəbiyyat, mədəniyyət və incəsənət mühitində böyümüsüz. Bülbül adına orta ixtisas musiqi məktəbində oxumağınız, BDU-nun Şərqşünaslıq fakültəsində ali təhsil almağınız, “Pəncərə”, “Ölkəm” jurnallarının baş redaktoru olaraq səmərəli fəaliyyətiniz təsadüfi deyildir. Əlbəttə, təsadüfi deyil ki, “Altıncı” (2006), “Arzu” (2009), “Нет, то есть да”, “Qarabağ hekayələri”, “Seçilənlər” kimi kitablarınız gün üzü görüb, oxucuların rəğbətinə səbəb olub. Özəlliklə “Atama məktub” hekayəniz sizə geniş oxucu şöhrəti qazandırmışdır.
2018-ci ildə siz Azərbaycan-Polşa mədəni əlaqələrinin möhkəmlənməsindəki xidmətlərinizə görə Polşa səfirliyinin medalına layiq görülmüsüz.
Sizi 50 illik yubileyiniz və bütün uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Komitə sədri yubilyara Komitə adından Təbrik məktubu və xatirə hədiyyəsi təqdim edib.
G.Anarqızı səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.