Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır,şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Ulu öndərv Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır.Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Zərdab şəhər ümumi orta məktəbin müəllimi- Xəlilova Elnarə