22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti – zəfərdən doğan uğur perspektivləri ŞƏRH

Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti – zəfərdən doğan uğur perspektivləri ŞƏRH

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib və bu münasbətlər yalnız tarixi köklərə, tarixi bağlılıqlara deyil, həm də qardaşlıq mücəssəməninə söykənir. Belə ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub.

Azərbaycana siyasi və mənəvi dəstək reallığı

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana, çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Şuşa Bəyannaməsi eyni zamanda, dünyaya verilən mesajdır

Cənab Prezident İlham Əliyevin dediyi kimi, imzalanmış Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə bütün reallıqları göstərir. Belə ki, iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Şuşa Bəyannaməsi eyni zamanda dünyaya mesajdır. Bu tarixi və siyasi əhəmyyətli Bəyannamə öz mühüm amillərinə görə region ölkələrinin , o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət etmək məqsədini daşımaqdadır. Bəyannamə eyni zamanda, həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq mövqelərini xeyli gücləndirir və birgə söz sahibi, birgə qərar vermək faktorunu önə sürür. Eyni zamanda, qardaş ölkələrin münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir ki, bu yüksəliş digər ölkələrə də örnəkdir, nümunədir!

İnkişaf və perspektivlər…

Artıq bütün dünyaya da bəllidir ki, kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. O da məlumdur ki, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir.

May ayının 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vahid Hacıyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib. Vəzifəyə təyinatla əlaqədar ölkə başçısı Vahid Hacıyevi videoformatda qəbul edərkən bölgənin gələcək inkişaf perspektivləri ilə başlı geniş çıxış edib, müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyev öz çıxişında qeyd edib ki, “Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər”.

İşğal illərində Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalmışdı ki, o binalardan da Ermənistan hərbçiləri istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.

Ermənistan Zəngilanda Vejnəli qızıl yatağını və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar ediblər. Həmin əraziləri ekoloji fəlakət zonasına çevirərək olaraq orada çıxarılan qızılı qanunsuz xaricə aparılıb satıblar.

Azərbaycan dövləti hazırda bütün hüquqi prosedurlara start verib. Heç bir cinayət cavabsız qalmayacdır. İlk növbədə dəymiş bütün ziyanın hesablanması və bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Və yalnız Zəngilan deyil, bütün işğaldan azad edilmiş ərazilərimizdə dəymiş ziyana görə onu törədənlər cavab verməli olacaqlar.

Azərbaycan isə inkişaf edəcək və qardaş Türkiyə dövləti ilə bir addımlamaqla növbəti qələbələrə, zəfərlərə doğru inamla irəliləyəcək.

Qasımova Samirə,

Hüquqşünas, Yeni Azərbaycan Partiyasının üzvü

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın