21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev haqqında danışmaq mənim üçün həm çətin, həm də böyük məsuliyyətdir. İllər keçdikcə Ümummilli Liderin xidmətlərinin böyüklüyünü, Azərbaycanın gələcəyini düşünərək nə qədər biri-birindən önəmli addımlar atdığını görürük.  Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır. O illərdə  baş verən hadisələr, görülən işlər  bəlkə də həmin zamanlarda adi görünə bilərdi, amma illər keçdikcə atılan hər bir addımın bu günümüzə hesablandığı, Azərbaycanın davamlı inkişafı üçün möhkəm təməl olduğu  daha aydın görünür.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarına nəzər salaq. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdilər.  Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi.  Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı.  Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.

Bu reallığı da qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik  arzularını, ənənələrini  məhv edə bilməmişdir. Yaşanan çətinliklərə, təhlükələrə baxmayaraq xalqımızda sabaha bir ümid var idi. Xalq öz xilaskarına-ulu öndər Heydər Əliyevə üz tutaraq onun hakimiyyətə qayıdışı nəticəsində bütün çətinliklərin arxada qalacağına əmin idi.

Hər zaman Azərbaycanın gələcəyini düşünən Ümummilli Lider xalqının səsinə səs verdi, hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Dövlət müstəqilliyimizin əsasları gücləndirildi. Azərbaycan müstəqil dövlət kimi dünya birliyində yeri və mövqeyini möhkəmləndirmək istiqamətində atdığı uğurlu addımların nəticəsini gördü. Ümummilli lider Heydər Əliyev sabitliyi bərpa etdi, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etməklə ölkəmizin iqtisadiyyatının dirçəldilməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına nail oldu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım Azrbaycanın hərtərəfli inkişafının təmin edilməsində əsas amilə çevrildi. Belə ki, həmin ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalandı. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Bütün bu addımlar Azərbaycanın bugününə və gələcəyinə hesablanmışdı.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın