Ağalı kəndində “ağıllı” texnologiyalar tətbiq olunur
Ağalı kəndində “ağıllı” texnologiyalar tətbiq olunur
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimi olub. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşası nəzərdə tutulur. Yaşayış məntəqəsində sakinlərin rahatlığı üçün hər cür şərait nəzərə alınıb. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşündə dediyi kimi, “bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək”.
“Ağıllı kənd”də bir sıra yeniliklər tətbiq edilib. Bu barədə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov bildirib ki, yeniliklərdən biri kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlərin quraşdırılmasıdır: “Bu sistemlərlə 157 hektar sahəni suvarmaq mümkündür. Eyni zamanda, kənd ərazisində iqlim stansiyaları tikiləcək. İqlim stansiyalarının əhəmiyyəti ondan ibarətdir ki, bu stansiyalar vasitəsi ilə torpağın, havanın temperaturu, küləyin sürəti, havanın nəmliyi və digər məlumatlar elektron qaydada fermerlərə çatdırılacaq. Nəticə etibari ilə əkin sahəsində nəyə ehtiyac olduğu, hansı risklərin yarandığı anında müəyyənləşdirilir və dərhal müdaxilə olunacaq”.
Həmçinin heç bir sahə məhdudiyyəti olmadan sərbəst hərəkət edən və ərazidə təhlil aparan skaner, əməliyyatları səmərəli şəkildə həyata keçirmək üçün süni intellekt və proqnozlaşdırıcı analizə sahib platforma, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlaya biləcək dron texnologiyaları da yüksək məhsuldarlığın əldə olunmasında mühüm rol oynayacaq.
Burada ən müasir kənd təsərrüfatı texnikaları da var. Həmin texnikalar vasitəsilə becərmə işlərini sürətli və effektiv şəkildə aparmaq mümkündür.
Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.
Bundan başqa, kənd ərazisində yeni intensiv bağlar salınır. Zəngilan rayonunda ən yüksək dequstasiyaya malik meyvə bağları olub. Bu baxımdan burada bağçılığın sürətli inkişafı üçün layihələr həyata keçirilir. Digər layihə camışçılıq təsərrüfatıdır. Xarici investisiya hesabına kəndin kənarında camışçılıq ferması yaradılacaq və orada istehsal ediləcək süd emal olunacaq. Dünyaca məşhur “Motsarella” pendiri hazırlanaraq bazara çıxarılması təmin ediləcək. Kənddə kifayət qədər iş yerləri yaranacaqdır.
Rəmzi Şirinov-Zərdab rayon Dəkkəoba kənd sakini fəal gənc