Laçın rayonunda yeni hava limanı inşa edilir
Laçın rayonunda yeni hava limanı inşa edilir.
Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ilk iş 30 il düşmən tapdağında qalan torpaqlarımızdan mənfurların bütün ayaq izlərini silmək, talan edilmiş, viran qoyulmuş şəhər və kəndlərimizi bərpa etmək – Böyük Qayıdışa hazırlaşmaq idi. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev də məhz bu sahədə mütərəqqi addımlar ataraq Qarabağın yenidən dirçəldilməsi üçün işlərə başlanılması yönündə tapşırıqlarını verdi. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı.
Böyük Qayıdışın yaxın zamanlarda baş tutacağını göstərən vacib layihələrdən biri də işğaldan azad olunmuş ərazilərdə inşa edilən hava limanlarıdır. Rekord müddətdə – cəmi 8 ayda hazırlanan möhtəşəm Füzuli aeroportundan sonra regionun strateji əhəmiyyətini artıran növbəti hava limanının tikintisinə Laçın rayonunda start verilib.
Rayonunun Qorçu kəndi ərazisində inşa ediləcək hava limanının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qarabağın hava qapısı Füzuli aeroportundan sonra Laçında aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək turizm potensialının artırılmasına da geniş imkanlar açacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanını xüsusi edən bir digər məqam isə onun Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmasıdır. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Bu hava limanının yerləşmə yeri isə öz unikallığı ilə fərqlənir. Belə ki, bu hava limanı Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir.
Laçın hava limanının əhəmiyyəti ölkəmiz və region üçün yükdaşımaların asanlaşmasında olduqca mühüm yer tutur. Xüsusilə beynəlxalq yükdaşımalarda əhəmiyyət kəsb edən Laçın hava limanı istehsal olunan sənaye məhsullarının dünya bazarlarına daha sürətli şəkildə çatdırılmasına imkan yaradacaq.
Azərbaycanın incisi olan Qarabağ heç şübhəsiz ki, yaxın zamanalarda daxili və xarici turistlərin ən çox ziyarət etmək istəyəcəkləri yerlər sırasında olacaq. Həm Laçına, həm Kəlbəcərə, həm də Şuşaya yaxın olan Laçın aeroportu turistlərin bu dilbər guşələrimizə gəliş-gedişlərini asanlaşdıraraq ölkənin turizm potnsialının inkişafına da öz töhfəsini verəcək.
Bütün bunlarla yanaşı Laçın hava limanının hərbi əhəmiyyəti də olduqca vacib hesab olunur. Belə ki, 10 noyabr Bəyanatından sonra da təxribatlarını davam etdirən Ermənistanla sərhəd olan Kəlbəcər və Laçına yaxın ərazidə hava limanının olması vacibdir. Əgər gələcəkdə Ermənistan tərəfi hər hansı təxribatlara əlatma ehtimalı nəzərə alınarsa bu bölgənin nəqliyyat strukturunun bərpası zəruridir. Azərbaycanın İkinci Qarabağ müharibəsində müharibə tarixində yeni texnologiyaların tətbiq olunması da tarixə düşdü. Bu baxımdan PUA-ları xüsusi qeyd etmək lazımdır. Artıq müasir müharibələr insan qüvvəsindən əlavə PUA-lar və dronlarla aparılır. Azərbaycanın Vətən müharibəsində effektiv istifadə etdiyi “Bayraktar TB-2” uçuş aparatının effektiv idarə məsafəsi 150 km-dir. Laçında və Zəngilanda hava limanının olması da PUA-ların effektiv uçuş məsafəsini daha da genişləndirir.
İşğaldan azad edilən ərazilərimizdə tez bir zamanda bu qədər sürətlə və yüksək səviyyədə aparılan bərpa və quruculuq işləri heç şübhəsiz ki, dünyanın da gözündən qaçmayan mühüm məsələ olmaqla yanaşı hər kəsdə çox böyük təəccüb də doğurur. Bunu çıxışlarında Ölkə Başçısı da dəfələrlə vurğulayıb. Cənab Prezident İlham Əliyev qeyd edib ki, bu, bir çoxları üçün gözlənilməz oldu. “Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə – Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var.”
Soltanova Zahidə Cəmilağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı