Özəlləşdirmə çekləri ilə bağlı TƏLƏB: “Bunlardan investisiya aləti kimi istifadə edilə bilər” – ŞƏRH
1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və daha sonra tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Özəlləşdirmə prosesi çərçivəsində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki dövriyyədən çıxarılıb silinib ki, bu da emissiya olunmuş çeklərin təxminən 80 faizini təşkil edir. Nəticədə hazırda özəlləşdirmə çekləri dövriyyədə olmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Ümumilikdə dövriyyəyə 8 milyon özəlləşdirmə payı və ya 32 milyon özəlləşdirmə çeki buraxılıb. Hər vətəndaşa 4 çekdən ibarət bir pay, bəzi imtiyazlı təbəqələrə isə əlavə olaraq daha bir pay əvəzsiz olaraq verilib.
Mövzu ilə bağlı Odlar Yurdu Universitetinin kafedra müdiri, iqtisad üzrə elmlər doktoru və professor Elşad Məmmədov Yenicag.az-a açıqlamasında vurğulayıb ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması və investisiya qoyuluşunda istifadəsinə şərait yaradılması arzuolunandır:
“Özəlləşdirmə çeklərinin qiymətli kağız olaraq iqtisadiyyatda dövriyyəyə effektiv şəkildə daxil edilməsi və ölkədə investisiya prosesinə cəlb olunması hökumətin iqtisadi nöqteyi-nəzərdən hədəflərindən birinə çevrilməlidir. Qiymətli kağızlardan investisiya yönümlü alət kimi istifadə olunması investisiya prosesinin inkişafına müsbət təkan verə bilər. Bununla yanaşı, əhalinin əlində olan özəlləşdirmə çekləri vasitəsilə iqtisadi resurslara sahib olması mümkün olar. Bu isə olduqca önəmlidir. Çünki özəlləşdirmə çekləri mülkiyyətçi statusu nöqteyi-nəzərdən ölkə əhalisinə dividentlər verməli idi, amma reallıqda bunun şahidi ola bilmədik. Əhalinin yalnız cüzi hissəsi bu imkanlardan yararlana bildi. Ona görə də prosesi diriltmək üçün özəlləşdirmə çeklərindən investisiya aləti kimi istifadə edilməsi üçün effektiv mexanizmlər hazırlanmalıdır. Bu, əhalinin iqtisadi cəhətdən zənginləşməsinə şərait yaratmalı və investisiya artımına olan tələbatı yerinə yetirə bilər”.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çeklərindən istifadə etmək üçün onun nominal dəyəri yenidən hesablanmalıdır:
“Özəlləşdirmə çeklərinin istifadəsi ilə bağlı iqtisadi amillər böyük rol oynayır. Belə ki, əvvəlki illə müqayisədə çeklərin hazırkı gedişata uyğun qiymətləndirilməsi aparılmalıdır. O vaxt bazarda həyata keçirilən daşınmaz əmlak və dövlət mülklərinin qiymətləri ilə indiki qiymətlər fərqlidir. Bu baxımdan hesablama prosesi uzun müddət tələb edə bilər. O vaxt işğal altında olan torpaqlarımızda özəlləşdirmə prosesi aparılmamışdı. Hesab edirəm ki, gələcəkdə bununla bağlı ölkə başçısı tərəfindən müvafiq proqramlar qəbul olunacaq və özəlləşdirmə çeklərindən həmin proseslərdə istifadə etmək imkanı yaradıla bilər. Özəlləşdirmə çeklərinin nominal dəyəri hər kəsə məlumdur. Vətəndaşın özəlləşdirmə prosesində iştirakı müvafiq dəyərə uyğun təyin edilməlidir”.
www.yenicag.az