21.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Anar Məmmədov: Ölkəmizdə dil siyasətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır

Anar Məmmədov: Ölkəmizdə dil siyasətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır: “Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir. 2001-ci ilin avqust ayında isə Azərbaycan dili dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirilərək, 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi. Ulu öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: “…Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz.”

Deputat vurğulayıb ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir: “Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzinda saxlayır, müasir dövrdə dilçiliyimizə böyük qayğı ilə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərinin 13 noyabr 2017-ci il tarixli sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.”

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın