Ulu öndər Heydər Əliyev ana dilimizin qorunması istiqamətində müstəsna xidmətlər göstərib
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ana dilimizin qorunmasında, inkşaf etdirilməsində böyük cəsarət və qətiyyət nümayiş etdirərək müstəsna xidmətlər göstərib. 1970-ci illərin ortalarından başlayaraq, SSRİ-nin tərkibinə daxil olan respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gəlsə də, SSRİ Konstitusiyasının qəbulundan sonra milli respublikaların rəhbərləri bu məsələni gündəmə gətirməkdə aciz idilər. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə ümummilli liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoydu. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında Heydər Əliyev məruzə ilə çıxış edərək 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi verilməsini təklif etdi. Ümummilli Liderimizin qətiyyətli, dönməz və ardıcıl mübarizəsi öz bəhrəsini verdi. Belə ki, 1978-ci il aprel ayının 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında ulu öndər Heydər Əliyevin bu təklifi və təşəbbüsü əks olundu.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bundan başqa ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsi istiqamətində bir çox addımlar atıb: “Bu addımlara misal olaraq, dilçi alimlərə yüksək diqqət və qayğı göstərilib, milli dildə nəşr edilən kitabların tirajlarının sayı artırılıb.
Ulu öndər Heydər Əliyev növbəti dövrlərdə də Azərbaycan dilinin işlənməsi, inkişaf etdirilməsi və qorunması məsələlərini xüsusi diqqətdə saxlayıb. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ümummilli Liderin dövlət dili sahəsindəki mövcud problemlərin həllinə xidmət edən siyasətinin davamı olaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıbdır. Müvafiq Fərmana uyğun olaraq Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Bundan başqa, Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı Ulu Öndərimizin Azərbaycan dilinə verdiyi böyük dəyərin göstəricisidir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc