“Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti
“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti.
Bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər ən yüksək səviyyədədir. İkitərəfli əlaqələrin inkişafında iki ölkə liderinin xidmətləri böyükdür. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha onu göstərir ki, tərəflər münasibətlərin inkişafında maraqlıdır və səfər iki ölkə arasında əlaqələri yeni strateji müttəfiqliyə qaldırır. Səfərin əhəmiyyətini artıran ən önəmli məsələlərdən biri strateji münasibətlərin möhkəmləndirilməsi ilə bağlı sənədin imzalanmasıdır. Bu baxımdan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqdirlər. Bəyannamə ikitərəfli əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır”.
Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Sənədin məzmunu ikitərəfli əlaqələrin inkişafı üçün hansı əhəmiyyəti daşıdığını bir daha göstərir. Səfərin əhəmiyyətini artıran digər məsələ Qarabağda həyata keçirilən quruculuq və abadlıq işlərində Qazaxıstanın iştirakıdır. Bu baxımdan Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı iki ölkə xalqlarının dostluğunun bariz təzahürüdür. Füzulidə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlamasına cidd təkan verəcək və bölgə dövlətlərinin müstəqilliyinin möhkəmlənməsində və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaqdır.
Zərdab rayonu Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova