Vətən müharibəsinin başlaması və şanlı Zəfərimiz təsadüfi olmamışdı
Vətən müharibəsinin başlaması və şanlı Zəfərimiz təsadüfi olmamışdı
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr – Vətən müharibəsinin başladığı gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkəmizdə Anım Günü kimi qeyd olunur. Biz artıq ikinci ildir ki, anım gününü qeyd edirik.
Vətən müharibəsinin başlaması və şanlı Zəfərimiz təsadüfi olmamışdı. Çünki respublikamızın ərazisinin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll olunacağına ümid etsək də, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmamışıq.
1988-1994-cü illər ərzindəki işğal dövründə, eləcə də 30 il ərzində torpaqlarımızı işğal altında saxladıqları dövrdə işğalçı Ermənistan hərbi cinayətlər törətməkdə davam edib. Ən dəhşətlisi də budur ki, başqa bir suveren dövlətin ərazisinin 20 faizinin işğal edilməsinə, əhaliyə qarşı soyqırımı törədilməsinə və işğalın 30 il davam etdirilməsinə beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq bu cinayətlərə etinasız qalıb. Bütün bu müddət ərzində dünyaya haqq səsimizi çatdırmağımıza və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə son qoymalarını tələb etməyimizə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi başda olmaqla, bütün beynəlxalq sənədlər kağız üzərində qalıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunur, lakin qətnamələrə əməl etməməsinə baxmayaraq, işğalçı dövlətə qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Münaqişənin həlli üçün yaradılmış digər beynəlxalq qurum olan ATƏT-in Minsk qrupu da 30 il müddət ərzində heç bir ciddi iş görməmiş, əksinə münaqişəni həll etmək əvəzində onu donmuş vəziyyətdə saxlamağa çalışmışdır. Həmçinin bu müddət ərzində BMT və ATƏT kimi beynəlxalq təşkilatlar azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyi ilə maraqlanmamış, Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror və soyqırımı hadisələrinə heç bir münasibət bildirməmişdir. Ermənilər isə ərazilərimizi işğal etməklə kifayətlənməmiş, dini-tarixi abidələrimizi məhv ediblər. Hətta azğınlaşmış düşmən yeni ərazilər işğal etmək arzusuna da düşüb. 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar da təsdiq etdi ki, düşmən yeni torpaqlar ələ keçirmək iddiasındadır.
Abdulbağı Fazilli – Zərdab rayonu, Təzəkənd kənd sakini. Fəal gənc