22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Xudafərin körpüsündə bayrağımızın dalğalanması

Xudafərin körpüsündə bayrağımızın dalğalanması

Xudafərin körpüsündə bayrağımızın dalğalanması.

Azərbaycan memarlıq abidəsi olan Xudafərin körpüsü XI əsrə aid abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan yenidən bərpa edilmişdir. Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatmışdır.

II Qarabağ müharibəsində Azərbaycan Respublikasının Milli ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində 04-10-22-ci il tarixdə Cəbrayıl şəhəri işğaldan azad olundu. II Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsindən sonra 2020-ci il tarixində noyabrın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırmışdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 4-ü tariximizə daha bir şanlı tarix kimi qeyd olundu.

Nahidə Əzizli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

“Cəbrayıl əməliyyatının əhəmiyyəti”

 Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu.  Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı.

İşğaldan azad olunan ilk ərazilərə – Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı  qoyuldu.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü

Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, cənab Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. Ali Baş Komandan mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir.

Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.

Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında “Cəbrayılın azad olunmasına görə” medalı da xüsusi yer tuturdu. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz də mükafatlandırıldı.

Nurəli Mənsimov – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

 

 

27 ildən sonra düşmən işğalından azad olmuş Cəbrayıl!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 105 min hektardır. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində MehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmiş 12523 hərbi qulluqçu medalla təltif edildi.

Allah bütün Azərbaycan Şəhidlərinə rəhmət eləsin.

Aliya Rüstəmova – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Cəbrayıl rayonunun işğaldan azad olunması

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir.1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Hamımıza məlumdur ki, 2020-ci il oktyabrın 4-ü prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində, Cəbrayıl şəhəri Ermənistanın işğalından azad edildi. Bəli, Cəbrayılın azad olunması Azərbaycan Ordusunun gücünün, şücaətinin nəticəsidir. Təbii ki, bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik..

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın