22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti.

Ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bitmək bilmir. Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, əhaliyə onlarla işgəncələr verilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.

1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub.

1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə olunana qədər davam etmişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə,  Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini  məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.     Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb, onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.

Beləliklə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edib. 30 ilə yaxın Qarabağ həsrəti 44 gündə sona çatdı.

Əzəli yaşayış yerlərimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya prioritet istiqamət kimi qoyulub. Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində cənab Prezident İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi və möhtəşəm infrastruktur layihələrinin təməlini qoymasıdır.

Torpaqlarımız işğaldan azad edildi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın