Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır
Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
“Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə qayıdıblar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar”.
Aprelin 8-də Prezident İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşüb: “Dövlət başçısı idmançılarımızın əldə etdiyi uğuru yüksək qiymətləndirdi. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olublar”.
Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız da yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru