Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına daha çox töhfə verməyə geniş imkanları olan ölkədir. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib.
Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Bu isə yeni ixrac həcmləri deməkdir. 2022-ci ilin ilk rübündə respublikamızda 11,8 milyard kubmetr təbii qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. O cümlədən Türkiyəyə 2,2, Avropaya 2,6, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixracı həyata keçirilib. Bütövlükdə, bu ilin birinci rübündə Azərbaycan mavi qaz hasilatı 12.0, ixracı 15.3 faiz çoxalıb. Avropaya qaz ixracı isə 2.4 dəfə artıb.
Famil Abbasov – Zərdab rayon Alıcanlı kənd sakini, Vətən mühribəsi iştirakçısı