Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub
Bu fikirləri Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində qeyd edib.Ölkə Prezidenti İlham Əliyev həm də qeyd edib ki, İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi.
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Buna baxmayaraq artıq Böyük Qayıdış proqramı başlayıb.
Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirilmiş sorğuya görə əksəriyyət insanların həmin torpaqları görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi qürurvericidir. Bu cəmiyyətimizdə xüsusi mühit, qürur hissi, qələbə hissi, ədalətin bərpa olunması hissi, xalqın ləyaqət hissinin bərpası hisslərini formalaşdırır ki, bunlar ölçüyəgəlməz hisslərdir. Maksimum iki ildən sonra Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalın kəndlərində bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində min yerlik məktəb tikilir.
İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari ayda Zəngilan Beynəlxalq Hava Limanını açılması və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Görülən işlər onu deməyə əsas verir ki, bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.
Ələddin Zeynalov
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı