Tarixi ənənələrə söykənən əməkdaşlıq
Azərbaycan və gürcü xalqları arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Yaşca tarixin özü qədər qoca olsa da, günbəgün möhkəmlənən bu dostluq zamanın çarpaşıq, kələ-kötür yollarında böyük sınaqlardan keçib. Fərəhlidir ki, xalqlarımız arasında heç vaxt anlaşılmazlıq olmayıb. İstər Azərbaycan torpaqlarında yaşayan gürcülər, istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar tarix boyu özlərini doğma vətənlərindəki kimi hiss etmiş və bu dostluğun əbədiyaşarlığına öz layiqli töhfələrini vermişlər. Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, həm də qardaş xalq və dost dövlətdir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmış və bu da ikitərəfli əlaqələrin inkişafı üçün daha möhkəm təməl olmuşdur.
Hər iki xalq əsrlər boyu bir-birinin yanında olmuş, həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də həmin əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməl üzərində qurulub. Dost ölkələr arasında diplomatik əlaqələrin 30 il əvvəl yaradılmasına baxmayaraq, sovet dönəmində də Azərbaycan və gürcü xalqları Qafqazda dost və qardaş kimi tanınıblar. Bu gün Azərbaycanla Gürcüstanı dövlət müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulması kimi siyasi xətlər birləşdirir.Hazırda Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Bu günlərdə reallaşan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana münasibətlərdə yeni səhifə açacaq növbəti səfəri bir daha təsdiqlədi ki, iki ölkənin imza atdığı uğurların təməlində xalqlarımızın, liderlərin dostluğu və birgə fəaliyyəti dayanır. Gürcüstana səfəri zamanı Gürcüstanın və Azərbaycanın yaxın dost, qardaş ölkələr kimi, əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün uğurla inkişaf etdiklərini vurğulayan Prezident cənab İlham Əliyev qeyd edib ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir.Bütün bunlar bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan–Gürcüstan dostluğu sarsılmazdır.
Bu gün regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir, ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin stumuludur. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova