Daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi
27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımız da xüsusi rol oynadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. Noyabr ayının 10-da Ermənistanın kapitulyasiyasını etiraf etməsi ilə imzalanan Bəyanat ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi. Bütün müharibə dövrü ərzində müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Bir-birinin ardınca əldə etdiyi qələbələrlə Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Ən mühüm məqamlardan biri də odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən, illərdir ata-baba ocağına həsrət qalan, yurd nisgili yaşayan həmvətənlərimiz artıq məcburi köçkün olmaqdan can qurtardı.
Ölkəmizdə Azərbaycan Prezidentinə olan ehtiram, güvən, inam ən yüksək səviyyədədir. Əlbəttə ki, bu da əbəs deyil. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı qələbə sevincini xalqı ilə bölüşərək, xalqın yanında oldu. Bütün təhlükələrə rəğmən müharibənin bitməsindən cəmi bir həftə sonra Prezident cənab İlham Əliyev və birinci xanım Mühriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bu, həm də onu göstərdi ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident cənab İlham Əliyev bu zəfərin müəllifidir.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva