Azərbaycan məsuliyyətli ölkədir
Azərbaycan məsuliyyətli ölkədir.
Azərbaycan məsuliyyətli ölkə olaraq özünü tanıdıb və münaqişənin həllində sona qədər sülh və diplomatik danışıqlar üsuluna sadiq qalmışdır. 2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlər var idi. Azərbaycan Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idi. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş nazirinin birgə Bəyanatı imzalandı. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yolla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə deyə bilərik ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işlərini başlayıb.İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin şahididir. Azad edilmiş torpaqlarda şəhərlər, evlər, kəndlər, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər qəbiristanlıqları şumlayıb, qəbirləri dağıdıb, 60-dan çox məscidi dağıdıb və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar.Bundan əlavə Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik.Münaqişənin həlli nəticəsində yaradılan yeni imkanlar arasında ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. İşğaldan azad olunmuş ərazilər böyük geostrateji əhəmiyyətə malikdir. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaqdır, o cümlədən Ermənistan üçün. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır.Bütün bu ağrılı-acılı günlər geridə qaldı. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu qələbə Azərbaycanın və bütün türk xalqlarının tarixinə düşmüş qələbədir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Sentyabrın 27-də müharibə başlanan gündən etibarən Türkiyə açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə imkan verdi ki, əks-hücum əməliyyatını uğurla keçirək, imkan verdi ki, hər hansı bir kənar qüvvə məsələyə müdaxilə etməsin;Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi.Ərazi bütövlüyümüz uğrunda gedən Vətən müharibəsi hamımızın yaddaşına dünya miqyasında tanınmağın ,öz müstəqil milli dövlətinə malik millətə çevrilməyin gətirdiyi qürur və sevinc dolu bir zaman kəsimi kimi daxil olmuşdur.Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədidir,daimidir və dönməzdir!”
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı