İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi
İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi
“Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına 10 yanvar 2023-cü il tarixində verdiyi müsahibəsində bir çox əhəmiyyətli məsələlərə toxundu. Xüsusilə qeyd etdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edərək erməni işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə nəticələnən zəfərimiz ən parlaq və şanlı tariximizdir. Bu günkü və gələcək nəsillərimiz bu tarixi hadisəni hər zaman qürurla xatırlayacaq və dövlətimizin, xalqımızın sınmaz iradəsi və qətiyyəti ilə fəxr edəcək. Biz təkcə hərb meydanında deyil, həmçinin siyasi, diplomatik sahələrdə də yüksək üstünlük qazanmışıq. İstər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə baş verənlər bunu sübut edir. Dövlət başçısı, müzəffər Ali Baş Komandanın dünyanın tanınmış media orqanlarına verdiyi tutarlı və əsaslandırılmış, Ermənistanın və onun havadarlarının işğalçı mahiyyətlərini ifşa edən müsahibələr informasiya müharibəsində də qələbəmizə əsas oldu”.
Vətən müharibəsində qazandığımız tarixi Zəfərmizdən sonra dövlətimiz tərəfindən milli maraqlarımızın təmin edilməsi, 10 noyabr tarixli üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi istiqamətində səylərinizi davam etdirir. Bir sözlə, müharibə bitsə də, mübarizə hələ davam edir. Çünki Ermənistan tərəfi bəyanta əsasən üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib və havadarları ilə birgə revanşist açıqlamalarından əl çəkməyib. Lakin Azərbaycan öz mövqeyində, davamlı sülhün və əmin-amanlığın təmin edilməsi üçün qətiyyətlə mübarizə aparır. Ermənistan sülh müqaviləsinin imzalanması yönündə aparılan işlərə və danışıqlara öz töhfəsini verməli və bu məkrli planlarından əl çəkməlidir. Çünki regionun inkişafı davamlı sülhdən asılıdır və ancaq belə olacağı təqdirdə dövlətlərin və xalqların təhlükəsizliyi təmin edilə bilər.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək
Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Təbii ki, bu imicin və etimadın formalaşmasının əsasları var. Çünki Azərbaycan özünün iqtisadi inkişafı, bu sahədə həyata keçirdiyi davamlı və səmərəli islahatların nəticələri, enerji sahəsində bir çox ölkələrlə, xüsusilə Avropa ilə mövcud əlaqələri bu etimadın formalaşmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin birbaşa təşəbbüsü və iştirakı ilə regional və daha irimiqyaslı iqtisadi layihələr uğurla icra olunur, perspektivdə yeni layihələrin icrası nəzərdə tutulur: “Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr artıq başa çatır. Qeyd etmək lazımdır ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Ancaq ölkəmiz dünyada hökm sürən bu böhranlı vəziyyətdən xalqımızın maksimum az zərərlə çıxması üçün sosial layihələrini davam etdirir. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın rifahını daha da yaxşı təmin etməkdir. Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb. Sosial proqramlar bütün təbəqədən olan insanları əhatə edir. Xüsusilə həssas təbəqədən olan vətəndaşlarımıza diqqət və qayğı göstərilir. Belə ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək”.
İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinin, eləcə də əlil olmuş hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün islahalar davam etdirilir. Bu müddət ərzində Vətən müharibəsi zamanı əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Dövlətimiz bütün sahələrin inkişafını diqqətdə saxladığı kimi, sosial sahənin inkişafını da diqqətdə saxlayır və vətəndaşlarımıza layiqli həyat şəraitinin yaradılması üçün sosial siyasətini uğurla həyata keçirir. İnanırıq ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlərimiz və xalqımız bundan sonra da inkişaf edəcək, milli maraqlarımızın təmin edilməsi, yüksək tərəqqiyə, sülhə və təhlükəsizliyə hesablanmış qətiyyətli addımları öz müsbət nəticəsini qoruyub-saxlayacaq.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Müharibə bitsə də, mübarizə hələ davam edir
Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da demək olar ki, elə bu kimi, bir fikir söyləyib. Paşinyan bildirdi ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın. Millətçilər tərəfindən Ermənistan əhalisinin əsas hissəsinin beyni zəhərlənib, lakin əgər Ermənistanda sağlam qüvvələr varsa, onda dünyada baş verən prosesləri başa düşməlidirlər. Onlar anlamalıdır ki, Ermənistan da sülh müqaviləsinin imzalanmasının marağındadır.
Bu gün regionda və dünyada baş verən hadisələrdən belə bir nəticəyə gəlmək olar ki, Ermənistanın bir real və düzgün çıxış yolu qalıb – sülh müqaviləsi imzalamaq və Azərbaycanla biri-birinin ərazi bütövlüyünü qarşılıqlı tanımaq. Bu addım Ermənistana yaxşı təsir edəcək. Belə ki, bu addım Ermənistanın öz marağındadır, çünki bu müqavilədən sonra onun üçün logistik və iqtisadi imkanlar yaranır. Bu addımla, həmçinin Ermənistan, ondan bir alət kimi yüz ildən çoxdur istifadə edən, böyük dövlətlərin əlindən qurtulub azad, sərbəst hərəkət və inkişaf edə bilər. Həmçinin bu münaqişənin həlli ilə Ermənistan dərhal iki qonşu dövlət olan Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdıra bilər və regionda olduğu dalan-dövlət vəziyyətindən çıxa bilər. Əlavə olaraq bu addımla Ermənistan gələcəkdə hər-hansı bir iqtisadi layihəyə qoşula və bununla da öz ağır iqtisadi vəziyyətini düzəldə bilər. Yəni, bu o deməkdir ki, Ermənistan istədi-istəmədi, razı oldu-olmadı bütün dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Amma Ermənistan beynəlxalq hüquqa hörmətlə yanaşsa, Ermənistanı dünyada işğalçı dövlət kimi tanıdan, ağır vəziyyətə salan, uçuruma aparan millətçi-daşnakların ideologiyasından qurtula bilsə, real vəziyyəti başa düşüb sülh müqaviləsini imzalasa, onda özünü xilas etmiş olar.
Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini
Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
“Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Vətən müharibəsindən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır.” Prezident cənab İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bir daha qeyd etdi ki, əsəs hədəflərimizdən biri şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq tarixi Zəfərimizdən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib.
Prezident cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından da bəhs etdi, bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasını, mövqeyinin möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Dövlət başçısı bu məqamı da xüsusi qeyd etdi ki, dünya qütbləşib və qarşıdurma dərinləşir. Bu reallıq beynəlxalq miqyasda da qeyd edilir ki, Azərbaycan sabitləşdirici, birləşdirici faktordur. Ölkəmiz yerləşdiyi çoğrafi məkana uyğun olaraq dövlətləri, xalqları biləşdirir, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə bu rolunu daha da möhkəmləndirir. Azərbaycanın təkcə enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini böyük əminliklə qeyd edə bilərik. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir. Prezident cənab İlham Əliyev müsahibəsində bir daha bu hədəfi açıqladı ki, əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir: “Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq.”
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 60 il öncə formalaşmış və hazırda dünyada BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycan tam hüquqlu üzv kimi qəbul olunub. Beş il sonra isə hərəkata üzv ölkələrin yekdil qərarı ilə Venesuelada keçirilmiş Zirvə görüşündə təşkilata sədrlik Azərbaycana həvalə edilib. BMT Təhlükəsizlik Şurasına uğurlu sədrlikdən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident deyib: “Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər”. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan, Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra Qoşulmama Hərəkatına üzv dövlətlərinin Hərəkata əlavə 1 il sədrlik etmək müraciətini Azərbaycan dövləti müsbət cavablandırıb.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur.
Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində 2022-ci ilin nəticələrinə, eləcə də yeni – 2023-cü illə bağlı əsas gözləntilərə dair təhlil və açıqlamalarını təqdim etdi. Cənab Prezidentin səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gedən bir çox mühüm proseslərə mahiyyət baxımından aydınlıq gətirdi, onların düzgün qiymətləndirilməsi üçün əsaslı zəmin yaratmış oldu. Ötən ilin nəticələri 2023-cü ilin də xalqımız və dövlətimiz üçün uğurlu olacağını söyləməyə əsas verir: “Dövlət başçısının öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı demək imkanı verib. Əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur.
Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı gərgin və əhatəli iş, formalaşdırdığı və uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu. Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır. Dövlətimiz bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə əhatəli sosial layihələr və proqramlar həyata keçirir. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı çox geniş sosial paket bir daha bunu göstərir. Müharibədən təzə çıxmış və ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkənin sosial sahəyə bu qədər vəsait ayırması, deməli, dövlətin sosial siyasəti, ilk növbədə, ölkənin iqtisadi gücünü əhalinin rifah yüksəlişinin təminatına yönəltməyə hesablanıb.”
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik
Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikirlərin xüsusilə böyük önəm kəsb etdir, çünki bu istiqamətdə atılmış və atılacaq addımların bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olduğunu qeyd edib: “İlk növbədə, birmənalı olaraq qeyd olunmalıdır ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Həm də bu hüquqlar eyni zamanda həm Azərbaycanın, həm də Ermənistanın qoşulmuş olduğu bütün beynəlxalq konvensiyalar tərəfindən tanınır. Lakin cənab Prezident cənab İlham Əliyevin söylədiyi kimi, Qarabağ problemi həll olunmamış Qərbi azərbaycanlıların hüquqlarından danışmaq tez idi. Belə ki, dövlət başçımızın hələ 2020-ci ildə dediyi sözlər – “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi bu gün artıq beynəlxalq səviyyədə müzakirələrə çıxarılmış Qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələdə bir daha özünün qabarıq şəkildə təsdiqini tapır. Hazırda bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqları əsasında görülən işlər vahid konsepsiya əsasında aparılır. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan dövləti bu hüququ təmin etmək üçün bütün lazım olan addımları atacaq.
Dövlətimizin başçısı keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndələri ilə keçirdiyi görüşdə demişdi ki, dövlətimiz bunu sülh yolu ilə etmək istəyir və buna nail olacaq. Bu məsələ ilə bağlı Prezident cənab İlham Əliyevin qeyd etdiyi çox maraqlı və eyni zamanda da önəmli məqamlardan biri də budur ki, Qərbi azərbaycanlıların deportasiyasından sonra onların boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Bu isə o deməkdir ki, gələcəkdə soydaşlarımızın öz əzəli dədə-baba yurdlarına dönərkən məskunlaşma ilə bağlı problem yaranmayacaq. Əlbəttə ki, bu ali məqsədə nail olmaq üçün vaxtilə Qarabağ mövzusu ətrafında olduğu kimi, Azərbaycan xalqı yenə də eyni yanaşmanı nümayiş etdirməli, vahid mövqedən çıxış etməlidir. Artıq təkcə xalqımız deyil, həm də bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan Prezidenti heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir. Buna görə də ən yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıdacaqları və tarixi ədalətin bərpa ediləcəyi artıq heç kəsdə şübhə doğurmur.”
Rafiq Məmmədov- Zərdab rayon Qoşaoba kənd sakini, təqaüddə olan dövlətqulluqçusu (Qərbi Azərbaycanlı)