Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq
Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq.
Azərbaycan Respublikası müstəqilliyinin ikinci yarısından sonra iqtisadiyyatın müxtəlif sahələrində çox ciddi uğurlar əldə etmişdir. Ölkəmiz iqtisadi göstəricilər üzrə bir çox nüfuzlu dövlətləri qabaqlamışdır. Azərbaycan xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.
Azərbaycan və Avropa ölkələri arasında energetika sahəsində əməkdaşlıq imkanları daim genişləndirilir. Azərbaycan hər zaman bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olmuş, bu sahədə çox ciddi addımlar atmışdır. Digər tərəfdən Azərbaycan zəngin neft-qaz yataqlarının istismarında, bu sahədən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yatırılmasında maraqlıdır. Bu sahədə bir sıra ciddi tədbirlər görülmüşdür. Azərbaycan Respublikası öz enerji təhlükəsizliyini tam təmin etmişdir. İndi Azərbaycan Avropaya enerji resurslarının ixracını təmin edən əsas fiqurlardan biridir. TAP və TANAP layihəsi üzrə görülən işlər bu gün Avropanın mavi yanacaqla təmin etmişdir.
Cənab Prezident İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə qeyd etmşdir ki, “Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”.
Gələcəkdə mavi yanacaq nəqlinin artırılması nəzərdə tutulmuşdur. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Avropa enerji bazarından çıxması Azərbaycanın enerji bazarında funksiyasını daha da artırmışdır.
Son zamanlar atılan addımlar Türkmənistan və Qazaxıstan enerji resurslarının Azərbaycan vasitəsilə Avropa enerji bazarlarına çıxmasına səbəb olmuşdur. Azərbaycan tək Avropanın enerji təhlükəsizliyində deyil, həm də İsrail, Türkiyə kimi dövlətlərin enerji təminatında mühüm əhəmiyyətə malikdir.
Son illər Azərbaycanda GES və KES-lərin yaradılması enerji ixracının artırılmasına xidmət edir. Azərbaycanın müəllifi olduğu enerji layihələri dünyanın yeni enerji xəritəsinin yaranmasına səbəb olmuşdur. Azərbaycan bu sahədə ən funksiyalı subyekt kimi çıxış etməkdədir.
Kəmalə Əliyeva – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin direktoru